5-Cİ HİSSƏ
Almaniyada “Milli Diabet Strategiyası” çərçivəsində proqramların icrasına dair illik hesabat məcburidir. Almaniyada diabet siyasətinə nəzarət “Federal Səhiyyə Nazirliyi”nin və “Robert Koch İnstitutu”nun birgə səlahiyyətinə daxildir. Burada diabet üzrə milli proqramların icrasına dair hər üç ildən bir ictimai hesabat hazırlanır və parlamentdə dinlənilir. Əgər proqramların icrasında pozuntu və ya gecikmə müəyyən olunarsa, məsul nazirlik və yerli səhiyyə idarələri inzibati məsuliyyət daşıyır - bu, həm vəzifəli şəxslər, həm də sığorta orqanları üçün cərimə mexanizmləri ilə tənzimlənir. Hər federal torpaq bu hesabatı hökumətə təqdim etməli, qeyri-icra halları isə inzibati məsuliyyət doğurur.
İsveçdə diabetlə bağlı dövlət strategiyası “National Diabetes Register” (Milli Diabet Reyestri) vasitəsilə həyata keçirilir. İsveçdə diabet üzrə dövlət proqramlarının effektivliyi müstəqil audit qurumları tərəfindən qiymətləndirilir. Burada hər bir xəstənin müalicə göstəriciləri və təminat vəziyyəti elektron qaydada izlənir. Əgər proqramın nəticələri normativ tələblərə cavab verməzsə, tibbi müəssisə reyestrə məlumat daxil etmirsə və ya pasiyentə vaxtında müalicə təyin olunmursa, məsul dövlət orqanına qarşı inzibati tədbirlər görülür - bu, dövlət müqaviləsinin ləğvinədək gedə bilər. Beləliklə, məsuliyyət mexanizmi həm şəffaflıq, həm də hesabatlılıq prinsipinə əsaslanır.
Yaponiyada isə 2013-cü ildən qüvvədə olan “Sağlamlıq üçün Strategiya” qanunu çərçivəsində diabet və piylənmə ilə mübarizə üzrə yerli icra hakimiyyətləri üçün ölçüləbilən hədəflər və hesabat öhdəlikləri müəyyənləşdirilib. Bu ölkədə məsuliyyət daha sərt hüquqi çərçivədə qurulub. Bu qanuna əsasən, yerli hökumətlər diabetin profilaktikası, erkən diaqnozu və dərman təminatı üzrə konkret nəticələr təqdim etməlidirlər. Əgər planlaşdırılan tədbirlər icra olunmursa, Səhiyyə Nazirliyi həmin bələdiyyə və ya prefekturaya qarşı intizam tədbirləri və maliyyə sanksiyaları tətbiq edə bilir.
Türkiyədə 2011-ci ildən qüvvədə olan “Diabetlə Mübarizə və Nəzarət Proqramı” çərçivəsində hər bir dövlət xəstəxanası diabet qeydiyyatı və dərman təminatı üzrə illik hesabat verməyə borcludur. Proqramın icra intizamı Səhiyyə Nazirliyi yanında İctimai Sağlamlıq Qurumu tərəfindən yoxlanılır.
Gürcüstanda 2020-ci ildən etibarən “Xroniki xəstəliklərin idarəolunması üzrə milli plan”da diabetlə bağlı göstəricilər yerli özünüidarəetmə orqanlarının fəaliyyət meyarları siyahısına daxil edilib. Yəni, bələdiyyələr belə bu sahədə hesabat verir.
Sinqapur dünyada diabetlə mübarizəni milli təhlükəsizlik və iqtisadi sabitlik məsələsi səviyyəsinə qaldıran nadir ölkələrdəndir. 2016-cı ildə hökumət “Diabetə qarşı müharibə” adlı genişmiqyaslı dövlət proqramını qəbul etmişdir. Bu proqramın məqsədi yalnız xəstəliyin müalicəsi deyil, həm də onun qarşısının alınması və erkən mərhələdə aşkarlanmasıdır.
Sinqapur Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda bu ölkədə 400000 çox insan diabetlə yaşayır, bu isə təxminən yetkin əhalinin 14 faizini təşkil edir. Proqnozlara əsasən, əgər profilaktik tədbirlər gücləndirilməsə, 2050-ci ildə bu göstərici 1 milyona çata bilər.
Dövlət bu tendensiyanı dəyişmək üçün üç əsas istiqamətdə hərəkət edir:
erkən diaqnostika: ölkənin 40 yaşdan yuxarı vətəndaşları üçün pulsuz şəkər testləri dövlət proqramına daxil edilib;
rəqəmsal səhiyyə və sığorta: diabet xəstələri üçün xüsusi mobil tətbiqlər və elektron izləmə sistemləri fəaliyyət göstərir. “Sağlamlıq Mərkəzi” platforması vasitəsilə xəstələr analiz nəticələrini və həkim məsləhətlərini real vaxt rejimində alırlar;
profilaktika və maarifləndirmə: məktəblərdə və iş yerlərində sağlam qidalanma kampaniyaları aparılır; “Daha Sağlam Seçim” markası adı altında az şəkərli məhsullar istehsalçılara vergi güzəştləri ilə təşviq olunur;
Maliyyə baxımından, Sinqapurda səhiyyə xərclərinin təxminən 15-17 faizi diabet və onun fəsadlarının qarşısının alınmasına yönəldilir. Dövlət “MediSave” adlı məcburi tibbi yığım sistemindən istifadə edir ki, bu da hər bir vətəndaşın gəlirinin müəyyən hissəsinin tibbi fonda toplanmasını təmin edir. Bu model həm dövlətin yükünü azaldır, həm də vətəndaşları öz sağlamlıqlarına görə məsuliyyət daşımağa sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı Sinqapur modelini “davamlı və maliyyə baxımından səmərəli səhiyyə idarəçiliyi nümunəsi” kimi qiymətləndirir. Mütəxəssislər hesab edirlər ki, bu yanaşma yalnız xəstəliyin azaldılmasına deyil, həm də dövlət büdcəsinə qənaət baxımından strateji əhəmiyyət daşıyır.
Sinqapurun sağlamlıq maliyyələşdirmə sistemi üç əsas sütuna söykənir: şəxsi yığımlar, dövlət xəstəlik sığortası və ehtiyac halında sosial təhlükəsizlik. Bu struktur həm böyük xərc riskini paylaşır, həm də vətəndaşları öz sağlamlıqlarına məsul etməyə sövq edir. Diabet məqamında bunların funksiyası belədir: xroniki xəstəliklərin ambulator müalicəsi üçün MediSave hesablarından, xüsusilə Xroniki Xəstəliklərin İdarə Edilməsi Proqramı çərçivəsində istifadə etmək mümkündür. Bu mexanizm xəstələrin gündəlik dərman və poliklinika səfərlərindən yaranan xərclərin bir hissəsini ödəməyə imkan verir.
Sinqapurda həm poliklinikalarda, həm də İcma Sağlamlığına Yardım Sxemi çərçivəsində fərdi ailə həkimlərində diabet müalicəsi üçün subsidiyalar mövcuddur. Healthier SG siyasəti isə Sağlamlıq Nazirliyi tərəfindən həyata keçirilən milli bir təşəbbüsdür və sağlamlığın qorunmasına, xroniki xəstəliklərin qarşısının alınmasına və aktiv həyat tərzini dəstəkləməyə yönəlmişdir. Siyasətin əsas məqsədi əhalini sağlamlıqlarını qorumaq üçün addımlar atmağa təşviq etmək, hər kəs üçün bir ailə həkimi müəyyən etmək və sağlamlıq planı yaratmaqdır. 40 yaş və yuxarı hər bir vətəndaşın iştirakı üçün pulsuz illik müayinələr, screeninglər və peyvəndlər təklif olunur.
Xroniki Xəstəliklərin İdarə Edilməsi Proqramı çərçivəsində diabet və əlaqəli xəstəliklər üçün MediSave-dən ödəniş etmək, həmçinin müəyyən məbləğdə nağd ödəniş tələb olunur. Bu proqram 23 xroniki xəstəliyi əhatə edir. Qeydiyyatdan keçən xəstələr poliklinikalarda subsidiyalardan yararlana bilər, bu da onların aylıq ambulator xərclərini azaldır və davamlı baxımı təşviq edir.
Sinqapurda diabet yalnız xəstəlik kimi deyil, həyat tərzinin göstəricisi kimi qəbul olunur. Bu ölkədə dövlət sadəcə xəstəni müalicə etmir - onu düşünməyə, öz sağlamlığına cavabdeh olmağa məcbur edir. Hər bir vətəndaşın tibbi xərcləri şəffaf, hesabatlı “MediSave” adlı şəxsi hesabda toplanır. Dövlət, sığorta fondu və vətəndaş üçbucaq şəklində məsuliyyət daşıyır: kimisi ödəyir, kimisi nəzarət edir, kimisi də sağlam yaşamağa çalışır.
Həkim vətəndaşın dostu olmaqla yanaşı, həm də tərəfdaşdır. O, xəstəyə yalnız müalicə tövsiyə etmir, həyat tərzini dəyişməyi öyrədir. Hər diabet xəstəsi elektron sistemdə qeydiyyatdadır və bu sistem onun həyat ritmini - qidalanma, fiziki aktivlik, şəkər səviyyəsini - real vaxtda izləyir. Hətta dövlətin “Diabetə qarşı müharibə” adlı milli proqramı var və bu, sırf tibb sahəsinin deyil, bütövlükdə cəmiyyətin məsuliyyət proqramıdır.
Sinqapurun səhiyyə sistemi diabetlə mübarizədə nümunə göstərir: burada yalnız xəstələrin müalicəsi deyil, xəstəliyin qarşısının alınması, əhalinin maarifləndirilməsi və profilaktik tədbirlər əsas prioritetdir. Dövlət səviyyəsində rəqəmsal səhiyyə platformaları, geniş laborator imkanları və sığorta sistemi ilə hər bir vətəndaşın sağlamlıq vəziyyəti izlənir. Azərbaycanda isə xəstəliyin erkən aşkarlanması, profilaktik tədbirlər və rəqəmsal monitorinq hələ kifayət qədər sistemləşdirilməyib, maliyyə resursları da hələ Sinqapur səviyyəsində deyil. Sinqapurun səhiyyə sistemi diabetlə mübarizədə dünya üzrə nümunə göstərir. Sinqapur təcrübəsi göstərir ki, diabetlə mübarizə yalnız müalicədən ibarət olmamalıdır - səhiyyəyə strateji yanaşma, xəstəliyin qarşısını almaq, əhalini maarifləndirmək, profilaktik tədbirlərə investisiya qoymaq uzunmüddətli perspektivdə həm xəstəliyin yayılmasını azaldır, həm də həyat keyfiyyətini yüksəldir. Azərbaycan üçün dərs budur: hər xəstə üçün deyil, hər vətəndaş üçün sağlam gələcək düşünmək lazımdır. Dövlət, tibbi sığorta, maarifləndirmə və regionlarda laborator imkanların gücləndirilməsi birləşsə, şəkərli diabetlə mübarizədə həm həyat keyfiyyəti yüksələr, həm də büdcə xərcləri uzunmüddətli perspektivdə azalar. Sadəcə müalicə etmək kifayət deyil - məqsəd xəstəliyi başlamazdan qabaq dayandırmaqdır.
Sinqapurun təcrübəsi bir şeyi sübut edir: şəffaflıq, nəzarət və vicdanın birləşdiyi yerdə nə xəstəlik, nə də bürokratiya kök sala bilmir. Bu ölkədə sığorta sistemi yalnız maliyyə deyil, mənəvi mexanizmdir - insan bilir ki, sağlamlığına laqeyd qalarsa, yalnız özünü deyil, dövlətini də yük altına salır. Azərbaycan üçün bu model həm praktiki, həm də mənəvi dərs ola bilər - çünki hər bir vətəndaşın sağlamlığı əslində dövlətin sağlamlığının güzgüsüdür.
Bu təcrübə göstərir ki, qanunun icrası yalnız normativ aktla deyil, konkret məsuliyyət mexanizmləri ilə möhkəmlənəndə real nəticələr əldə olunur, məsuliyyətin hüquqi və institusional səviyyədə müəyyən edilməsi qanunun icrasını gücləndirir, hesabatlılığı artırır və nəticədə dövlətin sosial öhdəliklərinin real yerinə yetirilməsini təmin edir. Belə yanaşma həm də xəstələrin hüquqlarını qoruyur və səhiyyə sisteminə ictimai etimadı möhkəmləndirir.
Bu nümunələr açıq şəkildə göstərir ki, diabetlə mübarizə yalnız tibbi deyil, həm də hüquqi və idarəetmə məsuliyyəti tələb edən sahədir. Belə bir model Azərbaycanda da tətbiq olunsa, həm qanunun icrası təmin olunar, həm də dövlət proqramlarının səmərəliliyi əhəmiyyətli dərəcədə artar.
Beləliklə, diabetlə mübarizədə hüquqi və idarəetmə mexanizmlərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış etməlidir. Bu məqamda artıq məsələnin maliyyələşmə və praktiki icra tərəfinə - yəni dövlət proqramlarının maddi bazasına diqqət yetirmək vacib olur.
Nəticə etibarilə, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun inzibati məsuliyyət mexanizmləri ilə tamamlanması, yalnız normativ boşluğun aradan qaldırılması deyil, həm də diabetlə mübarizədə müqəddimə xarakterli yeni mərhələnin başlanğıcı ola bilər.
Diabet üzrə məsuliyyət mexanizmlərinin yaradılması cəza məqsədi daşımır, əksinə, dövlətin sosial məsuliyyətinin hüquqi təminatı kimi çıxış etməklə yanaşı xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

