3-CÜ HİSSƏ
Pandemiyanın yayılması kontekstində şəkərli diabet və koronovirusun təhlükəli birləşmə olduğunu xatırlamaq lazımdır. Diabetli xəstələr COVİD-19-a yoluxduqları təqdirdə ciddi fəsadların inkişaf riski əhəmiyyətli dərəcədə yüksəkdir.
Klinik müşahidələr koronavirus və diabetin qarşılıqlı təsirini ortaya çıxarmışdır. Şəkərli diabetin mövcud olması COVİD-19 xəstələrində ölümə qədər ciddi ağırlaşma riskinin artması deməkdir. Statistika göstərir ki, koronavirusdan ölənlərin 20-30 faizi şəkərli diabetdən əziyyət çəkirdi.
Pandemiya dövrü bəşəriyyətə mühüm bir həqiqəti xatırlatdı: xroniki xəstəliklər, xüsusilə diabet, yalnız fərdi sağlamlıq problemi deyil - ictimai təhlükəsizlik məsələsidir. Pandemiya infeksiyası zamanı aparılan çoxsaylı tədqiqatlar göstərdi ki, diabetli xəstələrdə ölüm və ağırlaşma riski 3-5 dəfə yüksək olub. Bunun əsas səbəbləri arasında immun sisteminin zəifləməsi, qanda yüksək qlükoza səviyyəsinin bərpa prosesini ləngitməsi və orqanizmdə iltihabi reaksiyaların daha güclü keçməsi dayanır.
Bu faktlar bir daha sübut etdi ki, diabetin profilaktikası və daimi nəzarətdə saxlanılması təkcə tibbi məsələ deyil, həm də dövlət səviyyəsində strateji prioritet olmalıdır. Çünki fövqəladə hallarda - istər pandemiya, istər təbii fəlakət, istərsə də iqtisadi böhran şəraitində - məhz bu xəstələr ən çox zərbə alan təbəqəyə çevrilirlər.
COVİD-19 təcrübəsi göstərdi ki, vaxtında aşkarlanmış, mütəmadi nəzarətdə olan diabet xəstələri infeksiyanı xeyli daha yüngül keçiriblər. Bu isə səhiyyə sisteminin davamlılığı və profilaktik tədbirlərin əhəmiyyətini bir daha ortaya qoydu.
2030-cu ilə qədər diabetin bütün dünyada ölümün ilk on səbəbi arasında yer alacağı proqnozlaşdırılır.
Statistik məlumata görə son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı dayanmadan artır və artmaqda davam edir. Beynəlxalq Diabet Federasiyasının (IDF) 2024-cü il “Diabetes Atlas” hesabatından görünür ki, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər təşkil edirdisə, 2021-ci ildə 537 milyon, 2024-cü ildə isə bu rəqəm (20-79 yaş aralığında) 589 milyon təşkil etmişdir. Statistikadan da məlum olur ki, bu 3 ildə xeyli artım müşahidə olunur. Federasiyanın hesablamalarına görə, bu tendensiya dayandırılmasa, 2030-cu ilə qədər dünyada bu insanların sayının təxminən 640 milyon nəfərə (halbuki BMT Baş Assambleyasının şəkərli diabet probleminə dair 2006-cı il 20 dekabr tarixli 61/225 nömrəli Qətnaməsində 2030-cu ilə qədər diabet xəstələrinin sayının 1,5 dəfə artaraq 380 milyon nəfərə çatacağı proqnozlaşdırılırdı), 2040-cı ilə qədər 642 milyon nəfərə, 2045-ci ilə qədər isə 780 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Bu artım dinamikası əhali sayının, eyni zamanda yaşlı əhalinin artması, həm də qida vərdişlərinin və həyat tərzinin dəyişməsi ilə əlaqələndirilir. Vəziyyət fəlakətə yaxındır.
2021-ci ildə diabet dünyada 1,6 milyon insanın ölümünün birbaşa səbəbi olub ki, bunların 47 faizi 70 yaşa qədər olub. Xəstələrin təxminən 95 faizi II tip diabetdən əziyyət çəkir. Ürək-damar xəstəlikləri, xüsusən də ölümlərin 50 faizdən çoxunu təşkil edən II tip diabet ölümün əsas səbəbidir. Diabet xəstələrinin təxminən 50 faizi lazımi müalicə ala bilmir, xüsusən aşağı və orta gəlirli ölkələrdə.
Statistik məlumatlar onu deməyə əsas verir ki, təəssüf ki, Azərbaycanda da şəkərli diabet xəstələrinin sayının artması müşahidə olunur. Bu məlumatlar göstərir ki, Azərbaycanda da şəkərli diabet xəstələrinin sayı ildən-ilə artır. Rəsmi məlumatlara əsasən, hər il on minlərlə yeni şəkərli diabet halı qeydə alınır. Təkcə 2024-cü ildə ölkədə 33533 şəxsə ilk dəfə diabet diaqnozu qoyulmuşdur. 2023-cü ildə bu rəqəm 30500 nəfər idi və bir il ərzində 3033 nəfərlik artım müşahidə olunur. Mütəxəssislər bu dinamikanı əhalinin yaşlanması, qeyri-sağlam qidalanma, fiziki aktivliyin azalması və erkən diaqnoz imkanlarının məhdudluğu ilə izah edirlər.
Müalicə-profilaktika müəssisələrinin məlumatına əsasən, 2019-cu ildə qeydiyyatda təxminən 265.000 diabet xəstəsi var idi. Sonrakı illərdə bu rəqəm dinamik artım göstərərək 2023-cü ildə 385.179 nəfər olmuşdursa, artıq 2024-cü ildə şəkər xəstələrinin sayı 423.523 nəfərə çatmışdır. İki il ərzində artım 38344 nəfər təşkil edir. Əgər 2024-cü ildə 33533 yeni xəstə aşkar edilmişsə (mənbə: “Azərbaycan” qəzetinin 2025-ci il 14 noyabr tarixli, 242 (9987) saylı “Şirin mərəzin fəsadları” məqaləsi), 2023–2024-cü illərin statistikasında 4811 nəfərlik uyğunsuzluq yaranır ki, bu da Dövlət Statistika Komitəsinin məlumatlarının etibarlılığı barədə suallar doğurur.
Respublika Endokrinoloji Mərkəzin saytında verilən məlumatdan bəlli olur ki, 2025-ci il Beynəlxalq Diabet Federasiyasına əsasən Azərbaycanda 700.000 insan şəkərli diabetdən əziyyət çəkir ki, bu da yaxın illərdə diabet xəstələrinin rəsmi qeydiyyat sayında ciddi artım olacağını göstərir.
Dünyada diabetə ən çox Çin, Hindistan, Pakistan, ABŞ və İndoneziya kimi ölkələrdə rast gəlinir. 2024-cü il məlumatlarına görə, Çində təxminən 174 milyon insan diabetdən əziyyət çəkir ki, bu da ölkə əhalisinin 10,6 faizini təşkil edir. Burada qeyd olunan 10,6 faiz göstəricisi prevalans adlanır, yəni ölkə əhalisinin neçə faizinin diabet xəstəsi olduğunu göstərir. Hindistanda diabetli insanların sayı təxminən 125 milyon, prevalans isə 9,6 faizdir. Pakistan əhalisinin 8,9 faizi, yəni 62 milyon nəfər diabet xəstəsidir. ABŞ-da bu göstəricilər 36 milyon nəfər və 10,7 faiz, İndoneziyada isə 29 milyon nəfər, 10,6 faiz səviyyəsindədir.
2024-cü il məlumatlarına əsasən, diabet nəticəsində ən çox ölüm halları Çin, Hindistan, Pakistan, ABŞ və İndoneziyada qeydə alınmışdır. Çin bu göstəriciyə görə ilk yerdədir - ölkədə təxminən 1,4 milyon insan diabetdən dünyasını dəyişmişdir. Ardınca ABŞ (0,7 milyon), Hindistan (0,6 milyon), Pakistan (0,4 milyon) və İndoneziya (0,2 milyon) gəlir. Mütəxəssislər bu yüksək göstəriciləri həmin ölkələrdə xəstəliyin geniş yayılması və müalicə imkanlarının bərabər paylanmaması ilə əlaqələndirirlər.
Ümumi ölüm göstəricilərində diabetin payına görə isə Pakistan, Sinqapur, İsrail, Barbados və İtaliya ilk sıralarda yer alır. Bu ölkələrdə diabetdən ölüm hallarının ümumi ölüm hallarına nisbəti 25–29 faiz aralığındadır. Xüsusilə, 60 yaşdan aşağı şəxslər arasında ölüm nisbətləri narahatedici dərəcədə yüksəkdir: Pakistanda 35,5 faiz, Sinqapurda 31,4 faiz, Bruneydə 31,3 faiz, Kiribatidə isə 30,4 faiz. Bu faktlar, diabetin yalnız yaşlı nəsil üçün deyil, həm də əmək qabiliyyətli əhali üçün ciddi təhlükə yaratdığını göstərir.
Diabetdən ölümlərin 80 faizdən çoxu aşağı gəlirli ölkələrdə baş verir. 2000-2019-cu illərdə diabetdən ölüm sayı 3 faiz, aşağı və orta gəlirli ölkələrdə isə 13 faiz artmışdır. 2019-cu ildə təxminən 2 milyon insan diabet və onun fəsadları səbəbindən həyatını itirmişdir. Bu xəstəlik hazırda ölüm göstəricilərinə görə ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yerdədir.
Aşağı və orta gəlirli ölkələrdə şəkərli diabetin yayılması yüksək gəlirli ölkələrlə müqayisədə daha sürətlə artır. Marşall adalarında əhalinin 30,5 faizi, Kiribatidə 22 faizi, Sudanda və Tuvaluda isə 22,1 faizi diabetlə yaşayır.
2022-ci il may ayının sonunda Nyu-York Dövlət Universitetinin Stoni Brookdakı tədqiqatçıları müəyyən etmişlər ki, normal beyin qocalması II tip diabetli insanlarda xəstəliyi olmayanlara nisbətən təxminən 26 faiz sürətlə inkişaf edir. Bu fakt diabetin uzunmüddətli təsirlərinin nə qədər ciddi olduğunu göstərir.
Şəkərli diabet bütün bəşəriyyət üçün qlobal problemdir və onun həlli yalnız birgə səylərlə mümkündür. Erkən diaqnostikanın təkmilləşdirilməsi, müasir müalicəyə əlçatanlığın artırılması və əhalinin maarifləndirilməsi xüsusi aktuallıq kəsb edir.
II tip şəkərli diabet xəstəsi uzun illər sağlamlıq problemi olmadan da yaşaya bilər. Özü-özlüyündə şəkərli diabet insan həyatı üçün təhlükə yaratmır. Onun fəsadları və nəticələri təhlükəlidir. Şəkərli diabet xəstələrində xroniki böyrək çatışmazlığının inkişafı ilə müşayiət olunan nefropatiya, retinopatiya - gözlərin damarlarının zədələnməsi kimi ağırlaşmalar, təkcə görmənin azalmasına deyil, həm də korluğa səbəb olur. Buna görə də, 40 yaşdan yuxarı bədən kütləsi indeksi yüksək olan hər kəsə mütəmadi şəkər analizləri tövsiyə edilir.
Əbu Əli ibn Sina (Avisenna) vaxtı ilə qeyd etmişdir ki, “İnsanın şəfası xeyirxahlığın və mərhəmətin ən yüksək təzahürüdür”. Bu prinsip dövlətin diqqət və qayğı siyasətinin hüquqi əsasını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsi hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnu təmin edir və dövlətin bu sahədə zəruri tədbirlər görməsini nəzərdə tutur.
Bu müddəalar digər qanunvericilik aktlarında da öz əksini tapmışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinə görə, vətəndaşların sağlamlığını qorumaq hüququ vardır. Qanunun 14-cü maddəsi dərman təminatının qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsini nəzərdə tutur.
“Səhiyyə Nazirliyi haqqında” Əsasnaməyə uyğun olaraq Nazirliyin (hazırda TƏBİB-in) vəzifələrindən biri əhaliyə tibbi yardımın təşkilini təkmilləşdirməkdir. Göründüyü kimi, sağlamlığın qorunması üçün kifayət qədər hüquqi baza mövcuddur.
Milli Məclis 23 dekabr 2003-cü ildə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunu qəbul etmişdir. Bu qanun diabet xəstələrinə dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 3.0.1-ci maddəsi diabet üzrə Dövlət Proqramının hazırlanmasını, 3.0.2-ci maddəsi isə tibbi yardımın həcmi və keyfiyyət standartlarının təsdiqini nəzərdə tutur.
Preambulasında da qeyd edildiyi kimi bu qanun Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Qanunun 3.0.1-ci maddəsi şəkərli diabet üzrə Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsini nəzərdə tutur, 3.0.2-ci maddəyə əsasən isə beynəlxalq tələblərə uyğun olaraq dövlət şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstəriləcək tibbi yardımın həcmi və keyfiyyət standartlarının təsdiq edilməsinə təminat verir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixində təsdiq etdiyi “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”na əsasən onun məqsədi şəkərli diabet xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.
Təəssüf ki, bu geniş məzmunlu tədbirə demək olar ki, TƏBİB-in yerlərdəki tibb müəssisələrində bu sahədə ciddi boşluqlar mövcuddur və bu çatışmazlıqları müvafiq qurumların məlumatsızlığı ilə izah etmək düzgün olmazdı.
“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarına əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müəyyən edilmişdir.

