2-Cİ HİSSƏ
Diabetin yaranması müxtəlif amillərin birləşməsi nəticəsində baş verir. I tip diabet adətən autoimmun proseslərin nəticəsi olaraq inkişaf edir; immun sistemi mədəaltı vəzidə insulin ifraz edən beta hüceyrələrini zədələyir və bu proses irsi meyl ilə birləşir. II tip diabet isə genetik meyl ilə piylənmə, qeyri-sağlam qidalanma, stress və hərəkətsiz həyat tərzinin birgə təsirindən yaranır. Piylənmə, qeyri-sağlam qidalanma, stress və hərəkətsiz həyat tərzi II tip diabetin əsas risk amillərindəndir.

Yaş və cinsiyyət də xəstəliyin inkişafında rol oynayır: I tip diabet daha çox uşaq və yeniyetmələrdə, II tip isə 40 yaşdan sonra müşahidə edilir. Hazırda diabet xəstələrinin böyük əksəriyyəti 40–59 yaş aralığında olan şəxslərdir. Qeyd olunmalıdır ki, Azərbaycanda diaqnoz qoyulmamış diabet hallarının da əhəmiyyətli payı mövcuddur - yəni bir çox insan xəstə olduğunu bilmədən yaşayır. Bu da, öz növbəsində xəstəliyin gec mərhələdə aşkarlanmasına və ağır fəsadların yaranmasına səbəb olur.
Hamiləlik dövründə artan insulin müqaviməti bəzi qadınlarda hestasion diabetə səbəb olur. Yüksək qan təzyiqi, lipid pozğunluqları və xroniki pankreatit də əlavə risklər yaradır. Buna görə, xüsusilə risk qrupuna daxil olan şəxslərin qan şəkəri səviyyəsini mütəmadi yoxlatması tövsiyə olunur.
Yerli araşdırmalar göstərir ki, Azərbaycanda piylənmə və qeyri-sağlam qidalanma əsas risk faktorlarından biridir, əhalinin artan orta yaşı və şəhər həyat tərzi isə II tip diabetin yayılmasını sürətləndirir. Qeyd etmək lazımdır ki, bu faktorlar bir-biri ilə qarşılıqlı təsirdə olur və genetik meyl ilə qeyri-sağlam həyat tərzi birlikdə II tip diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə yüksəldir.
Diabet insanlara əsrlərdir tanış olan xəstəliklərdən biridir. Şəkərli diabet qədim zamanlardan məlumdur. Bəşəriyyət diabet haqqında 3,5 min ildir ki, məlumatlıdır. Latın dilindən tərcümədə “diabet” bal kimi şirin mənasını verir. Bu xəstəliyi təsvir edən ilk traktat qədim misirlilərin tibbi ensiklopediyası olan Misir papirusu Ebers təxminən eramızdan əvvəl 1500-cü ilə aiddir. Bu papiruslarda şəkərli diabetin simptomlarına bənzər hallar təsvir olunmuşdur - xüsusilə də sidiyin həddindən artıq və şirin olması. Hindistan və Çin mənbələrində də oxşar müşahidələrə rast gəlinir. Qədim hind və çin həkimləri xəstənin sidiyinə yığışan qarışqaları müşahidə edərək bu halı “şirin sidik xəstəliyi” kimi qeyd etmişdilər. Qədim Misirdə bu xəstəlik “sidikdə bal kimi şirinlik” kimi təsvir edilirdi.
Qədim Yunanıstanın və Romanın məşhur həkimləri bu sirli xəstəlik haqqında yorulmadan düşünürdülər. Qədim yunan həkimi Aretey Kapadokiyalı (təxminən e.ə. II əsr) bu xəstəliyə “diabetes” adını qoymuşdur - yunanca bədəndə mayelərin axaraq itməsini ifadə etmişdi. Lakin o dövrdə xəstəliyin əsl səbəbi - yəni insulin çatışmazlığı - hələ məlum deyildi.
Orta əsrlərdə İslam dünyasının böyük alimləri bu xəstəliyin müşahidə və təsvirində mühüm addımlar atmışdılar. Məsələn, İbn Sina (“Əl-Qanun fit-tibb”) əsərində diabeti “bədəndə nəmliyin pozulması” və “sidikdə şirin dadın olması” ilə əlaqələndirmiş, həmçinin pəhriz və bitki mənşəli müalicə üsullarını tövsiyə etmişdi.
Bu yanaşmalar Avropa tibbinə də təsir göstərmişdir.
II əsrin ikinci yarısının Roma platonist filosofu, xristianlığın ən məşhur qədim tənqidçilərindən biri, İmperator Mark Avrelinin dostu alim Selsus diabetin baş verməsində həzm pozğunluğunun günahkar olduğunu iddia edirdi. O, ən çox 177-179-cu illərdə yazılmış və erkən xristianlığa qarşı yönəlmiş “Həqiqi söz” əsəri ilə tanınır. Dahi Hippokrat isə xəstənin sidiyindən dadaraq, eləcə də diabetin klinik əlamətlərini müşahidə etməklə ona diaqnoz qoyurdu (həddindən artıq susuzluq, tez-tez sidiyə getmə və iştahanın artması). Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, qədim çinlilər də bilirdilər ki, diabetdə xəstənin sidiyi şirin olur. Onlar hətta milçəklərdən istifadə edərək orijinal diaqnostik üsul tapmışdılar. Əgər milçəklər sidiyi olan nəlbəkidə oturarsa, deməli sidik şirindir, pasiyent isə xəstədir. Beləliklə, diabet yalnız tibbi problem deyil, həm də tarixi, sosial və iqtisadi aspektləri olan kompleks fenomendir.
1776-cı ildə ingilis həkimi Metyu Dobson bu xəstəliklə bağlı araşdırma apararkən xəstənin sidiyində şəkər aşkar etmişdir və bu xəstəlik müasir adını almışdır. Daha sonra, Almaniyalı həkim Cozef fon Merinq 1889-cu ildə Strasburq Universitetində işləyərkən fizioloq Oskar Minkovski ilə birlikdə mədəaltı vəzin funksiyalarından birinin qan şəkərinin səviyyəsinə nəzarət edən hormon olan insulinin istehsalı olduğunu kəşf edən ilk şəxs olmuşdur. Onlar eksperimental olaraq sübut etmişdilər ki, mədəaltı vəzi çıxarıldıqda itdə şəkərli diabet yaranır. 1900-cü ildə rus patoloqu Leonid Sobolev uzun araşdırmalardan sonra sübut etmişdir ki, mədəaltı vəzidəki kiçik hüceyrə qrupları antidiabetik maddə istehsal edir. 1916-cı ildə ingilis fizioloqu Edvard Şarpey-Şafer bu hipotetik maddəyə “insulin” adını vermişdir.
Yeni dövrdə, xüsusən XVIII–XIX əsrlərdə Avropa həkimləri diabetin bədəndə qlükozanın parçalanması ilə bağlı olduğunu anlamağa başladılar. İnsulin o vaxt heç kimə məlum olmayan tələbə Paul Langerhans tərəfindən 1869-cu ildə mədəaltı vəzi öyrənərkən təsadüfən kəşf edilmişdir və əvvəlcə diabetin müalicəsi üçün bir vasitə deyildi. O, mədəaltı vəzidə xüsusi hüceyrə qruplarını (sonradan onun şərəfinə “Langerhans adacıqları” adlanır) qanda qlükozanı lazımi şəkildə parçalayan fermentin əmələ gəldiyi toxumaları müəyyən etmişdir, lakin o zaman bu hüceyrələrin rolu hələ məlum deyildi.
Bu xəstəliyə qarşı mübarizədə bütün ölkələrin səylərinin birləşdirilməsinin aktuallığı BMT Baş Assambleyasının şəkərli diabet probleminə dair 2006-cı il 20 dekabr tarixli 61/225 nömrəli Qətnaməsində təsbit edilmişdir. Bu sənəddə şəkərli diabetin təkcə insanların rifahı üçün deyil, həm də ölkələrin sosial-iqtisadi inkişafı üçün ciddi təhlükə olduğu bildirilir. Qətnamədə qeyd edilirdi ki, 20 il əvvəl, yəni 1986-cı ildə diabet xəstələrinin sayı 30 milyonu keçmirdi. Artıq 2006-cı ildə dünyada 246 milyon diabet xəstəsi var. Bu xəstəliyin artım tempini nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri 2030-cu ilə qədər diabet xəstələrinin sayının 1,5 dəfə artaraq 380 milyon nəfərə çatacağını proqnozlaşdırırdılar. Beynəlxalq Diabet Federasiyasının (IDF) məlumatına görə, dünyada hər gün 200 uşaqda II tip diabet inkişaf edir ki, bu da piylənmə, həddindən artıq yemək və oturaq həyat tərzi ilə əlaqələndirilir. Məlumdur ki, uşaq yaşlarında inkişaf edən diabet insanın orta ömür müddətini 10-20 il azaldır.

Qətnamədə qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 10 saniyədə bir diabet xəstəsi ölür və hər il 4 milyondan çox xəstə dünyasını dəyişir. Hər il 1 milyondan çox aşağı ətraf amputasiyası həyata keçirilir, 300.000-dən çox xəstə görmə qabiliyyətini tamamilə itirir və təxminən 500.000 xəstədə xroniki böyrək çatışmazlığı inkişaf edir ki, bu da bahalı hemodializ müalicəsi və böyrək köçürməsini tələb edir.
Hər il noyabrın 14-də Ümumdünya Diabet Günü qeyd olunur. Onun məqsədi diabet haqqında qlobal məlumatlılığı artırmaqdan - dünyada artan insidentlər və diabetin qarşısının alınmasından ibarətdir. BMT Baş Assambleyasının şəkərli diabet probleminə dair məlum Qətnaməsində Birləşmiş Millətlər Təşkilatının himayəsi altında 14 noyabrı Ümumdünya Diabet Günü kimi təyin etmək və 2007-ci ildən başlayaraq bu günü hər il qeyd etmək qərara alınmışdır. Əslində bu tarix təsadüfən seçilməyib - kanadalı həkim və fizioloq Frederik Bantinq bu gün anadan olmuşdur. O, Con Makleod və Çarlz Bestlə birlikdə insulini kəşf etmiş, iki fərqli tip diabetin mövcudluğunu fərqləndirməyə başlamış, onu öz üzərlərində sınaqdan keçirmişlər və buna görə 1923-cü ildə Nobel mükafatına layiq görülmüşlər. Onlar patenti bir dollara Toronto Universitetinə satmışdılar və nəticədə dünyada bütün diabet xəstələri bu təhlükəli bəladan xilas olmuşlar.

Diabetin tibbi təsviri qədim misir papiruslarından başlayaraq Yunan, Çin və Hind mənbələrində öz əksini tapsa da, Azərbaycan və Qafqaz regionunda bu xəstəliyin sistemli tədqiqi XIX-XX əsrlərə təsadüf edir.
1930-1950-ci illərdə Bakı, Gəncə və Naxçıvan şəhərlərində fəaliyyət göstərən klinikalarda ilk endokrinoloji şöbələr yaradıldı. Eyni zamanda, SSRİ-nin Tibb Elmləri Akademiyasının tövsiyələri əsasında Azərbaycanda da insulinlə müalicə və pəhriz terapiyası üzrə standartlar tətbiq edildi.
Sovet dövründə həkimlər daha çox I tip diabetin uşaq və yeniyetmələrdə rast gəldiyini müşahidə edirdilər. Müalicə əsasən insulin inyeksiyaları və pəhriz tənzimləməsi üzərində qurulurdu. Regionda laborator tədqiqatlar, qan şəkərinin ölçülməsi və xəstəliyin simptomlarının qeydə alınması praktikası genişlənirdi. 1960-1970-ci illərdə artıq Azərbaycanda endokrinologiya üzrə kadr hazırlığı gücləndirildi - Azərbaycan Tibb İnstitutunun müvafiq kafedralarında diabet üzrə ixtisaslaşmış həkim-endokrinoloqlar yetişdirilməyə başlandı.
1964-cü ildə Bakı şəhərində Respublika Endokrinoloji Dispanseri fəaliyyətə başladı və bu müəssisə uzun illər ərzində diabet və digər endokrin xəstəliklərin mərkəzləşdirilmiş qeydiyyatını aparan əsas elmi-praktik baza rolunu oynadı. 1980-ci illərdə respublikada endokrinoloji dispanser şəbəkəsinin formalaşması və regionlarda müvafiq kabinetlərin açılması prosesi başlandı.
Həmin dövrdə diabet xəstələrinin müntəzəm qeydiyyatı, insulin təminatı və pəhriz nəzarəti sistemləşdirildi, yerli tibb müəssisələrində laborator diaqnostika imkanları genişləndirildi.
1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə əlaqədar olaraq, səhiyyə sistemində inzibati və maddi çətinliklər yarandı. Bu, diabet xəstələrinin qeydiyyatına və insulin təminatına da təsirsiz ötüşmədi. Lakin 1990-cı illərin ortalarından etibarən müstəqil Azərbaycan dövləti diabetlə mübarizəni prioritet sahələrdən biri kimi müəyyənləşdirdi.
2000-ci illərdən etibarən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun milli protokollar hazırlanmağa, insulin və qlükoza monitorinq sistemləri yenilənməyə başladı.
2010-cu ildən etibarən ölkədə elektron qeydiyyat sisteminin tətbiqi, regionlarda endokrinoloji mərkəzlərin yaradılması, dövlət hesabına insulin təminatının genişləndirilməsi bu istiqamətdə əsas mərhələlərdən oldu. Çox vaxt xəstəliyin ilk əlamətlərinin başlanmasından diaqnozun qoyulmasına qədər illər çəkə bilər. Amma xəstəlik uzun müddət sakit gedə bilər, diaqnoz gec qoyulduqda isə daxili orqanlara ciddi ziyan verir, korluğa, qan dövranı problemlərinə və hətta qan laxtalanmasının əmələ gəlməsinə görə ətraflarda atrofiya və qanqrenaya (amputasiyaya) səbəb ola bilər. Buna görə də məkrli xəstəliyə “səssiz qatil” də deyirlər.

Orta əsrlərdə və 19-cu əsrə qədər həkimlər xəstənin əziyyətini uzatmamaq üçün ən ağır hallarda belə onun ölü əzalarını amputasiya etməyi öhdələrinə götürmürdülər.
Bu lokal kontekst tarixi göstərir ki, diabet Azərbaycanda da qədim zamanlardan diqqət mərkəzində olmuş, lakin onun sistemli müalicəsi və elmi tədqiqi sovet dövrü və müasir dövrə təsadüf edir.
Müstəqillik dövründən sonra Azərbaycanda diabetin diaqnostikası və müalicəsi beynəlxalq standartlara uyğunlaşdırıldı. Bu dövrdə qlükoza monitorinqi, insulinin müxtəlif formaları və yeni dərman preparatları xəstəlik idarəsində tətbiq edilməyə başlandı. Dövlət səviyyəsində qəbul edilən “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” xəstələrin qeydiyyatını, dərman təminatını və maarifləndirmə işlərini sistemli hala gətirdi. Bu inkişaf xəstəliyin idarə olunmasında keyfiyyət dəyişikliyinə səbəb oldu və Azərbaycan endokrinologiyasının beynəlxalq səviyyədə tanınmasına təkan verdi. Eyni zamanda, region ölkələrində də (Gürcüstan, Ermənistan, Türkiyə, İran) müasir tibbi yanaşmalar inkişaf etdirildi və bu, statistik məlumatların müqayisəsinə imkan yaratdı. Mütəxəssislər respublika daxilində, eləcə də Türkiyədə, Rusiyada və digər xarici ölkələrdə müvafiq kurslar keçmişlər.
Bu gün insulin praktiki olaraq diabet xəstəsinə onu müalicə etməyə deyil, xəstəliyi unutmağa imkan verir.
