hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
6-CI HİSSƏ
Mövcud araşdırma elmi-tədqiqat xarakteri daşıdığından aidiyyəti dövlət qurumlarına - Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Elm və Təhsil Nazirliyinə, Dövlət Statistika Komitəsinə və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi Baş İdarəsinə rəsmi sorğular göndərilmişdir. Sorğularda ölkə üzrə sürücülük kurslarının sayı, lisenziyalaşdırılması (burada sürücülük kurslarının sayı, fəaliyyətə icazə verilməsi və nəzarət mexanizmləri nəzərdə tutulur, bu sürücülük kurslarının hüquqi icazəsidir, mərhələli sistemlə əlaqəsi yoxdur), faktiki fəaliyyəti, bağlanmış kurslar və tədrisə nəzarət mexanizmləri ilə bağlı məlumatların təqdim edilməsi xahiş olunmuşdur.
Təəssüf ki, bu qurumların əksəriyyətindən sorğulara cavab almaq mümkün olmamışdır. Yalnız Dövlət Vergi Xidməti və Dövlət Statistika Komitəsindən rəsmi cavablar daxil olmuşdur.
Dövlət Vergi Xidmətinin məlumatına görə, “Sürücü hazırlayan məktəblərin fəaliyyəti” iqtisadi fəaliyyət növü üzrə 2025-ci ilin sonuna 139 vergi ödəyicisi qeydiyyatda olmuş, son üç il ərzində isə 55 subyektin fəaliyyəti dayandırılmışdır. Dövlət Statistika Komitəsi isə rəsmi qaydada bu sahə üzrə ayrıca statistik müşahidənin aparılmadığını bildirmişdir.
Beləliklə, aparılan rəsmi sorğular və əldə edilən cavablar göstərir ki, iki rəsmi mənbənin təqdim etdiyi məlumatlar bir-birini tamamlamır və ölkədə sürücülük kurslarının real sayı, fəaliyyəti və keyfiyyəti barədə vahid, etibarlı statistik mənzərənin mövcud olmadığını göstərir. Digər aidiyyəti qurumlardan, ən əsası isə 2025-ci il 9 dekabr tarixdə xəbərnamə ilə SS981709087Az nömrəli rəsmi sorğu göndərilməsinə baxmayaraq bu məqalə işıq üzü görənə qədər Elm və Təhsil Nazirliyindən ümumiyyətlə cavab alınmamışdır. Bunlar o anlama gəlir ki, sürücü hazırlığı sahəsində faktiki vəziyyətlə normativ tənzimləmə arasında ciddi məlumat boşluğu mövcuddur. Bu boşluq təkcə statistik deyil, idarəetmə və məsuliyyət baxımından da sistem xarakteri daşıyır. Məhz bu kontekstdə mövcud normativ çərçivənin yenidən nəzərdən keçirilməsi məsələsi aktuallaşır.
Bu şəraitdə mövcud ehtiyaclar və real vəziyyət barədə məlumatların açıq mənbələr və internet resursları əsasında toplanması zərurəti yaranmışdır. Bu mənbələrə əsasən, ölkə üzrə təxminən 350-400 sürücülük kursu qeydiyyatdan keçmişdir. Onların təxminən 65-70 faizi Bakı və Abşeron ərazisində, qalan hissəsi isə regionlarda fəaliyyət göstərir. Qeyri-hökumət təşkilatlarının qeyri-rəsmi qiymətləndirmələrinə görə isə faktiki və aktiv tədris aparan kursların sayı 180-200-dən çox deyil.
Rəqəmlər göstərir ki, ölkədə hər il minlərlə yol qəzası qeydə alınır, yüzlərlə insan həyatını itirir. Bu itkilərin arxasında bəzən bir anlıq laqeydlik, diqqətsizlik, bəzən isə qanunsuz əldə edilmiş vəsiqə dayanır. Məhz buna görə də sürücülük hüququ yalnız hüquqi deyil, həm də etik məsuliyyətdir.
Bu mənzərə onu deməyə əsas verir ki, sürücü hazırlığı sahəsində normativ tənzimləmə ilə real vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur və bu sahə üzrə şəffaf, ölçülə bilən və nəticəyönümlü yanaşmaya ehtiyac var.
Yuxarıda təqdim edilən faktlar və aparılmış araşdırma bir daha göstərir ki, sürücü hazırlığı və sürücülük vəsiqələrinin verilməsi sahəsində mövcud normativ çərçivə real vəziyyəti tam əks etdirmir və sahənin effektiv idarə olunması üçün zəruri olan məlumat axını təmin edilmir. Ayrı-ayrı dövlət qurumlarının verdiyi cavablar arasında müşahidə olunan uyğunsuzluqlar, eləcə də bir sıra əsas göstəricilər üzrə rəsmi statistik müşahidənin aparılmaması bu sahədə vahid koordinasiya və institusional məsuliyyət mexanizminin zəifliyini üzə çıxarır.
Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, sürücü kurslarının real fəaliyyəti, sayı və keyfiyyəti barədə vahid, etibarlı rəsmi statistika mövcud deyil. Bu baxımdan təqdim edilən təhlil və təkliflər mövcud sistemi tənqid etmək deyil, onu daha şəffaf, ölçülə bilən və təhlükəsizlik baxımından səmərəli modelə çevirmək üçün əsaslı müzakirə zəmini yaratmaq məqsədi daşıyır.
Son illərdə yol hərəkəti mühitində, sürücü davranışlarında və nəqliyyat texnologiyalarında baş verən dəyişikliklər normativ çərçivənin real imkanlarını faktiki olaraq üstələyib. Sürücü hazırlığı artıq təkcə tədris prosesi deyil, yol təhlükəsizliyi, ictimai sağlamlıq və sosial məsuliyyət baxımından kompleks dövlət siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu sahədə real nəticə yalnız qaydaların yenilənməsi ilə deyil, institusional mexanizmlərin, məlumat sistemlərinin və ölçülə bilən göstəricilərin mövcudluğu ilə mümkündür.
Bu kontekstdə sürücülük kurslarının fəaliyyəti, tədris keyfiyyəti, imtahan mexanizmlərinin obyektivliyi və sürücülərin davranış risklərinin erkən mərhələdə aşkarlanması bir qurumun səlahiyyəti ilə məhdudlaşa bilməz. Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və digər aidiyyəti strukturlar arasında vahid metodoloji yanaşma və koordinasiya tələb olunur.
Sürücülük təlimi sadəcə qaydaları öyrənmək deyil, bu, təhlükəsiz davranış, emosional intizam, başqalarının hüququna hörmət və sosial məsuliyyətin formalaşdırılması kimi anlayışların tədrisidir. Müasir yol təhlükəsizliyi siyasəti sürücünü risk qarşısında necə qərar verdiyinə görə qiymətləndirən yanaşmanı tələb edir. Sükan arxasında olan hər kəs təkcə özünü deyil, qarşısındakı piyadanı, yanındakı uşağı, arxasındakı ailəni daşıyır, yəni sürücülük vəsiqəsinin fəlsəfəsi yol bilgisindən başlasa da, şüurla tamamlanır. Bir çox ölkələrdə mərhələli sürücülük sistemi, davranış yönümlü imtahan mexanizmləri və simulyator əsaslı qiymətləndirmə bu məqsədlə tətbiq olunur və real nəticələr verir.
Yuxarıda da qeyd edildiyi kimi, sürücülük vəsiqəsi ilkin mərhələdə əsasən nəqliyyat vasitəsini idarə etməyə icazə verən hüquqi sənəd kimi formalaşsa da, zamanla bir çox cəmiyyətlərdə daha geniş məna kəsb etmişdir. ABŞ-da və Avropa ölkələrində bu sənəd fərdi azadlıqla hüquqi məsuliyyət arasında balansı ifadə edən institusional mexanizm kimi qəbul olunur. Sovet məkanında isə tarixi və sosial şəraitin təsiri ilə sürücülük vəsiqəsi uzun müddət hüquqi funksiyası ilə yanaşı, cəmiyyətdə müəyyən sosial mövqeni əks etdirən simvolik məna daşıyıb. Müasir dövrdə Azərbaycanda sürücülük vəsiqəsinin dəyəri artıq yalnız texniki bacarıqlarla deyil, eyni zamanda yol təhlükəsizliyi mədəniyyətinə yiyələnmiş, maariflənmiş və məsuliyyətli vətəndaş modelinin formalaşması ilə ölçülməlidir.
Mövcud imtahan sistemi əsasən qayda biliklərini və elementar texniki bacarıqları qiymətləndirir. Halbuki real yol şəraitində təhlükəsizlik sürücünün qaydanı bilməsindən çox, gözlənilməz vəziyyətlərdə necə düşündüyü, riski nə vaxt və necə dəyərləndirdiyi, stress altında hansı qərarı verdiyi ilə müəyyən olunur. Yol təhlükələrinin analizi göstərir ki, hadisələr təsadüfi deyil, müəyyən nümunələrlə təkrarlanır və səhvlərin çoxu idrak məhdudiyyətlərindən doğur, təhlükəsizlik artdıqca insan daha çox risk götürməyə meyillənir ki, bu, “risk kompensasiyası” kimi tanınan davranış mexanizmidir.
Avtomobil idarəetməsində nəqliyyat vasitəsinin mexaniki xüsusiyyətləri ilə sürücünün davranışı daim qarşılıqlı təsirdədir: texniki bacarıq necə və nə vaxt tətbiq olunacağına dair psixoloji qərarlarla tamamlanır və bu qərarlar çox vaxt sürət, məsafə, təhdid və təhlükəsiz sahə haqqında beynin təxmini hesablamalarına əsaslanır. Qərarvermə prosesi intuitiv düşünmə və sürətli analiz arasında balans tələb edir. Beyin bütün məlumatı tam hesablamadığı üçün qısa yol strategiyalarına əl atır və stress şəraitində bu strategiyalar həm sürəti artırır, həm səhv ehtimalını.
Yol mədəniyyəti də təhlükəsizliyin mühüm hissəsidir, çünki hər sürücü başqalarının niyyətini və davranışını oxumağa çalışır, bu “yol dili” pozulduqda anlaşılmazlıq yaranır və sosial qarşılıqlı təsirin zəifləməsi qəzaya yol açır. Tipik qəzaların analitik təhlili göstərir ki, hadisənin kökündə çox vaxt qavrayış boşluğu, yanlış məsafə təxmini, prioritetləşdirmə səhvi və ya beynin təhlükəni “kritik” kateqoriyasına salmaması dayanır, yəni nə baş verdiyindən çox, beynin bu vəziyyəti niyə belə gördüyü əsas səbəbi izah edir. Bütün bunların ümumi mənası budur ki, sürücünü qınamaq deyil, onun idrak və qərarvermə mexanizmlərini düzgün ölçmək və formalaşdırmaqdır.
Mövcud sürücü hazırlığı və qiymətləndirmə sistemi, aparılmış modernizasiya addımlarına baxmayaraq, metodoloji, avadanlıq və qiymətləndirmə baxımından müasir yol hərəkəti risklərini tam əhatə etmir. Təlim hələ də əsasən nəzəri biliklər və sadə praktiki manevrlərlə məhdudlaşır. Real dinamika, emosional yüklənmə və qəfil dəyişən situasiyalar kimi təhlükə tanıma və qərarvermə mexanizmlərini fəallaşdıran ssenarilər sistemli şəkildə tədrisə daxil edilməyib. Nəticədə hazırkı model sürücünü imtahanı formal şəkildə keçməyə hazırlayır, real yol şəraitində adekvat reaksiya qabiliyyətinin formalaşmasını təmin etmir - bu, xüsusilə yeni başlayan və gənc sürücülərdə ciddi risk yaradır.
Psixoloji və davranış indikatorlarının obyektiv ölçülməsi üçün vasitələrin mövcud olmaması bu boşluğu daha da dərinləşdirir. Beynəlxalq təcrübə göstərir ki, video əsaslı təhlükə qavrayışı testləri, kompüter simulyasiyaları və virtual/avtomobil tipli simulyatorlar riskli situasiyaların təhlükəsiz və standartlaşdırılmış şəkildə ölçülməsini təmin edir, bu alətlər diqqətin yayılması, gecikmiş reaksiya, stress altında qərarvermə, impulsivlik və risk alma meyli kimi psixofizioloji göstəriciləri analiz etməyə imkan verir.
Bu səbəbdən sürücü hazırlığı və ilkin qiymətləndirmə yalnız ənənəvi praktiki sınaqlarla məhdudlaşdırılmamalı, riskyönümlü və davranış əsaslı simulyasiya vasitələri ilə tamamlanmalı və imtahanların məzmunu formal yoxlamadan real davranışın ölçülməsinə yönəldilməlidir. Simulyator əsaslı qiymətləndirmənin normativləşdirilməsi, elektron risk profillərinin yaradılması və mərhələli sürücülük modeli kimi islahatlar ölkədə sürücülük hazırlığının keyfiyyətini və yol hərəkəti təhlükəsizliyini əhəmiyyətli dərəcədə yüksəldə bilər.
Lakin mövcud normativ baza bu imkanları nəzərə almır. Sürücülərin təhlükəli vəziyyətləri vaxtında dəyərləndirmə bacarığı, impulsiv davranış meyli, diqqət sabitliyi və stress altında qərarvermə kimi göstəricilər Əsasnamədə prosedurlaşdırılmayıb, simulyator əsaslı təlim və psixofizioloji qiymətləndirmə mexanizmlərinin hüquqi statusu müəyyən edilməyib, gənc və yeni sürücülər üçün mərhələli sürücülük sistemi tətbiq olunmur.
Halbuki beynəlxalq statistikaya görə, ən yüksək qəza riski məhz sürücülüyün ilk illərinə təsadüf edir. Avropa Birliyi, ABŞ, Avstraliya və bir sıra Asiya ölkələrində simulyatorlar imtahan mərhələsinin icbari komponenti kimi tətbiq olunur.
Hazırda tətbiq olunan sistemdə nəzəri biliklər və əsas praktiki vərdişlərin qiymətləndirilməsi aparılsa da, sürücünün mürəkkəb və dinamik yol mühitində davranış modeli, təhlükə tanıma bacarığı və riskli situasiyalara adekvat reaksiyası kifayət qədər dərin və sistemli şəkildə ölçülmür. Beynəlxalq təcrübədə isə təhlükə tanıma testləri Avropa, Avstraliya və bir çox Asiya ölkələrində sürücülük vəsiqəsinin alınmasının məcburi tərkib hissəsinə daxildir - bu testlər sürücünün vizual diqqətini, situasiya analizini və risk proqnozlaşdırma qabiliyyətini obyektiv şəkildə qiymətləndirir.
Azərbaycanın normativ hüququnda belə bir imtahan anlayışı mövcud olmadığından, vəsiqə alma mərhələsində bu bacarıqlar qiymətləndirilmədən vəsiqə verilir. Nəticədə, xüsusilə yeni və təcrübəsiz sürücülərdə təhlükəni qabaqcadan qiymətləndirmə qabiliyyətinin zəifliyi ağır yol-nəqliyyat hadisələri riskini artıran əsas amillərdən birinə çevrilir.
Mövcud təlim modelinin bir neçə əsas uyğunsuzluğu diqqət çəkir: təlim müddətlərinin sərt, “2,5 ay”, “3,5 ay” kimi müəyyənləşdirilməsi bacarıq əsaslı təhsil prinsiplərinə uyğun gəlmir - beynəlxalq təcrübədə əsas meyar təlim müddəti yox, sürücünün əldə etdiyi bilik və bacarıqlardır. Normativ bazada vahid elektron tədris və nəzarət sisteminin yoxluğu (kağız əsaslı uçotun saxlanması) şəffaflığı azaldır, tədris müəssisələrinin fəaliyyətini obyektiv qiymətləndirməyə imkan vermir və sürücünün hazırlıq tarixçəsinin sistemli formalaşmasına mane olur.
Bununla yanaşı, sürücünün fərdi davranış xüsusiyyətlərini - diqqət paylaşdırma səviyyəsi, təhlükəni əvvəldən proqnozlaşdırma qabiliyyəti, stress altında reaksiyalar və riskli davranış meylləri - əks etdirən elektron risk profilinin (sürücünün yol hərəkətində davranışı, pozuntular, təlim nəticələri və risk göstəricilərini özündə birləşdirən vahid rəqəmsal qiymətləndirmə modeli) mövcud olmaması təlimin fərdiləşdirilməsini və riskli davranışların erkən mərhələdə aşkarlanmasını mümkünsüz edir.
(Davamı var)

