Sizin reklam burada
Sizin reklam burada
  • SÜRÜCÜLÜK HÜQUQUNUN TARİXİ: AZADLIQ, YOXSA MƏSULİYYƏTİN BAŞLANĞICI

    SÜRÜCÜLÜK HÜQUQUNUN TARİXİ: AZADLIQ, YOXSA MƏSULİYYƏTİN BAŞLANĞICI Eldar Əsgərov (Şəkibəyov),
    hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

    4-CÜ HİSSƏ

    2000-ci illərin əvvəllərində sürücülük imtahanlarının strukturunda ciddi dəyişikliklər edildi. Tez-tez dəyişdirilən və yenilənən sual bazası, kompüterləşdirilmiş nəzəri imtahan, müasir sürücülük məktəblərinin yaranması sürücülərin hazırlıq səviyyəsini yüksəltməyə xidmət edirdi. Artıq imtahanın nəticəsi subyektiv qiymətləndirmədən daha çox standartlaşdırılmış meyarlara əsaslanırdı.
    2000-ci illərdən sonra vəsiqələr beynəlxalq formatda - latın qrafikası, rəqəmsal foto və hologramlı dizaynda verilməyə başlanılmışdır. 2013-cü ildən yeni nəsil biometrik vəsiqələr tətbiq olundu. 2022 -2023-cü illərdə elektron imtahan sistemi tam formalaşdı və proses tam videomüşahidə altında keçirilməyə başlandı.
    Artıq sistem elə qurulub ki, hazırda hər bir imtahan, hər düzgün və ya səhv cavab mərkəzə verilənlər bazasında qeyd olunur. Bu, həm idarəetmədə etimadı artırır, həm də sürücü anlayışına yeni məna gətirir. Sürücü olmaq - yalnız sükan arxasında deyil, qanun və intizam qarşısında düzgün dayanmaq deməkdir.
    Bu gün bir çox ölkələrdə sürücülük vəsiqələri rəqəmsal identifikasiya sistemləri ilə inteqrasiya olunur, yəni şəxsin kimliyini və sürücülük statusunu elektron mühitdə təsdiqləyən “ağıllı lisenziya” və “rəqəmsal şəxsiyyət vəsiqəsi” modelləri tətbiq edilir. Bu yanaşma artıq bir sıra Avropa ölkələrində geniş istifadə olunur. Azərbaycan da bu istiqamətdə mühüm addımlar ataraq Yol Patrul Xidməti ilə “ASAN xidmət” sistemlərini inteqrasiya edib. Nəticədə vəsiqənin verilməsi və yoxlanması prosesi daha şəffaf, avtomatlaşdırılmış və izlənilə bilən hala gətirilib.
    Sürücülük vəsiqəsinin tarixçəsi göstərir ki, texnologiya dəyişsə də, məqsəd eyni qalıb - dürüstlük, şəffaflıq, təhlükəsizlik, məsuliyyət və insan həyatının qorunması. Əgər 1896-cı ildə knyaz Mixail Xilkov yol hərəkətində nizamsızlıqdan narahat idisə, bu gün biz rəqəmsal xaos risklərindən qorunmağa çalışırıq. Dövrlər dəyişir, lakin təhlükəsiz davranış prinsipi sabit qalır.
    Son 130 ildə sürücülük vəsiqəsi sadə icazə sənədindən çıxaraq təhlükəsizliyin göstəricisinə, cəmiyyətin davranış koduna və insan faktorunun idarə olunması alətinə çevrilmişdir.
    Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi “Yol hərəkəti haqqında” Qanun və Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə” (bundan sonra Əsasnamə adlandırılacaq) ilə tənzimlənir. Mövcud hüquqi çərçivənin əsas ideyası ondan ibarətdir ki, sürücülük vəsiqəsi almaq istəyən hər bir namizəd həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını rəsmi qaydada təsdiq etməlidir.
    Təlim prosesi əsasən nəzəri bilik (yol hərəkəti qaydaları), qısa praktiki sürmə sınağı, tibbi arayış və sürücülük vəsiqəsinin verilməsi mərhələlərindən ibarətdir. Bu prosesdə yaş həddi mühüm rol oynayır. Yaş tələbi nəqliyyat vasitəsinin kateqoriyasından və altkateqoriyasından asılı olaraq dəyişir. Məsələn, “A1” kateqoriyası üzrə sürücülük hüququ 16 yaşdan etibarən mümkündür. Bu yanaş ma bir çox ölkələrdə qəbul edilən ümumi praktikaya uyğundur.
    Beynəlxalq təcrübədə sürücülərin hazırlanması prosesi yalnız yaş həddi və minimal praktiki bacarıqların yoxlanılması ilə məhdudlaşmır. Əksər ölkələrdə tədris proqramları mərhələli, riskyönümlü və davranış əsaslı yanaşma üzərində qurulur. Bu yanaşmanın əsas məqsədi sürücünün qaydaları bilməsindən daha çox, real yol şəraitində təhlükəni vaxtında qavramaq və düzgün qərar vermək qabiliyyətinin formalaşdırılmasıdır.
    Məsələn, ABŞ-da ştatdan asılı olaraq öyrənmə icazəsi 15-16 yaşdan başlayır, lakin tam hüquqlar mərhələli şəkildə verilir. Bunlara yazılı yol qaydaları testi, praktik sürücülük testi və görmə testi daxildir. ABŞ-ın qanunvericiliyinə görə hər ştat öz qaydalarını müəyyən edir, yəni bir ştatdakı yaş, təlim və imtahan tələbləri başqa ştatda fərqli ola bilər. Əksər ştatlarda 18 yaşdan kiçik ərizəçilər və əvvəllər sürücülük təcrübəsi olmayan yetkinlər əvvəlcə öyrənmə icazəsi almalıdırlar (öyrənmə icazəsi üçün minimum yaş ştatdan asılı olaraq 14-16 yaşdır). Müəyyən bir müddətdən sonra (adətən altı aydan bir ilə qədər) öyrənmə icazəsi daimi icazəyə çevrilə bilər. Daimi icazə almaq üçün əksər ştatlar həm yazılı, həm də praktik sürücülük imtahanından keçməyi tələb edirlər. Bəzi ştatlarda hər ikisi eyni vaxtda verilir. Bu ölkədə təcrübəli müşayiətçi ilə sürmə, gecə sürüşü və sərnişin sayı məhdudiyyətləri tətbiq olunur. Simulyator və kompüter əsaslı risk ssenariləri geniş tətbiq olunur.
    ABŞ-da və bir sıra Avropa ölkələrində təhlükə qavrayışı testləri, davranış əsaslı imtahanlar və simulyatorlardan istifadə olunur. Bu ölkələrdə sürücülər mərhələli sistem əsasında hazırlanır: öyrənmə icazəsi - məhdud sürücülük hüququ - tam sürücülük vəsiqəsi. Bu yanaşma gənc sürücülər arasında riskin azaldılmasına yönəlmiş kompleks profilaktik mexanizm kimi tətbiq olunur.
    Bir çox ölkələrdə - xüsusilə Fransa, İspaniya, İtaliya, Kanada və Avstraliyada - gənc sürücülərə ilkin mərhələdə məhdudiyyətlərlə (gecə vaxtı hərəkət, sərnişin sayı, sürət hədləri və “sıfır alkoqol/narkotik” prinsipi və s.) məhdudlaşdırılmış sürücülük hüququ verilir və bu məhdudiyyətlər risk əsaslı yanaşma ilə tətbiq olunur. Məqsəd təcrübə artdıqca hüquqların mərhələli şəkildə genişləndirilməsi və davranış/risk göstəricilərinin yaş amili ilə birlikdə qiymətləndirilməsidir, yəni yaş tək meyar deyil, təcrübə, davranış və risk profili ilə birlikdə nəzərə alınır. Məhdud dövrün problemsiz başa vurulması və risk göstəricilərinin normaya uyğun qiymətləndirilməsindən sonra namizədlərə tam hüquqlu sürücülük statusu verilir. Bu təcrübələr beynəlxalq təcrübədə sürücülük hazırlığının daha geniş, kompleks və riskyönümlü çərçivədə tənzimləndiyini təsdiqləyir. Qeyd olunan yanaşmalar ölkələr üzrə tətbiq mexanizmlərinə görə fərqlənsə də, risklərin azaldılması və sürücülərin mərhələli şəkildə hazırlanması prinsipi beynəlxalq təcrübədə ümumi qəbul olunmuş model kimi çıxış edir.
    Bu ölkələrin təcrübəsi göstərir ki, sürücülərin hazırlanması və qiymətləndirilməsi yalnız formal imtahan mexanizmləri ilə deyil, təlimin məzmunu, davranış indikatorlarının ölçülməsi və mərhələli məsuliyyət modeli vasitəsilə daha effektiv nəticə verir. Beləliklə, sürücülük hüququ bir anda verilən icazə deyil, mərhələli şəkildə qazanılan səlahiyyət kimi qəbul olunur.
    Müraciət mərhələləri də bu ölkələrdə sistemli şəkildə tənzimlənir. Nəzəri mərhələni tamamlayan namizədlər üçün ilkin sürücülük icazəsi tətbiq olunur və həmin icazə çərçivəsində nəqliyyat vasitəsinin idarə edilməsi yalnız təcrübəli sürücünün nəzarəti altında mümkün olur. Zəruri təcrübə toplandıqdan sonra sürücü mərhələli sistemin növbəti mərhələsinə keçirilir və bu mərhələdə müəyyən məhdudiyyətlər tətbiq olunur. Tam sürücülük vəsiqəsi isə kifayət qədər praktiki təcrübə və müvafiq imtahanlardan sonra təqdim olunur.
    Göründüyü kimi, bu ölkələrdə sürücünün “yetişməsi” prosesi adətən üç ardıcıl mərhələdən ibarətdir və bu mərhələlər öyrənmə, məhdud hüquqlarla idarəetmə və tam sürücülük səlahiyyətinin verilməsi prinsipinə əsaslanır.
    Almaniyada sürücülük hazırlığı və qiymətləndirmə sistemi ciddi şəkildə normativləşdirilmiş və bacarıq əsaslı yanaşma üzərində qurulmuşdur. Sürücülük vəsiqəsi 18 yaşında (17 yaşında isə təcrübəli müşayiətçi ilə) əldə edilə bilər və imtahana buraxılmaq üçün namizəd sürücülük məktəbini bitirməni və ilk tibbi yardım üzrə təlim keçdiyini təsdiq edən sənədləri təqdim etməlidir. Nəzəri hazırlıq yol hərəkəti qaydaları, yol təhlükəsizliyi, ekoloji sürücülük və zəif yol hərəkəti iştirakçıları, o cümlədən velosipedçilərlə bağlı davranış qaydalarını əhatə edir. İmtahan suallarının bir hissəsi bir neçə düzgün cavab variantını nəzərdə tutur və əyləc yolunun formul üzrə hesablanması kimi praktiki bilikləri yoxlayır. Praktiki təlim mərhələsində minimum sürmə saatları, gecə vaxtı idarəetmə, magistral və şəhərdənkənar yollarda hərəkət, eləcə də müxtəlif hava şəraitində sürücülük bacarıqları məcburi qaydada formalaşdırılır. Namizəd imtahan zamanı təxminən 40 dəqiqə ərzində şəhər daxilində və sürətli magistrallarda təhlükəsiz və qüsursuz idarəetmə, həyətdə dönmələr və parketmə bacarıqlarını nümayiş etdirməlidir. Bu sistemdə qiymətləndirmə yalnız texniki idarəetmə vərdişləri ilə məhdudlaşmır, sürücünün real yol şəraitində davranış modeli, risk qavrayışı və qərarvermə bacarıqlarının formalaşması əsas meyar kimi çıxış edir.
    Niderlandda və Böyük Britaniyada sürücü hazırlığının mühüm komponentlərindən biri ayrıca qiymətləndirilən təhlükə qavrayışı mərhələsidir. Bu mərhələdə namizəd real yol situasiyalarının video və ya simulyasiya edilmiş görüntüləri üzərində təhlükəli məqamları vaxtında tanımaq və adekvat reaksiya vermək bacarığı üzrə qiymətləndirilir. Bu yanaşma sürücülük imtahanının yalnız “idarəetmə texnikası” yoxlamasından çıxarılaraq davranış və qərarvermə səviyyəsinə keçirilməsini təmin edir.
    Skandinaviya ölkələrində (İsveç, Norveç, Finlandiya) sürücü hazırlığı davranış yönümlü model üzərində qurulub. Tədris proqramlarında psixoloji hazırlıq, riskli davranışların izahı, sürüşkən yol şəraiti (qar, buz) üzrə xüsusi poliqon məşğələləri, sürücülük təlimində yol təhlükəsizliyi ilə yanaşı ekoloji məsuliyyət, stres altında qərarvermə və sosial məsuliyyət anlayışlarına xüsusi önəm verilir və gənc sürücülər üçün əlavə məhdudiyyətlər nəzərdə tutulur. Bu ölkələrdə sürücülük kursları sürücünü yalnız avtomobil idarə edən şəxs kimi deyil, yol hərəkətinin məsuliyyətli iştirakçısı kimi formalaşdırmağı əsas məqsəd hesab edir.
    Xüsusilə İsveçdə sürücü kursları yalnız sürmə bacarığını deyil, sürücünün yol təhlükəsizliyinə münasibətini formalaşdırmağı əsas məqsəd kimi qəbul edir. İsveçdə sürücülər qarlı yolda və buzlu trasda 100 km/saat sürətlə idarəetmə bacarığı üzrə təlim alırlar. Norveçdə isə ilkin yardım, gecə və təhlükəsiz sürmə kursları öyrədilir, praktiki imtahanın yekun hissəsi iki uzun marşrutu (hər biri 4-6 saat) və şəhər imtahanını əhatə edir. Norveçdə vəsiqələr bizimkindən fərqli olaraq 10 illik müddətə verilmir, “B” kateqoriyalı sürücülük vəsiqələrini 75 yaşadək əlavə imtahanlar olmadan istifadə etmək mümkündür, bundan sonra bu vəsiqələr tibbi müayinədən keçməklə yenilənməlidir.
    Finlandiyada təlim dərhal üç kursu əhatə edir: adi, qış və ekstremal (təhlükəli şəraitdə 4 saat sürücülük). Birinci mərhələni keçdikdən sonra namizəd nəzəri və şəhər sürücülüyü imtahanlarını verib müvəqqəti sürücülük vəsiqəsi alır. Bu vəsiqə ilə sürücü pozuntu etmədən sürücülük hüququndan istifadə etməlidir, əks halda daimi vəsiqə almaq mümkün olmur.
    İlk baxışdan Avropa ölkələrində tətbiq olunan sistemlər mövcud imtahan mexanizmləri baxımından Azərbaycan modeli ilə oxşarlıq təşkil edir. Lakin təfərrüata vardıqda, hər bir ölkənin milli yol təhlükəsizliyi prioritetlərinə uyğun fərqli yanaşmaları mövcuddur.
    Məsələn, İtaliyada sürücülük hüququnun verilməsində nəzəri hazırlıq mərhələsi xüsusilə ciddi xarakter daşıyır. Namizəd təxminən 7 minə yaxın sual bankı əsasında hazırlaşmalı, imtahanda isə 30 sualdan maksimum dörd səhvə yol verməklə uğur qazanmalıdır. Üstəlik, bu imtahan yalnız bir dəfə təkrar verilə bilər ki, bu da namizədi məsuliyyətli və sistemli hazırlaşmağı tələb edir.
    Müraciət mərhələləri bu ölkələrdə çox maraqlıdır. Nəzəri testdən keçmək şərtilə öyrənmə icazəsi verilir, bu icazə təcrübəli sürücünün müşayiəti ilə sürücülük imkanı verir. Təcrübə topladıqdan sonra, bəzi məhdudiyyətlərlə (gecə sürmək, gənc sərnişinlərlə sərbəst sürmək və s.) müvəqqəti sürücülük vəsiqəsi verilir.
    Beynəlxalq təcrübə göstərir ki, sürücülərin hazırlanması prosesi əksər inkişaf etmiş ölkələrdə yalnız nəzəri bilik və elementar praktiki məşğələlərlə məhdudlaşmır. Təlim mərhələləri daha detallı şəkildə strukturlaşdırılır və real yol risklərinə uyğunlaşdırılır.
    Avropa Birliyi ölkələrində sürücü hazırlığı adətən aşağıdakı əsas komponentlər üzrə tənzimlənir: nəzəri hazırlıq (yol hərəkəti qaydaları, yol təhlükəsizliyi mədəniyyəti, ekoloji sürücülük, yol etikası), təhlükə qavrayışı üzrə ayrıca modul (xüsusilə Böyük Britaniya, Niderland və İsveçdə), simulyator və ya video əsaslı risk ssenariləri (qəfil piyadaların yola çıxması, yol kəsişmələri, müxtəlif hava şəraiti), minimum saat norması ilə praktiki sürmə təlimi və ilk tibbi yardım. Bir çox ölkələrdə imtahana buraxılış üçün ayrıca sertifikatın təqdim edilməsi tələb olunur. Məsələn, Böyük Britaniyada sürücülük hazırlığı nəzəri imtahan (yol qaydaları və təhlükə qavrayışı), video əsaslı təhlükə qavrayışı testi və praktiki sürmə imtahanı kimi üç əsas mərhələdən ibarətdir. Burada diqqətçəkən məqam odur ki, təhlükə qavrayışı ayrıca qiymətləndirmə obyekti kimi qəbul edilir və bu bacarıq yalnız praktiki sürmə zamanı “dolayı yolla” yox, müstəqil şəkildə ölçülür.
    ABŞ və Kanadada sürücü hazırlığı sistemi əsasən sürücülük vəsiqəsi üzrə məzun modeli üzərində qurulub. Bu model çərçivəsində təlim mərhələsində sürücülər təcrübəli müşayiətçi ilə nəzarətli mühitdə idarəetmə bacarığı qazanır. Nəzəri hazırlıqla yanaşı risk davranışı, impulsivlik, gecə sürüşü və sərnişin təsiri kimi faktorlar tədris proqramlarına daxil edilir, simulyator və ya kompüter əsaslı yol vəziyyəti modelləri isə bir çox ştatlarda tövsiyə və ya məcburi xarakter daşıyır.
    Kanadada bəzi əyalətlərdə sürücü hazırlığı proqramları rəsmi kurikulum şəklində təsdiq edilir və kurslar yalnız bu proqramlara uyğun fəaliyyət göstərə bilir.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ