Sizin reklam burada
Sizin reklam burada
  • “Bilgəh” ən müasir standartlara uyğun qurulur

    Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq bütün sahələri əhatə edib. İslahatların əsas məqsədi dövlət idarəçiliyində operativliyin artırılması, əhalinin sağlamlığının qorunması, həyat səviyyəsinin daha da yüksəldilməsi, istirahətini mənalı keçirməsi və digər sahələrdir. Artıq islahatların dalğası AHİK-in “Kurort” QSC-nin sanatoriyalarına da çatıb. Kadrların seçilib - yerləşdirilməsindən başlanan islahatların nəticəsi artıq özünü uğurlarla büruzə verir.

    Hazırda əhalinin daha çox istirahət etmək istədyi sanatoriyalardan biri də “Bilgəh” Kardioloji sanatoriyasıdır. Sanatoriya Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Bilgəh qəsəbəsində yerləşir. Buradakı təbii amillər, dəniz, quru və mülayim iqlim ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir. “Bilgəh” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi mineral yod-bromlu su ilə də müalicə olunurlar.

    Son vaxtlar sanatoriyada aparılan yenidənqurma və bərpa işləri, müasir diaqnostik və müalicə aparaturası ilə təchiz edilmiş komfortlu müalicə, ciddi nəzarət və nizam - intizam, səliqə - sahman, kollektiv üzvlərinin istirahətçilərlə son dərəcə xoş münasibətləri hamının ürəyincədir. Hazırda təxminən 300- nəfərə yaxın istirahətçini qəbul etmək gücündə olan sanatoriyanın yeməkxanasında aparılan əsaslı yenidənqurmadan sonra özünəxidmətə keçməsi, pasientlərin müxtəlif çeşidli isti xörək, növbənöv salat, meyvə şirələri və təzə meyvələrlə təmin olunması razılıqla qarşılanır. İstirahətçilər istədikləri xörəklərdən doyunca istifadə edə bilirlər. Yəni, norma məhdudiyyəti yoxdur. Müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycanın milli mətbəxi təəssüratları daha da gücləndirir. Yeniliklərdən biri də müalicəyə və yeməkxanaya gedə bilməyən xəstələrə otaqlarında və hərəkət etməkdə çətinlik çəkənlərə elektriklə işləyən xüsusi nəqliyyat vasitəsilə xidmət göstərilməsidir.
    Sanatoriyanın həyətindəki köhnə tipli ikimətrəbəli binalar sökülmüş və yerində ən müasir tələblərə cavab verən əyləncə mərkəzlərinin tikilməsi nəzərdə tutulub. Ümumiyyətlə, arxitektur cəhətdən milli memarlıq ənənələrinə sadiq qalan sanatoriya korpusları əsaslı təmirdən sonra ən son komfort standartlara tam cavab verir. Pasientlərə hər cür rahatlığı və şəraiti olan lüks, yarımlüks tək və ikinəfərlik otaqlar təqdim olunur. Əvvəlki illərlə müqayisədə hazırda “Bilgəh”, demək olar ki, yenidən qurulub.

    Artıq “Bilgəh” Kardioloji sanatoriyasında xarici ölkələrdən də gəlib istirahət edən, müalicə olunanlar var. Hazırda sanatoriya beynəlxalq turizm mərkəzinə çevrilməkdədir.

    Əməkdaşımız sanatoriyada istirahət edən və müalicə alan bir neşə nəfərlə görüşüb öz təəssüratlarını bildirməsini xahiş edib.

    Qafar Çaxmaqlı (İrəvan-Türk Cümhuriyyətinin başqanı, siyasi elmlər üzrə fəlsəfə doktoru): Mən uzun müddət qardaş Türkiyədə çalışmışam və işimlə əlaəqdar olaraq orada yaşamışam. “Bilgəh” Kardioloji sanatoriyasında istirahətimin vaxtı bitən kimi yenidən qardaş ölkəyə qayıdacağam və fəaliyyətimi davam etdirəcəyəm. Bu sanatoriyanın sırf ürək-damar müalicəsində mühüm əhəmiyyət kəsb etdiyini eşitmişdim. Sosial şəbəkələr vasitəsilə sanatoriyanın yerləşdiyi təbii amillərin, dəniz, quru və mülayim iqlim şəraitinin ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişli olduğunu öyrəndikdən sonra “Bilgəh” də müalicə olunmaq qərarına gəldim. Dedilər ki, AHİK rəhbərliyində kadr dəyişikliyi olduğundan, guya, sanatoriyalara göndəriş (putyovka) almaq problemə çevrilib. Gərək xüsusi telefon nömrələrinə zəng vurasan. Onlara da düşmək çox çətin olur. Sonra öyrəndim ki, göndəriş (putyovkaların) verilməsində şəffaflığın təmin olunması, rüşvətxorluğun və tanışlığın qarşısını almaq üçün “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb. Həmin Mərkəzə müraciət etdikdən sonra əməkdaşlar araşdırma aparır və sonra sənə göndəriş verilməsi barədə əlavə məlumat çatdırılır. Hətta putyovkanı mobil telefonuna göndərirlər. Doğrusu, əvvəlcə inamadım. Firirləşdim ki, “Bilgəh” əhalinin ən çox müraciət etdiyi sanatoriyadır. Mən də ürək-damar xəstəliyindən çox əziyyət çəkirəm. Belə bahalı putyovkanı mobil telefonuma göndərəcəklərmi? Açığını deyim ki, Bakıya gələn kimi bir qədər də ümidsiz halda, “Kurort” Turizm İnformasiya Mərkəzinin ünvanını dəqiqləşdirib oraya yollandım. Növbəm çatdıqdan sonra məni hörmətlə qəbul etdilər və çox nəzakətlə rəftar etdilər. Xeyli sual-cavabdan sonra dedilər ki, gedin, sizə əlavə məlumat veriləcək. Bu barədə eşidən dost-tanışlardan bəziləri istehza ilə dedilər ki, qarşıda ay var, il var, nə vaxtsa cavab verəcəklər. Heç bir həftə keçməmiş göndəriş (putyovkanı) mobil telefonuma göndərdilər. Yazmışdılar ki, putyovkanın dəyərinin 15 faizini sizə göndərdiyimiz bank hesabına ödəyin və göstərilən tarixdə “Bilgəh” sanatoriyasında olun. Budur, mən də deyilənlərə əməl etdim və heç bir problemlə qarşılaşmadan sanatoriyada müalicə alıram. Belə rahat və əlverişli şərait yaradanlara təşəkkürümü bildirirəm.

    Əliqismət Bədəlov, jurnalist : Mən uzun müddətdir ki. ürək-damar xəstəliyindən əziyyətə çəkirəm. Həkimlər mənə “Bilgəh” Kardioloji sanatoriyasında istirahət etməyi və müalicə olunmağı tövsiyyə ediblər. Bir neçə il müalicə aldım və çox yaxşı nəticəsi oldu. Bu il də müalicə olunmağı qərara aldım. Artıq AHİK-in rəhbərliyində kadr dəyişikliyi olmuşdu və ciddi islahatlar aparılırdı. Bu islahatlar “Kurort” QSC-nin sanatoriyalarına da çatmışdı. Öyrəndim ki, artıq putyovkalar (göndərişlər) əvvəllər olduğu kimi, iş yerindən verilmir. Bundan ötrü yeni yaradılan “Kurort” Turizm İnformasiya Mərkəzinə müraciət etmək lazımdır. Sosial şəbəkələrdə bu Mərkəzin ünvanına narazılıqlar yazılırdı. Ytazırdılar ki, putyovkalar sifarişlə, tanışlıqla verilir. Mən Mərkəzin telefonlarından birini yığdım və bir xanım əməkdaşla söhbət etdim. Çox nəzakətlə danışırdı. Adını da bilmirdim. Heç soruşmadım da. Elə “xanım” deyə müraciəıt edirdim. Mənə bir neçə sual verdikdən sonra dedi ki, dəqiqləşdirmə aparıldıqdan sonra sizinlə əlaqə saxlanılacaq. Bu cümlə sosial şəbəkələrdə yazılanlara uyğun gəlirdi. Buna baxmayaraq, səbirlə gözlədim. 4 gün sonra “Kurort” Turizm İnformasiya Mərkəzinin xanım əməkdaşı mənimlə əlaqə saxladı və putyovkanın mobil telefonuma göndəriləcəyini bildirdi. Dedi ki, putyovkanın ümumi dəyərinin 15 faizni sizə göndərilən bank hesabına ödəyin.

    Elə də etdim. Deyilən vaxt sanatoriyada oldum. Həyətə daxil olanda gördüklərim məni təəccübləndirdi. Ötən illə müqayisədə əsaslı dəyişikliklər olmuş, göz oxşayan səliqə-sahman yaradılmışdı. Qəbul şöbəsi də tam dəyişdirilmişdi. Hər şey kompyüter sisteminə keçmişdi. Qəbul şöbəsinin əməkdaşları şəxsiyyət vəsiqəmi aldıqdan dərhal sonra putyovkamı kompyüterdən çıxardılar. Sən demə, putyovka verilən gündən elə otağım da müəyyənləşdirilibmiş. Otaqlardakı səliqə-sahman adamı valeh edirdi. Stolun üstündə quru çay, kofe, şəkər tozu, içməli su hazır idi. Hamamda növbənöv şampunlar, sabunlar var idi. Dedilər ki, bunların hamısı pulsuzdur. Sanki xarici ölkələrdəki bahalı otelə düşmüşdüm. Yeməkxanada gördüklərim məni daha da heyrətləndirdi. Müxtəlif çeşidli yeməklər elektriklə tənzimlənən isti qazanlara doldurularaq hazır vəziyyətdə saxlanılıb. Hər kəs özü istədiyi xörəkdən götürə bilərdi. Yeməkxana tam təmir olunmuş, əvvəlki vəziyyətindən əsər-əlamət qalmamışdı. İndi ən müasir vəziyyətdə idi. Həkimlərin və digər əməkdaşların mülayim rəftarı ən yaxşı müalicə idi. Çox razı qaidım.
    Azər Manafov (Şamaxı rayonu, Çaylı kəndi): Mən də putyovkanın ümumi dəyərinin 15 faizni ödəmişəm. Özü də telefon vasitəsilə əlaqə yaratdıqdan sonra əldə edə bildim. Daha dəqiq desək, putyovkanı mobil telefonuma göndərdilər. Mən “Bilgəh”ə birinci dəfə idi ki, gəlirdim. Həkimlər məsləhət bilmişdi. Çünki ürək-damar xəstəliyindən çox əziyyət çəkirdim. Buradakı səmimiyyət, həkimlərin və digər işçilərin xoş münasibəti, səliqə-sahman, iki gündən bir maraqlı konsert proqramları ilə istirahətçilərin günlərinin mənalı keçməsinə yaradılan şərait hamımızın ürəyimizcə idi. Yeməkxanada yaradılmış Azərbaycan mətbəxinin zənginliyi, həkimlərin yeməklərin keyfiyyətinə ciddi nəzarət etmələri, xarici ölkələrdən gəlmiş turistlərin də çox xoşuna gəlirdi. Mən yeməkxanda bir neçə dəfə xarici turistlərə bir stolda oturdum. Deyirdilər ki, burada yaradılmış şərait Avropa ölkələrindəki otellərə bənzəyir. Növbəti il də “Bilgəh” Kardioloji sanatoriyasına gələcəyəm. Ümid edirəm ki, yaxın illərdə “Bilgəh” beynəlxalq turizm mərkəzinə çevriləcək.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ