Söhbət imzasını lap çoxdan tanıdığım, ancaq şəxsi tanışlığımız olmayan peşəkar qələm sahibi, Lənkəranda çıxan “Aşkarlıq” qəzetinin baş redaktoru Hacı Etibar Əhədovun SSRİ-nin son onilliklərində təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da tanınan məşhur neftçi Novruz Ramazanov haqqında qələmə aldığı yazıdan gedir.
… Bu il iyulun 17-də isə “Xalq qəzeti”ndə filologiya üzrə fəlsəfə doktoru Esmira İsmayılovanın “ Lənkəranın mətbuat salnaməsi” adlı yazısını oxudum. Bu yazının qəhrəmanı isə birinci yazının müəllifi idi.
Xanım həmkarımız yazır ki, tanınmış tədqiqatçı jurnalist Hacı Etibar Əhədovun yeni – “Lənkəranın mətbuat salnaməsi” kitabını müəllifin Milli mətbuatımızın 150 illik yubileyinə layiqli töhfəsi adlandırmaq olar. Olduqca məhsuldar yazar olan Hacı Etibar Əhədov bu dəfə Lənkəran mətbuatının salnaməsini yazmağı, gələcək nəsillərə söz yaddaşı kimi ötürməyi qarşısına məqsəd qoyub və tam səmimiliyi, bu prosesin içində olan yazarı kimi deyirəm ki, müəllif buna nail olmağı bacarıb: “ Etibar müəllim 77 yaşında ərsəyə gətirdiyi yeni kitabının nəşrinə 7 yaşlı uşaq kimi ürəkdən sevinir... Hacı Etibar Əhədov qələminə etibar edən və həm də etibar edilən etibarlı söz adamıdır. Onun yazdığı silsilə kitablar cənub mədəniyyətinin, adət-ənənələrinin, Lənkəranın təhsil, səhiyyə, mədəniyyət və son tədqiqatında da tarixinin öyrənilməsində əvəzsiz mənbədir, salnamədir”.
Qərəz, yazısına, mözu əhatəsinə, ən başlıcası ömrünün bütün mərhələlərində nümayiş etdirdiyi söz sevgisinə, qələm qarşısındakı məsuliyyətinə görə qəlbimdən qeyri-adi bir hiss keçdi: “Kaş bu həmkarımızla nə zamansa görüşə biləydim”. Sən demə həmin görüş üç-dörd gündən sonra baş tutacaqmış.
... İyulun 20-də Bakı bulvarındakı “Mariott” otelində Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş böyük tədbir keçirilirdi. Dəvət olunsam da, istiyə və şəhərdən kənarda yaşadığıma görə tədbirə getmək istəmirdim. Amma necə oldusa, getdim. Nə yaxşı ki, orada iştirak etdim. Son 35-40 ildə birgə fəaliyyət göstərdiyimiz, tez-tez görüşüb həmsöhbət olduğumuz nə qədər həmkarlarla görüşüb köhnə xatirələri yada saldıq. Geriyə qaytarılması mümkün olmayan günlərimiz barədə “kaş ki...” deyə danışdıq.
Ancaq “sən saydığını say”– deyiblər. Qismətimdə yuxarıda xatırlatdığım Hacı Etibar Əhədovla görüş də var imiş. Səhhətimə görə tədbirdən bir az tez – bədii hissə başa çatmadan çıxırdım. Qapının yanında bir adam məndən metronun “20Yanvar” stansiyasına necə gedə biləcəyini soruşdu. Dedim mən də ora gedirəm. Və məlum oldu ki, nə zamansa gedib Lənkəranda görmək istədiyim bu ağsaqqal həmkarımı Bakı bulvarında, möhtəşəm tədbirin keçirildiyi dəb-dəbəli otelin qarşısında görəcəyəm.
... İlahi, jurnalistdə nə qədər təvazökarlıq, səmimiyyət olarmış. Yolumuz bir oldu. O Lənkərana, mən isə Xırdalana getmək üçün əvvəlcə “20 Yanvar” meydanına getməli idik. Getdik. Mən onunla ünsiyyətdə olduğum bu qısa yol yoldaşlığında uzun bir səfərin təəssüratlarını yaşadım. Allah qocaman həmkarımıza can sağlığı versin. Nə zamansa onun məsuliyyətlə ərsəyə gətirdiyi “Lənkəranın mətbuat salnaməsi” kitabı haqqında bir neçə sətir qələmə alacağımı söylədim. Alaram, İnşallah!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist.
