Sizin reklam burada
Sizin reklam burada
  • «TORPAĞIMDA GÜLLƏ MƏNƏ DƏYƏRMİ?..»

    «TORPAĞIMDA GÜLLƏ MƏNƏ DƏYƏRMİ?..» Hacıyev Kamal Hüseyn oğlu Kəlbəcərin Çaykənd kəndində anadan olmuşdur. Torpaqlarımız yağı əsarətinə keçəndən işğalçılarla ölüm-dirim savaşına başlamışdı. Kamal «Murov əməliyyatı»nda elə bir igidlik, qəhrəmanlıq göstərmişdir ki, bu, nə kitab-dəftərə sığışası, nə də qırx gün, qırx gecə danışmaqla qurtarası deyil.
    Kamal evli idi. Öündən sonra igidliyi, qəhrəmanlığı və bir də balaca Ülvisi qalıb.
    Şair təbiətli Kamalın son döyüşü 1994-cü ilin qışında Kəlbəcərin Qanlıkənd kəndində olmuşdur.

    ***
    Kamal haqqında xatirələr çoxdur. Və bilmirəm ki, hansından başlayım. Mən Kamalı Azərbaycanın Milli Qəhrəmanı kimi tanıyırdım. Yazmaq istəyəndə məlumat aldım ki, yox, «ona bu adı çox gördülər, ancaq…»
    «Kəlbəcər harayı» qəzetinin əməkdaşı Köçəri Cəfərli deyir ki, Kəlbəcərin azad edilməsi uğrunda başlanan əməliyyat zamanı Kamalın itkin düşməsi hamımızı sarsıtmışdı. Sən demə, o, düşmənlə təkbətək döyüşə çıxıb və son patronunadək döyüşərək təslim olmayıb. Fənd işlədib sağ-salamat qayıdan Kamalla görüşmək üçün qulluq etdiyi «N» saylı hərbi hissəyə getdim. Kamalın dilindən eşitdiklərimi qələmə aldıqca fərəh hissi məni bürüyür və belə oğullarımızla fəxr edirdim…
    Kamalın jurnalistlə son söhbətini mən də olduğu kimi köçürmək qərarına gəldim.
    «…Yoldaşlarımıza kömək etmək üçün Bozluya yollandıq. Kəndin yanına çatanda axşam saat 6 olardı. Kənddə şübhəli adamlar gördük. Odur ki, üç nəfərlə kənddən xəbər gətirmək üçün ora getdik. Biz onların səngərinə yaxınlaşan vaxt «Daşkəsən polisləriyik, sizin uşaqlar o biri kəndə keçdilər» - deyən quldurların bizi aldadaraq əsir götürmək üçün ora getdik. Biz onların səngərinə yaxınlaşan vaxt «Daşkəsən polisləriyik, sizin uşaqlar o biri kəndə keçdilər» - deyən quldurların bizi aldadaraq əsir götürmək istədiklərini əvvəlcə başa düşmədik. Elə beş-on metr yaxınlaşmışdıq ki, hiyləgər tülkülər «Silahı atıb, təslim olun!» əmrini verdilər. Biz bir-birimizdən aralı idik. Qabaqda gizir idi. Mən gizirin elə o dəqiqə avtomatı tullayıb, əllərini qaldırdığını görcək qışqırdım ki, ax, satqın, qanından qorxdun?! – Quduzlaşmış quldurlar mənim bu sözlərimdən hiddətlənib üstümə qışqırdılar. Dedim ki, bu dəqiqə. Avtomatı çiynimdən aşırıb bir göz qırpımında yerə uzanaraq onları atəşə tutdum. Onlar bunu gözləmədiklərindən çaş-baş düşdülər. Mən bu fürsətdən istifadə edib avtomatın sandığındakı güllələri onların üstlərinə yağdırdım. Üç tərəfdən üstümə dolu kimi yağan güllələr göz açmağa qoymurdu. Fikirləşdim ki, onsuz da buradan salamat qurtarmaq çətindir, qoy heç olmasa qisasımı alım. Xoşluqla təslim olmağı alçaqlıq bilib bütün patronları onların üstünə yağdırıb, avtomatın sandığını dəyişmək istədim. Fürsət olmadığından geri çevrildim ki, arxadakı uçuruma tullanım. Elə bu zaman avtomatı vurub əlimdən saldılar. Artıq təslim olmaq məqamı idi ki, bayaq uzandığım yerdən məni atəşə tutdular. Bir az qaçdıqdan sonra özümü meşəyə verdim. Paltar məni yorurdu. Çəkmələri sürüyə bilmir, taqətdən düşürdüm. Soyundum hamısını da. Ayaqyalın, başıaçıq meşə ilə elə qaçırdım ki, heç dovşan da mənə çatmazdı. Meşədə yağıları azdıra bilmişdim. İyirmi dörd saat ərzində özümü Daşkəsənin Zivlən kəndinə çatdırdım. Ayaqlarımı şaxta vurmuşdu. Polislərimiz məni Daşkəsən xəstəxanasına gətirdilər.
    Arzu edirəm ki, sorağı hələ də çıxmayan igidlərimiz məni kimi əzablı yollar keçsələr də doğmalarına qovuşsunlar…»
    Üç uşaq atası Kamal Hacıyev iki ilə yaxın idi ki, Vətənin müdafiəsinə qalxmışdı. Son döyüşlərdən əvvəl həyat yoldaşı Gülnaza yazdığı məktubdan bir-iki sətir: «Məni qınama, Gülnaz. Bilirəm, uşaqları atıb bu yaşımda döyüşə gəlmişəm. Amma çarəm yox idi. Dözə bilmirdim. Bizə hər yerdə «utanmırlar, torpaqlarını atıb qaçıblar» - deyirdilər. Bu təhqirə dözəmməzdim. Fikirləşdim ki, qabaqda getməliyəm. Görürsən də, hələ ki, sağ-salamatam və Sizə məktub da yazıram. Darıxmayın, inşallah Kəlbəcərdə görüşərik. Sizdən əvvəl Kəlbəcərə özüm getməliyəm. Uşaqlardan muğayat ol. Sağlıq olsun. Ülvini mənim əvəzimdən öpərsən. Hələlik, sənin Kamalın.
    Alaxançallı, 24 dekabr 1993-cü il. Hə, yadıma düşdü. Uşaqlara bir əsgər payı da göndərirəm.
    …Murovu bir cəsarətlə aşmışıq,
    Doğma Kəlbəcərlə qucaqlaşmışıq.
    Qələbəyə yeni bir yol açmışıq,
    Qeyrətli kəs bu yollardan dönərmi?
    Torpağımda güllə mənə dəyərmi?..»
    Kamalın doğmaları ilə son «görüşü» olub bu məktub. Çox gözləyiblər, az gözləyiblər, bilmirəm, bir gün hər dəfə sevincli xəbərlərlə döyülən qapıya dağdan ağır bir dərd gəlib. Kamalsızlıq dərdi ailədə böyükdən-kiçiyə hamını bürüyüb.
    Vətən belə oğulları ilə basılmaz olur, Kamal! Çox kamallarımızı Vətən torpaqlarının bütövlüyü uğrunda şəhid vermişik. Amma Sizin ruhlarınız qarşısında borcumuzu ödəyə bilmirik. Gərək Kəlbəcər çoxdan azad ediləydi. Biz isə Ülvi balana orada təsəlli verəydik… Allah sənə rəhmət eləsin, Kamal.



    Məhəmməd Nərimanoğlu,
    "Yurd göynərtisi" kitabı, bakı, "Azərbaycan" nəşriyyatı, 1995-ci il, səh. 273.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ