Müasir Qadın və Cəmiyyət İB sədri Fidan Kazımova çıxış edərək bildirdi ki ,
günümüzdə informasiya kommunikasiya texnologiyaları, xüsusilə də internet vasitəsilə məlumat əldə etmə, saxlama və paylaşma funksiyaları həyatımızın vacib amilinə çevrilib. Lakin faydaları ilə birgə texnologiyadan bəd niyyətlə istifadə nəticəsində bir sıra problemlər də ortaya çıxmışdır. Həyatımıza gətirdiyi rahatlıqla yanaşı kompüter, mobil telefon kimi informasiya texnologiyaları insanlara zərər vermək məqsədilə də istifadə edilməkdədir. Kiber zorakılıq informasiya texnologiyalarından istifadə etməklə bir fərdə və ya qrupa, fiziki və ya hüquqi şəxsə qarşı edilən texniki və ya mənəvi zərər vermə davranışlarının ümumi halı kimi təsvir edilir.
Rəqəmsal texnologiyaların faydalarından bəd niyyətlə istifadə edənlər öz məqsədlərinə nail olmaq üçün yeniyetmə və gənclərə, xüsusən də qızlara daha çox zərər verirlər. Kiber zorakılığa məruz qalanlar müəllimlərin, ailənin və sosial çevrənin qınağından çəkinərək bunu gizli saxlamağı üstün tutaraq stresə, depressiyaya düşür, bəzi hallarda isə öz həyatlarına son qoymağa qərarlı olurlar. Bu kimi halların nəticəsidir ki, son illər dünyada və ölkəmizdə yeniyetmələr, məktəblilər arasında intihar hallarının artımı müşahidə olunur. Bunu bir sıra iqtisadi amillərlə, valideyn və müəllimlərin qeyri-etik davranışı, məktəb psixoloqlarının öz işini bilməməsi və s. ilə əlaqələndirmək olar . Beynəlxalq praktikaya və Azərbaycan Respublikasının Təhsil haqqında Qanununa əsasən hər bir təhsi ocağının adminstrativ heyəti, müəllimlər, psixoloqlar, valideynlər birlikdə şagirdlərlə davamlı iş aparmalıdırlar.
Məhz bu günkü təlimin keçirilməsində məqsəd informasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı yeniyetmə və gənclərin (xüsusən də qızların) üzləşdiyi kiber-zorakılıq, kiberbullinqin törətdiyi müxtəlif psixi travmaların, intihara meylliliyin, eyni zamanda qloballaşmanın mənfi təsirlərinin yaratdığı deviant davranış və suisid meyllərinin aradan qaldırılmasına dəstək olmaqdır.
Daha sonra Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində Bakı Neft- Energetika Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov çıxış edərək Müasir Qadın və Cəmiyyət İB-nə təşəkür edərək bildirdi ki, belə aktual mövzu üzrə təlimlərin keçirilməsi çox vacibdir.
Bakı Dövlət Universitetinin Sosial Elmlər Pisixologiya fakultəsinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi Lalə Maxsudova təlimi davam etdirərk sosial medianın getdikcə artan təhlükələrindən, “bullinq nədir”, “kiberbullinq-kiberzorakılıq nədir”, “kiberzorakılıqdan qorunma yolları”, “kiberzorakılıqla mübarizə”, “təhsil müəssisələrində əsrin bəlası hesab edilən kiberzorakılığa qarşı aparılması vacib olan profilaktik tədbirlər” və s. mövzularla bağlı ətraflı məlumat verdi. Təlimdə həmçinin təəssüflə bildirildi ki, son illər yeniyetmə və gənclər arasında özünəqapanma, depressiya, suisid meyllərin artımı müşahidə olunur. Bildirildi ki, sosial medianın getdikcə artan təhlükələrindən, kiberzorakılıqla mübarizədə, böyüklərin, müəllimlərin, valideynlərin üzərinə böyük məsuliyyət düşür. Bu istiqamətdə beynəlxalq təcrübənin mənimsənilməsi, orta və ali təhsil müəssisələrində maarifləndirmə işlərinin aparılması, valideynlərin və gənclərin xəbərdar edilməsi çox vacibdir.
Təlimdə mövzu üzrə hazırlanmış xüsusi slayd təqdim olundu.
Təlimin qarşılıqlı fikir mübadiləsi, dialoq formatında təşkil edilməsi onun effektliyini artırmaqla, mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratdı. Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış “Səsiz Eleni” animasiya video- çarx iştirakçılara təqdim olundu.
Hüseynbala Həsən
