Görkəmli poliqrafçı alim, yazıçı publisist Şəddat Cəfərova təbrik məktubu
Əzizimiz Şəddat müəllim, sizin Prezident təqaüdünə layiq görülməyiniz bizi çox sevindirdi. İnsan yaşadığı ömürdə həyatının mənasını dəyərləndirən hər hansı bir təqdirə, rəğbətlənməyə layiq görülürsə, bu, insanlığın gələcəyinə hər birimizdə yüksək inam yaradır.
Həyatımız müxtəlif rənglərin, hətta bəzən təzadlı rənglərin harmoniyasından ibarətdir. Hər günümüz həyatımıza yeni ovqat bəxş edir. Bəzən sevincli günlər yaşayırıq. Bəzən də sevinclərimiz kədərlərlə əvəzlənir. Amma uğurlarımız bizi yaşamağa, mübarizə aparmağa sövq edir. Siz Azərbaycan kitab mədəniyyətinin tarixində xüsusi rolu olan mütəxəssislərdənsiniz. Azərbaycanın ilk poliqrafçı alimi kimi poliqrafiyanın elmi-nəzəri əsaslarını işləyib hazırlamısınız. “Kitab çapının elmi mahiyyəti”, “Kitabın estetik gözəlliyi” kimi elmi əsələriniz, monoqrafiyalarınız, demək olar ki, poliqrafiya ixtisası verən tədris ocaqlarının ən ümdə dərslikləri sırasındadır. Xüsusilə miniatür kitab sənətinin Azərbaycanda inkişafı yeni dövrdə məhz sizin adınızla bağlıdır. Yüzlərlə kitaba ön söz, son söz yazmısınız. Təkcə poliqrafiya işi ilə kifayətlənməyib redaktorluğunuzla, rəylərinizlə müəlliflərə yardımçı olmusunuz.
Əlbəttə, sizin böyük zəhmətiniz, şərəfli həyatınız müasirlərinizin də diqqətindən kənarda qalmayıb. Yazıçı-publisist Sevda Əlibəylinin “İlk poliqrafçı alim”, İsaq Əmənullayevin “Poliqrafiyamızın ustadı”, Əli Rza Xələfli və Ceyhun Zallının “Böyük portretin işığı” kimi sanballı monoqrafiyalar məhz sizin ömür salnamənizin zəngin səhifələrini əbədiləşdirmişdir.
Yazıçı Fatma Həsənqızı “Acılı-şirinli günlər” sənədli-publisistik romanı ilə sizin zəngin mənəvi aləminizi, həyat yolunuzu sözə gətirmişdir. Bütün bunlar hələ sizin böyük işlərinizin yalnız bir qismidir. Bütün həyatınız mətbəə işi ilə, kitab çapı ilə bağlı olub. Siz jurnalistikamızın ön sıralarında gedən müəlliflərdənsiniz. Yüzlərlə publisistik yazılarınız, jurnalistikamızın xəzinəsinə daxil olan dəyərli məqalələriniz gələcək nəsillərin ədəbi yaradıcılığına təsir göstərəcək örnəklərdir.
Son dövrlərdə yazıçı-publisist kimi ədəbi fəaliyyətiniz xüsusilə təqdirə layiqdir. Yumorlu hekayələriniz təkrar-təkrar nəşr olunub, postsovet məkanının dillərinə tərcümə olunub.
Nəhayət, onu da qeyd etmək istərdim ki, “Əzəldən bağlıyam sözə” adlı beşcildlik ədəbi düşüncələriniz oxucuların ixtiyarına verilib. Üst-üstə bu kitablar 2500 səhifədən çox həcmi əhatə edir. Bu, titanik bir zəhmətin bəhrəsidir.
Hər halda sizin fədakar zəhmətinizi dövrümüzün qədir bilən insanları görür və dəyərləndirə bilir. AYB-nin, xüsusilə Birliyin sədri, böyük sənətkarımız Anarın sizin ədəbi fəaliyyətinizə rəğbətli münasibəti bizi də sevindirir. Çünki uzun illərdir ki, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü kimi əvəzsiz ictimai fəaliyyətiniz diqqətdən kənarda deyil. Məhz biz də ona görə fəxr edirik ki, sizin çox dəyərli ədəbi-publisistik düşüncələriniz bizim “Kredo” qəzeti vasitəsi ilə oxuculara çatdırılır.
Bu günlərdə Prezident təqaüdünə layiq görülməyiniz bir daha təkrar edirik ki, böyük zəhmətin, şərəfli həyatın mükafatı kimi sizi tanıyanların hər birinin qəlbində qürur hissi doğurur.
Həyatını insanlara, cəmiyyətin saflaşmasına, gələcəyə inam təlqin edən mübarizəyə həsr etmiş insanlar hər cür hörmətə və ehtirama layiqdir.
Bundan sonrakı həyatınıza da sağlamlıq və yaradıcılıq uğurları diləklərimiz əbədidir.
“Kredo” qəzetinin redaksiya heyəti adından
Əli Rza Xələfli
05.07.2024
