Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Nəsirov Nahid Əlizamin oğlunun 3-cü il dönümü ilə bağlı anım mərasimi keçirilib.
"Atributinfo.az"ın verdiyi məlumata görə mərasimi şəhidimizin dəfn olunduğu Saatlı şəhərində baş tutub.
Şəhidimizin il dönümündə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak edib.
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra mərasim iştirakçıları tərəfindən şəhid Nəsirov Nahid Əlizamin oğlunun məzarı önünə tər gül dəstəsi qoyulub, şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad edilib.
Saatı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov şəhidimizin məzarı önündə çıxış edərək şəhidimizin ailə üzvlərinə başsağlığı verib, səbr diləyib. Belə igid, qəhrəman oğul böyütdüklərinə görə onlara təşəkkürünü bildirib. Ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.
Qeyd edilib ki, şəhid Nahid Nəsirov kostyumunu dəyişib, hərbi formasını geyinib bu dəfə düşmənin dərsini verməyə yollanıb. Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Şanlı qələbənin qazanılmasına təhsil işçiləri də öz töhfələrini veriblər. Qəhrəmanlıq, şəhidlik zirvəsini fəth edənlər sırasına təhsil ictimaiyyəti üzvlərinin də adı yazıldı. Bu gün Nahid qardaşımızın timsalında bütün şəhidlərimiz təkcə ata və anasının deyil, eyni zamanda, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Nahid Əlizamin oğlu Nəsirov 11 dekabr 1995-ci ildə Saatlı rayonu Ağarəhimli kəndində anadan olmuşdur. 2001-ci ildə C.Cabbarli adına Ağarəhimli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuş, orta məktəbi başa vurduqdan sonra, 2011-2015-ci illərdə Şirvan şəhər Humanitar və İqtisadiyyat Kollecində təhsil almışdır. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Saatlı rayonu Qıraqlı kənd orta məktəbində müəllim işləmişdir.
Hərbi xidmətdə olarkən 2016-ci il Aprel döyüşlərində fəal iştirak etmiş, göstərdiyi şücaətə gorə komandanlıq tərəfindən mükafata layiq görülmüşdür. 2020-ci il Tovuz döyüşləri zamanı könünlülər sırasına ilk yazılanlardan olmuşdur. 2020-ci il, Vətən müharibəsi zamani hərbi xidmətə çağırılmış, Füzuli, Xocavənd, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı xeyli sayda erməni məhv edib. Şəhid olacağını hiss edən Nahid saatını qolundan açır və “bunu qardaşım Yusifə verərsiz” deyib döyüşə atılır.
8 Noyabr Şuşa uğrunda gedən döyüşlərdə düşmənin atdığı qəlpə yarası nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. 10 Noyabr 2020-ci ildə Saatlı şəhərində dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nahid Əlizamin oğlu Nəsirov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bəradər Səməndərli
"Atributinfo.az"
