Sizin reklam burada
Sizin reklam burada
  • Dil millətin varlığının əsas göstəricilərindən biridir

    "Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bildi. Müxtəlif illərdə Azərbaycan xalqı bütün təzyiqlərə baxmayaraq, reallığının, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvətimizi qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil, mükəmməl dil səviyyəsinə qaldıra bildi.
    Bununla belə, ana dili problemi bu gün yenə də aktual problem olaraq qalır, buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülür" Bunu "atributinfo.az"-a açıqlamasinda Göygöl rayon İHB-ın köməkçisi Yusif Hacıyev demişdir. O, bildirmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitutsiyanın 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".
    Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir:
    "Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə də qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur.
    Həmin fərmana əsasən, hər il avqust ayının 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş qeyd olunur. Heydər Əliyev tərəfindən "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" bu prezident fərmanı dilimizin tətbiqi işinə stimul vermiş, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirmişdir. Eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesini sürətləndirmişdir.
    Zamanında qəbul edilmiş bu qərarda Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçdi. Dillə bağlı dövlət siyasətinin mühüm mərhələsi latın qrafikalı Azərbaycan əlifbasına keçidlə səciyyələnir. Bu fərmanda irəli sürülmüş ideyalar içərisində iki istiqamət diqqəti cəlb edir: Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması; Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.
    Ümummilli liderimiz Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi. Bununla yanaşı, qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərəsi bu dildə çevik şəkildə səlistliklə əksini tapa bilir.
    Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir.
    Azərbaycanda elmin, təhsilin elə bir sahəsi yoxdur ki, dövlət dilinin işlənməsi və fəaliyyəti konkret maddələr əsasında öz əksini tapmamış olsun. Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf mərhələsinə çatmışdır ki, elmi-texniki inkişaf nəticəsində yaranmış müxtəlif fikirləri, sözləri, anlayışları, xüsusi elmi və texniki terminləri çox asanlıqla ifadə etmək olar. Bu onu göstərir ki, Azərbaycan dili ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq tərəqqi edir, onun publisist, bədii, elmi və siyasi üslubları daha da inkişaf edir və zənginləşir."- Yusif Hacıyev demişdir.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ