"Atributinfo.az" xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan simpozium çərçivəsində simpozium iştirakçıları Yeni Klinikada olublar.
TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov və Yeni Klinikanın direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev qonaqlara tibb müəssisəsi haqqında məlumat verib.
Simpozium iştirakçıları xəstəxananın poliklinika, qastroenterologiya, radiologiya, revmatologiya, endokrinologiya, ginekologiya, nevrologiya, təcili və təxirəsalınmaz yardım, terapiya, reanimasiya, ümumi cərrahiyyə, kardiologiya şöbələrinin fəaliyyəti və göstərilən tibbi xidmətlərlə tanış olublar.
Daha sonra qonaqların iştirakı ilə aktiv panel müzakirələr təşkil olunub.
Panellərdə “Ginekologiya: müasir dövrün aktual mövzuları”, “Cərrahiyyədə dünya təcrübəsi və neyrocərrahiyə sahəsində təcrübə mübadiləsi” mövzusunda təqdimatlar edilib, geniş fikir mübadiləsi aparılıb.
Türkiyə, Almaniya, İngiltərədən gələn 10-dək həkim qeyd olunan mövzular üzrə təqdimatlarla çıxış edib.
Bəradər Səməndərli
"Atributinfo.az"
