Sizin reklam burada
Sizin reklam burada
  • Dünyanın mötəbər elmi mərkəzlərində xalqına baş ucalığı gətirən alim

    Bu uğurlu yol qədim Göyçəmizdəın başlanmışdı

    Bu yaxınlarda bi yazı üzərində işləyirdim. Məqsədim dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasındakı görkəmli alimlər haqqında məlumat toplamaq idi. Çünki bu gün beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər tələb edir ki, diaspor təşkilatlarımız Azərbaycanın mövqeyini daha qətiyyətlə müdafiə etsinlər. Bunu isə daha çox alimlərimiz, ziyalılarımız edə bilərlər.
    Bu axtarış zamanı AZƏRTAC-ın bir il əvvəl paylaşdığı “Azərbaycanlı alim Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülüb” adlı informasiya ilə rastlaşdım. Orada yazılırdı ki, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyev Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülüb.
    Həmin elmi qurumun təmsilçiləri vurğulayırlar ki, görkəmli alim elmin inkişafına verdiyi böyük töhfə və çoxillik vicdanlı əməyinə görə Rusiya Federasiyası Prezidentinin qərarı ilə bu ada layiq görülüb. O, həm də Rusiya Elmlər Akademiyası Kliment Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun baş elmi işçisidir.
    Öyrəndim ki, Süleyman Allahverdiyev Göyçəlidir. Ona görə də ilk yadıma düşən köhnə dostum Etibar Allahverdiyev oldu. Süleyman müəllim haqqında ondan bəzi məlumatları almaq istədim. Dedi ki, həmin alim mənim qardaşımdır. Ancaq onun haqqında ən yaxşı məlumatı Süleyman müəllimin uşaqlıq dostu, sinif yoldaşı, Göyçədən Bakıya birlikdə gəlmiş Əbülfət Hacıyevdən almaq olar.
    Əbülfət müəllimin ünvanını öyrəndim. Küləkli bir gündə Bakıxanov qəsəbəsində onun limonlu çayına qonaq olduq. Uzun illər Balaxanı- neftdə müxtəlif vəzifələrdə çalışmış 73 yaşlı neftçi mühəndis elə danışdı ki, həmin söhbətləri ilk dəfə eşidənlər onun neftçi yox, tarixçi olduğunu güman edərlər.
    – Mən Süleymanla qardaş kimi yaxın olmuşam. Hər ikimiz 1950-ci ildə doğulmuşuq. Həm öz kəndimizdə, həm də sonuncu sinifləri oxuduğumuz Gölkənddə eyni sinifin şagirdləri olmuşuq. Oxuduğumuz kənd məktəbinin direktoru elmlər namizədi idi. O, şagirdlərin hərtərəfli yetişməsini daim diqqət mnərkəzində saxlayırdı. Hətta, biz sonuncu siniflərdə dram əsərlərini səhnələşdirirdik. Süleyman da, mən də həmin tamaşalarda oynayırdıq. Mən alman zabiti Şults rolunda oynamışdım. Xarici dil müəllimimiz bizə almanca şeirlər əzəbərlətdirirdi. Göyçə camaatı o dövrdə elmə çox böyük həvəs göstərirdi. Yadımdadır, övladı oxumayan, ali təhsil almayan valideynlər gözükölgəli olurdu. Süleyman bax belə bir mühitdə böyümüşdü. İndi dəqiq elmlər üzrə dünya şöhrətli alim olsa da, orta məktəbdə oxuyanda çox gözəl şeirlər yazırdı.
    Maraqlı bir fakt deyim. Süleymanla Gölkənddə oxuyanda həftənin sonunda o kənddən gəlib öz kəndimizdə – Süleymangildə qalırdıq. Elə 1967-ci ildə Bakıya da birlikdə gəldik. Mən Azərbaycan Neft-kimya İnstitutuna qəbul olundum, o isə Azərbaycan Dövlət Universitetinə. Tələbəlik illərimiz də bir yerdə keçdi. O, ali təhsildən sonra bir müddət öz kəndimizdə müəllim işlədi. Sonra Bakıya qayıtdı. Akademik Cəlal Əliyevin rəhbərliyi ilə aspiranturada oxudu və elmlə daimi məşğul olmağa başladı. Elə onun alimlik dərəcəsi almaq üçün Rusiyaya getməsi də Cəlal Əliyevin tövsiyəsi olmuşdu.
    O, 1977-ci ildə SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunun (indiki Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutu) aspiranturasına daxil olmuşdu. 1984-cü ildə SSRİ Elmlər Akademiyasının Biofizika İnstitutunda (Puşşino şəhəri) biofizika üzrə namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almış, orada işləməyə başlamışdı. Mənim sinif yoldaşım 2002-ci ildə Rusiya Elmlər Akademiyasının Bitkilərin Fiziologiyası İnstitutunda “bitkilərin fiziologiyası və biokimyası” ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə etdi. Deməli, namizədliyi fizika-riyaziyyat üzrə oldu, doktorluğu isə biologiya üzrə.
    İndi onun dostları deyirlər ki, Süleyman fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələrində elm aləmində tanınmış mütəxəssisdir. Onun uğur qazandığı elə məsələlər var ki, mən onları yadda saxlaya bilmirəm. Üstəlik ciddi ürək xəstəliyindən müalicə olunduğuma görə yaddaşımda problemlər yaranıb. Ancaq onu bilirəm ki, Süleymanın məşğul olduğu elm sahəsi bu gün Azərbaycan üçün daha çox lazımdır. Çünki o, indi nanobiotexnologiyanın yeni istiqamətlərindən biri olan təbii zülal strukturu əsasında süni fotosintez sistemlərinin yaradılmasını fəal inkişaf etdirir. Deyir ki, bu, gələcəkdə alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin əldə edilməsinə imkan verəcək. Eləcə də, məşğul oduğu Fotosintezin öyrənilməsi məsələsi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq, onların ətraf mühitə dözməsi-uyğunlaşmasını təmin etmək kimi uğurlu perspektiv vəd edir.
    Əbülfət Hacıyevin yadından çıxan bəzi məlumatları AMEA-nın internet resurslarından öyrəndik. Orada oxuduq ki, Süleyman Allahverdiyev 350-dən çox məqalənin, 6 ixtiranın, və 8 kitabin müəllifidir. ISI indeksinin və Hirş indeksinin məlumatına görə, S. Allahverdiyevdən sitatgətirmə və elmi əsərlərinə istinad sayı müvafiq olaraq təxminən 12000 və 59-dir. O, 1000-dən çox sitat indeksi ilə (cəmi 1795 nəfər) Rusiyanın “Milli alimlərin lider siyahısı”na daxildir. Bildirilir ki, Süleyman Allahverdiyev belə yüksək sitat reytinqi (12000-dən çox) olan yeganə azərbaycanlıdır. Bu fakta görə o, “Yüksək istinad olunmuş tədqiqatçı” mükafatına layiq görülüb.
    Onun haqqında olan digər mənbədə isə bildirilir ki, Süleyman Allahverdiyev 25-dən çox ölkədə (Avstraliya, Fransa, Hollandiya, Almaniya, Sinqapur, İsveç, Çexiya, Macarıstan, Türkiyə, Hindistan və s.) dəvətli professor kimi çalışıb. O, Rusiya və digər ölkələrdə keçirilən 80-dən çox konfransda çıxış edib, dünyanın 40-dan çox ölkəsində, o cümlədən Avstraliya, Macarıstan, Yaponiya, Almaniya, İspaniya, Kanada, Hollandiya, Sinqapur, Fransa, İsveç, Türkiyə və s. dövlətlərdə dəvətlə mühazirələr oxuyub. Eləcə də, Yaponiya, Kanada, Hindistan, Macarıstan, Almaniya, Sinqapur, ABŞ, İsveç və s. dövlətlərin elmi-tədqiqat təşkilatlarının beynəlxalq layihələrində rəhbər və iştirakçıdır.
    Bu Göyçəli alim Rusiya Elmlər Akademiyasının Bitki fiziologiyası İnstitutunun “İdarəolunan fotobiosintez” laboratoriyasının rəhbəri, Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin “Bitki fiziologiyası” kafedrasının professoru, Moskva fiziki-texnika institutunun molekulyar və hüceyrə biologiysi kafedrasının professoru, Azərbajcan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutununun “Bionanotexnologiya” laboratoriyasınin rəhbəri, Koreya elmi-texniki institutununa dəvət olunmuş adjunkt professordur.
    Qocaman neftçi – indi təqaüddə olsa da, özünü daim neftçi hesab edir – Əbülfət Hacıyevə bu məlumatlara görə təşəkkür edir, görkəmli alim Süleyman Allahverdiyevə isə yeni-yeni uğurlar arzulayırıq.

    İttifaq MİRZƏBƏYLİ,
    Əməkdar jurnalist

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ