Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir. Görünür, ayrılıqlar kimi, vüsallar da tale yazısıdır. Bir-birinə məhəbbətlə dolu iki ürək on səkkiz ildən sonra Fəxri xiyabanda əbədi qovuşdu.
Zərifə xanım Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Üstəgəl gərgin iş və elmi fəaliyyət…
Bəradər Səməndərli
"Atributinfo.az"
