İmişli şəhəri, N.Nərimanov adına 1 saylı, 1440 nəfər şagirdin təhsil aldığı məktəb-liseydə oldum. Direktor əvəzi Ülviyyə Hüseynova və kollektiv ilə məsələləri müzakirə etdik. İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var. Bu məktəbin 2021-2022 təhsil ilində 6 şagirdi 600-dən çox bal toplayıb. Bir qızıl medal mükafatçısı var.
Məktəbin anbarı olmadığına görə akt zalı anbar kimi istifadə olunur. Şəkildən də göründüyü kimi akt zalında stullar da yoxdur. Birinci növbədə məktəbin akt zalı gərək lazımi avadanlıqlarla təmin edilsin. Bir məktəbdə toplantı keçirməyə yer olmasa orada inkişaf necə ola bilər? Kütləvi tədbirlər küçədə, qışda da məktəbin həyətində keçirilir.
Məktəbin xarici dil dərsləri də axsayır. Otaq çatışmazlığı ucbatından qruplara bölünə bilmir. 30 uşaq bir yerdə əcnəbi dil öyrənə bilərmi? Cavab təbii ki, yox.
Məktəbdə cəmi bir ağıllı lövhə var. Məktəbin gözəl kollektivi var və onlar şagirdlərə bilik öyrətməkdə maraqlıdır, əzmləri, həvəsləri var. Ona görə də əlavə bir neçə ağıllı lövhəyə ehtiyac var və təmin olunması üçün gərək çalışaq.
Biz sovet vaxtından əzbərçilik və nəzəriyyə ilə öyrənmişik. Əyani vəsaitlər ya olmayıb, ya da elə anbarda yatıb qalıb. Bu məktəbdə də tarix, coğrafiya, kimya, biologiya və fizika üzrə əyani vəsaitlər yoxdur.
Hətta, bu böyüklükdə məktəbin transformatoru da yoxdur. Qışda xətlər yükləndiyindən işıqlar tez-tez keçir.
Bu məsələləri təhsil naziri ilə müzakirə edəcəm, nəticəyə nail olmağa çalışarıq.
/atributiinfo az/
