Bu barədə məlumat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.
Qeyd olunub ki, yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçılması işçi heyətinə xatırladılmalı, həmçinin xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, kirli səthlərin yuyulub təmizlənməsi prosedurları barədə mütəmadi təlimatlandırma həyata keçirilməlidir.
Müəssisədə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməlidir. Məsul şəxs təmizlik və dezinfeksiya işlərinin dövriliyi, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları barədə məlumatlarla təmin edilməlidir.
