Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda şəhid məzarları ziyarət olundu

    2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Saatlı rayonundan olan İbrahimov Elmir Akif oğlunun, Adıgözəlov Ceyhun Çoban və Ağayev Cavanşir Niyaməddin oğlunun əziz xatirəsi yad olunmuş, məzarları üzərinə tər gül dəstələri düzülmüşdür.
    Şəhidlərimizin şəhadətə yüksəlməsinin ikinci ildönümü münasibətilə təşkil olunan mərasimlərdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri və şəhid ailələri iştirak edib. Belə ki, mərasim iştirakçıları tərəfindən şəhid ailələri ziyarət olunub, onların qayğı və problemləri ilə maraqlanılıb.
    Anım günlərində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhadətə ucalmış şəhidlərimizin qəhrəmanlıqlarından danışıb, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidlərin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbir diləyib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Azərbaycan xalqına qələbə sevincini yaşadan igidlərimizin xatirəsinin yaddaşlardan silinməyəcəyini vurğulayıb. Qeyd olunub ki, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir və bu məsələlər daim diqqətdə saxlanılır.
    İbrahimov Elmir Akif oğlu 2 may 1996-cı il Saatlı rayonu Mərzəli kəndində anadan olub. Ailənin yeganə oğul övladı idi.
    Elmir II Qarabağ savaşına könüllü yollanıb. Peşəkar sürücü idi, idarə etdiyi nəqliyyat vasitəsi ilə çətin yollarla ön cəbhədə olan hərbçi yoldaşlarına təminat, silah-sursat çatdırıb. Hadrut, Laçın, Şuşa ətrafında gedən döyüşlərdə iştirak edib, hərbi qənimətlər ələ keçirib. Elmir İbrahimov 8 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Daşaltı kəndi istiqamətində minamyot atəşi ilə şəhidlik zirvəsinə ucalıb.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, habelə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən əsgər Elmir İbrahimov ölümündən sonra "Vətən uğrunda" , “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
    Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elmir İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
    Ceyhun Çoban oğlu Adıgözəlov 12 oktyabr 1994-cü ildə Saatlı rayonu Azadkənd kəndində dünyaya gəlib. Əsgər Ceyhun Adıgözəlov Vətən müharibəsində iştirak edib, Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ceyhun 6 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
    Şuşa, Füzuli, Cəbrayıl və Xocavənd bölgələrinin işğaldan azad edilməsi uğrunda şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ceyhun Adıgözəlov ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə, həmçinin "İgidliyə görə" medalı ilə təltif edilib.
    Ağayev Cavanşir Niyaməddin oğlu 01 may 1999-cu ildə Saatlı rayonu Fətəlikənd kəndində anadan olub. Ailənin yeganə oğul övladı idi.
    Cavanşir Vətən müharibəsində igidlik və mərdlik göstərərək 06.11.2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Cavanşir Ağayev ölümündən sonra "Vətən uğrunda" «Cəsur döyüşçü» "Cəbrayılın azad olunmasına görə" və «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilib.
    Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
    Şəhidlər ölməz, Vətən bölünməz!

    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ