
Nizamişünas alim, AMEA Gəncə bölməsi, Nizami Gəncəvi Mərkəzinin direktoru
Mənbəni göylərin gözündən alıb,
Sıxmısan köksünə «Maral»ı, Göygöl.
Cənnətin özüsən dağlar qoynunda,
Düşmək olmur səndən aralı, Göygöl...
Bəradər müəllimin ədəbiyyat gecəsində, şeir məclisində və ən əsası da "Bu dünyaya imtahana gəlmişik" şeirlər kitabının təqdimatında məhz Göygöl mövzusu kontekstində çox məzmunlu, Vətənə məhəbbət dolu şeirlər dinlədik...
Yaddaşımızdan, xatirələrimizdən heç vaxt silinməyəcək bir ədəbiyyat təntənəsi yaşadıq! Kitab təqdimatı çərçivəsində yaşadığımız bu ədəbiyyat hadisəsində həm ədəbiyyatımız, həm milli mənəvi dəyərlərimiz, həm də mədəniyyətimiz var idi.
Bəradər Səməndərlinin yaradıcılığı kontekstində, müstəvisində Göygöldə iştirak etdiyimiz ədəbi-mədəni hadisə ilk olmadığı kimi son da deyil, əlbəttə ki...Son dövrlərdə şair və yazıçıların yaradıcılıq gecələri ilə yanaşı, rayon ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, müəssilərində planlı şəkildə təşkil edilən tədbirlər bu ulu diyarın sahib olduğu ədəbi düşüncə potensialının bariz nümunəsidir. Göygölün öz bir möcüzəvi gözəlliyyə sahib olduğu kimi hər qarşında əcdadlarımızın izləri, ləpirləri olan bu qədim yurd yerimizin sakinləri də böyük istedada, yüjsək vətənpərvərliyə sahibdirlər. Hər bir ziyalı kimi bizləri sevindirən də məhz vətənimizin bu guşəsinin sahib olduğu potensialın üzə çıxarılması, inkişaf etdirilməsi istiqamətində rayon rəhbərindən başlamış hər bir işçinin bu vətənşümul xidmətə könül verməsidir. Bu duyğuları bizə yaşadan, təqdimatın yüksək səviyyədə təşkilinə görə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Pashayevə, YAP Göygöl Rayon Təşkilatının sədri Vuqar İsayevə, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayon Mədəniyyət Mərkəzinin rəhbərliyinə, kollektivinə, iştirakçılara,çıxışçılara, şeirləri və musiqiləri səsləndirən rayon məktəblilərinə, səhnə arxası qəhrəmanlara, zəhməti olan hər kəsə minnətdarlığımızı bildiririk!
Bəradər Səməndərli yaradıcılıq işinin xeyir-duasını Vətən ünvanlı şairimiz Məmməd Arazdan almış bir insandır. Tədbir iştirakçılarının hər biri, demək olar ki, şıxışında bu düşüncənin üzərində dayandılar ki, bu da Bəradər müəllimin yaradıcılıq sirlərinin mühüm akkordlarını təşkil edir.
Bəradər müəlimin "Bu dünyaya imtahana gəlmişik" şeirlər kitabında bir ömür borclu olduqlarımız- Vətən, Ana, Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz yüksək şeiriyyətlə tərənnüm olunmuşdur ki, bu da öz növbəsində bu təqdimatın həm də vətənə xidmətin ədəbiyyat, mədəniyyət kodeksli bir nümunəsidir.
Millət vəkili, akademik, hörmətli elmi rəhbərim Nizami Cəfərov təqdimatı keçirilən "Bu dünyaya imtahana gəlmişik" kitabı haqqında ön sözdə yazır: Kitaba daxil edilmiş, şeirlərdən ən dəyərlisi, ən mükəmməli, ən təsirlisi, heç subhəsiz, "Ali Baş Komandanım"dır:
San heyrətə salmısan dünya liderlərini,
Qarabağ savaşında qazandığın zəfərlə.
Qadim tariximizə yeni nəfəs gətirdin,
Ürəklərə əbədi köçdün "yeni əsər "lə,
Ey Allahın seçdiyi Alicənab İnsanım,
Ali Baş Komandanım!
Bu, o şeirdir ki, yalnız Ali Baş Komandanın hərbi dühasını, dövlət başçısı olaraq məharətini, xalqın Lideri olaraq şücaətini təsvir eləmir, həm də ardınca gedən millətin, cəmiyyətin inamını, ehtiramını dilə gətirməklə Lider-xalq birliyini tərənnüm edərək həcmcə o qədər də böyük olmayan şeirdə bütöv bir dastanın bədii
emosiyasını verir.
Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova həm Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin salamını və hədiyyəsini, həm də öz ürək sözlərini əziz şairimizə çatdırdı. Eyni zamnda Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev belə tədbirlərin gənclərimizdə, məktəblilərimizdə milli-vətənpərvərlik ruhunun inkişaf etdirilməsindəki əhəmiyyətindən, Millət vəkili Pərvin Kərimzadə Bəradər Səməndərlinin qələminin, yaradıcılığının saf və ülviyyətindən, vətənə xidmətindən, Göygöl rayon Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova rayon rəhbərliyinin bu qəbildən olan tədbirlərin təşkilinə verdiyi dəstəkdən, göstərdiyi xidmətdən, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Bəradər Səməndərli yaradıcılığının mövzu rəngarəngliyindən söhbət açdılar.
Görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, rayon ziyalıları Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Xanəliyev Bəradər Seyfulla oğlunun - Bəradər Səməndərliyə ən xoş arzularını, diləklərini çatdırıb, yeni-yeni yaradıcılıq uğurları arzuladılar.








