
Gənc istedadlı şairə xanım, saz-söz sənətkarı
Ayşə Səyyadqızını oxuculara təqdim edirik.
Dünya
İnsan arxalansa şöhrətə, ada,
Bilsin ki, əlindən alandı dünya.
Kiminə dərd verir, kiminə dərman,.
Yenə öz havasın çalandı dünya.
İnsan şükr eyləsin yaxşı vaxtına,
Mindirmir hər kəsi şahlıq taxtına.
Allah qələm çəksə qulun bəxtinə,
Hər kəs anlayar ki, yalandı dünya.
Ayşə, sən aldanma bostana, bağa,
Həyat yandıranda, nə qul, nə ağa?
Bir gün qaldırarsa zirvəyə, dağa,
Bir gün dağ başından salandı dünya.
Yalandı, yalandı, yalandı dünya!
Qorxma dünyada
Qorxun namərddən olsun,
Mərddən qorxma dünyada.
Allahdan sənə gələn,
Dərddən qorxma dünyada.
Demə ki, mənə neylər,
Can çağırar, can söylər.
Candan can deyən eylər,
Sərtdən qorxma dünyada.
Düşünmə heçdən deyib,
Daxildən içdən deyib,
Atalar üçdən deyib,
Dörddən qorxma dünyada.
Heç kəsə demə
Alışdım dünyada bir Kərəm kimi,
Yandım yandığımı heç kəsə demə.
Bir soyuq baxışdan, bir buz ürəkdən,
Dondum, donduğumu heç kəsə demə.
"Aşiq" var ürəyi məhəbbətə dar,
Ona fərq eyləməz nə qış, nə bahar.
Səni gecə-gündüz , ey sevgili yar,
Andım andığımı heç kəsə demə.
Çox keçdi taleyim dünyada sınaq,
Çox etdi ağılım qəlbimi qınaq.
Yanıldım özümü əbədi qonaq,
Sandım, sandığımız heç kəsə demə.
Dayaz gölməçəni, dərin dəryanı,
Ruhum dərk elədi duyub hər yanı.
Qəlbimdə qurandan özüm dünyanı,
Dandım, dandığımı heç kəsə demə.
Ey Kərim, ey Rəhim, ey Nur, ey Əhəd,
Ey Mənnan, ey Varis, Allahu Səməd,
Qul tək düşmənə də səndən mərhəmət,
Umdum, umduğumu heç kəsə demə.
