Bəradər Səməndərli
QIZ, MƏNİ ÖLDÜRƏCƏKSƏN
Dur, könlümə güzar eylə,
Yanan qəlbə nəzər eylə.
Bu nazu-qəmzələr ilə
Nə qədər dərd verəcəksən?
Qız, məni öldürəcəksən.
Sönük ocaq, həzin səsəm,
Qoyma taleyimdən küsəm.
Dünyaya əlvida desəm,
Sən dalımca gələcəksən?
Qız, məni öldürəcəksən.
Sənin də qəlbin dağlımı,
Dasamı yazım halımı?
Başdan almısan ağlımı,
İnsan deyilsən, mələksən,
Qız, məni öldürəcəksən.
Bu nə sevdadı başımda,
Günəş nur saçır qarşımda.
Bilirdim ki, bu yaşımda,
Bu sevdaya güləcəksən,
Qız, məni öldürəcəksən.
Gün gələcək, duyacaqsan,
Günahını yuyacaqsan?
Yatmağa qoymayacaqsan,
Yuxuma da girəcəksən,
Qız, məni öldürəcəksən.
Dünya gülür sən güləndə,
Duman gedir çən gələndə.
Yalnız Bəradər öləndə,
Nə çəkdiyin biləcəksən,
Qız məni öldurəcəksən.
ZƏMANƏ EDİBDİ DİVANƏ MƏNİ
Elə bilmə səndən ötrü dəliyəm,
Zəmanə edibdi divanə məni.
Qənirsiz gözələ, saf məhəbbətə
Tanrı yaratmayıb biganə məni.
Zəmanə edibdi divanə məni.
Əl gözə baxmayır, göz ələ baxır,
Gözün adətidir, gözələ baxır.
Öldürər, yaşadar gözələ baxır,
Alıbdı gözləri nişanə məni,
Zəmanə edibdi divanə məni.
Boyağlı gözəllər baş qaldırıbdı,
Dodaq şişirdibdi, qaş aldırıbdı.
Gözəl var mələklə qoşa durubdu,
Şam özün edibdi, pərvanə məni,
Zəmanə edibdi divanə məni.
*** *** *** *** ***
Tərəzi bürcüyəm-haqqın vurğunu,
Başım çox çəkibdi hiylə, qurğunu.
Şeir dəlisiyəm, fikir yorğunu
Taleyim salıbdı dumana məni,
Zəmanə edibdi divanə məni.
Başa tərif deyən ayaqdan çəkir,
Sevinci şumlayır, kədəri əkir.
Kömək istəyəndə yaxasın çəkir,
Deyir ki, gətirmə gümana məni,
Zəmanə edibdi divanə məni.
Bu da bir qismətdi Bəradər, olsun,
Mənfiylə müsbət də bərabər olsun.
Böyük Yaradana şükürlər olsun,
Belə xəlq eyləyib cahana məni,
Zəmanə edibdi divanə məni.
HƏRDƏNBİRXƏYAL KÜLƏKSƏN
Səndən mənə yar olarmı?
Hərdənxəyal bir küləksən.
Girmisən Şeytan cildinə,
İblis donunda mələksən,
Hərdənbirxəyal küləksən.
Bu qız sözdən söz çıxarır,
Kül içindən köz çıxarır.
Gözəlliyin göz çıxarır,
Guya ki, dünyada təksən,
Hərdənbirxəyal küləksən.
Sürürsən ,,Hunday-Sonata,,
Bəlkə ulduzsan səmada?
Qızardıb səni "pomada",
Yanaqları çiyələksən,
Hərdənbirxəyal küləksən.
Boyayıbsan üz-gözünü;
Yerişin, duruşun süni.
Soxma gözümə özünü,
Demə, mənimçün hələksən,
Hərdənbirxəyal küləksən.
Yatandan zirək olmayır,
Kətandan ipək olmayır.
Hər gözəl göyçək olmayır,
Nə olsun gözəl, göyçəksən,
Hərdənbirxəyal küləksən.
Şirinliyin, dadın yoxsa,
İstiliyin, odun yoxsa,
Ürəyində adım yoxsa,
Çətin məni sevəcəksən,
Hərdənbirxəyal küləksən.
Bir məni salsana yada,
Nə xəbərsən, nə mübtəda.
Səndən yoxdu ki, dünyada,
Könül evimə ,,dirəksən,,
Hərdənbirxəyal küləksən.
Saçlarına salmısan dən,
Xəbərin var Bəradər?
Əllərini əllərimdən
Yaxşı olardı ki, çəksən,
Hərdənbirxəyal küləksən,
