Sizin reklam burada
Sizin reklam burada
  • Balaca oxuculara böyük töhfə

    Balaca oxuculara böyük töhfə
    “Leylalı nəğmələr” işıq üzü gördü

    Uşaq ədəbiyyatı bütün dövrlərdə aktual olub. Texnoloji proseslərin yüksək sürətlə artdığı XXI əsrdə də bu məsələ yenə gündəmdədir. Təbii ki, balaca oxucular üçün dünyanın, eləcə də Azərbaycanın məşhur yazıçılarının kifayət qədər əsərləri var. Hətta ancaq uşaqlar üçün şeirlər, hekayələr və povestlər qələmə alan yazarlar da kifayət qədərdir.
    Əslində buna ehtiyac var və balacalar üçün nə qədər yazılsa, yenə də azdır. Görünür, pedaqoji sahədə zəngin təcrübə toplayan Nahidə Əhmədova da məhz bu cəhətləri nəzərə alır və uşaq ədəbiyyatı sahəsində bir-birindən maraqlı əsərlər yaradır.
    Nahidə Xəqani qızı Əhmədova Azərbaycan dili və ədəbiyyat müəllimidir. Onun “Arzular, arzular” və “Ümidlər” kitabları işıq üzü görüb. “Maarif” nəşriyyatı tərəfindən yenicə çap olunmuş “Leylalı nəğmələr” isə müəllifin oxucularla üçüncü görüşüdür. Kiçik və orta yaşlı uşaqlar üçün yazılmış bu kitabı Nahidə Əhmədovanın çoxşaxəli yaradıcılığının növbəti məhsulu kimi də dəyərləndirmək olar.
    Kitabın annostasiyasında qeyd olunduğu kimi, istedadlı şair və gözəl yazıçı Nahidə Əhmədova uşaqların böyümək, qurub-yaratmaq arzularını, onların şən, qayğısız həyatını, vətənə, yurd yerinə sevgisini, təbiətə doğma münasibətini ustalıqla tərənnüm edir. “Leylalı nəğmələr”ə ön söz yazan yazıçı-publisist Vaqif İsaqoğlu isə sanki oxucular üçün bələdçi rolunu oynayır: “Leylalı nəğmələr” kitabında ədəbi qəhrəmanlar çoxdur. Onların içərisində bir-birindən fərqlənən uşaqlar da az deyil. Hər uşağın özünəməxsus psixologiyası var. Hər uşağın hərəkəti, davranışı, həyata baxışı, düşüncəsi… şeir və hekayələrdə aydınca hiss olunur.
    Şeir və hekayələrin əsas qəhrəmanı Leyla adlı bir qızdır. Leyla gülərüz, şən və mehribandır. Məktəbdə oxuyur, əlaçıdır. Hamı ondan razılıq edir”.
    Bu kitabda balacalar üçün qələmə alınan “Günəşə oxşayır”, “Leyla həkim”, “Kəpənək”, “Çiçək qoxuyur Leyla”, “Yenə yaz gəlib” və başqa şeirlər, həmçinin “Gül mürəbbəsi”, “Ana torpaq”, “Yağış ətri”, “Balıq ovu” və digər hekayələr çox sadə dildə yazıldığından uğurlu alınıb. Məsələn, “Çiçək açaram” şeirində oxuyuruq:

    Bağda gül açdı,
    Arzu dil açdı.
    Dedi: - Ay nənə,
    Yaz gəlib yenə.
    Necə gözəldi,
    Güllər, çiçəklər.
    Nəğmə oxuyur,
    Quşlar, böcəklər.
    Hamı sevinir,
    Bahar gələndə.
    Çiçək açaram,
    Ay nənə, mən də.

    Belə misralardan çox gətirmək olar. Müəllif uşaq psixologiyasını yaxşı bildiyindən, mövzuya yanaşma tərzində də bu, özünü göstərir.
    Yazıçının aşağıdakı qeydləri isə bir daha Nahidə Əhmədovanın uşaq dünyasını nə qədər sevdiyinin göstəricisidir: “Bu gün mənim üçün unudulmaz günlərdən biri idi. Çünki uşaqlar üçün yazdığım “Leylalı nəğmələr” kitabını qızım Əhmədova Leylanın təhsil aldığı “Ankara məktəbi” məktəb-liseyinin 2ç sinfinə təqdim etdim. Gül balaların üzündə olan təbəssüm, kitaba sevgi məni daha da xoşbəxt etdi. Bu fidanların təhsil alması üçün yaradılan hərtərəfli şəraitə görə bir valideyn kimi məktəbin direktoru Səmayə xanım Eynullayeva və 2ç sinfinin rəhbəri Gülnarə xanım Qədirovaya öz təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, “Ankara məktəbi” respublika üzrə ən yaxşı məktəblərin sırasına daxil edilib.

    Mahir Nemətoğlu

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ