Bunu Atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Onun sözlərinə görə, Laçının 1992-ci il mayın 18-də işğalı xalqımız üçün böyük faciə olmaqla yanaşı, məkrli siyasi məqsədlərə xidmət edirdi:
“İşğal dövründə rayonun yaşayış məntəqələri, məktəbləri, səhiyyə müəssisələri, dini və tarixi abidələri dağıdıldı, təbii sərvətləri talan edildi. Ermənistan qanunsuz məskunlaşdırma apararaq ərazinin demoqrafik tərkibini dəyişdirməyə çalışdı. Lakin Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində Laçın siyasi və hərbi iradəmiz sayəsində Azərbaycana qaytarıldı”.
Qeyd olunub ki, 2020-ci il dekabrın 1-də Laçın rayonu, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürülüb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın Şəhəri Günü elan edilməsi bu tarixi qələbənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu gün Laçında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yollar, tunellər, körpülər, yaşayış məhəllələri, məktəblər, sosial və turizm obyektləri inşa olunur. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə rayonun nəqliyyat, logistika və turizm imkanlarını daha da genişləndirəcək”, – deyə Mircəlil Qasımlı bildirib.
Laçının enerji potensialının da sürətlə inkişaf etdiyi vurğulanıb. Rayonun çayları üzərində qurulan və bərpa edilən kiçik su elektrik stansiyaları bölgənin “yaşıl enerji” zonasına çevrilməsinə mühüm töhfə verir.
Bildirilib ki, Böyük Qayıdış Proqramı çərçivəsində Laçın şəhərinə, Zabux, Sus, Bəylik və digər kəndlərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Yüzlərlə ailə artıq doğma yurduna dönərək burada yeni həyat qurub.
“Laçınlıların 31 ildən sonra öz doğma torpaqlarına qayıtması tarixi ədalətin bərpasıdır. Bu qayıdış yalnız evlərə dönüş ydeyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və qələbəmizin təntənəsidir. Əminik ki, Laçın yaxın illərdə Azərbaycanın ən müasir və inkişaf etmiş bölgələrindən birinə çevriləcək”, – deyə Mircəlil Qasımlı vurğulayıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
