Görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyaşöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da səhnəyə çıxırlar. Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü gününün axşam proqramında Əməkdar artist Sahib Paşazadənin (tar) rəhbərlik etdiyi ansambl ifaçıları müşayiət edib.
Əməkdar artistlər Bəyimxanım Vəliyeva və Təyyar Bayramov, muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov və Kamilə Nəbiyeva bir sıra bəstəkar mahnılarını, eləcə də muğamları böyük məharətlə ifa ediblər. Muğam ifaçılarını tarda Əməkdar artistlər Sahib Paşazadə və kamançada Toğrul Əsədullayev, nağarada Kamran Kərimov, balabanda Rafael Əsgərov, tarda Rüstəm Müslümov, udda Şəfa Kərimov, bəm tarda İlkin Həsənov, bəm nağarada Hüsaməddin Əzizov və kamançada Ceyhun Muradov müşayiət ediblər.
Konsert proqramında Azərbaycan muğam məktəbinin sevilən nümunələri – “Dilkəş”, “Bayatı-Şiraz”, “Segah” və “Şur” təsnifləri səsləndirilib. Eyni zamanda, N.Feyzullayevin “Ay qız” əsəri, “Vətən” kompozisiyası və “Qarabağ şikəstəsi” zərbi muğamı tamaşaçılara təqdim olunub.
Muğam ifaçısı, Əməkdar artist Təyyar Bayramov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının ən yaddaqalan proqramlarından biri olan muğam axşamı milli musiqi irsinin zənginliyini bir daha nümayiş etdirir. Təşkilatçılara bütün ifaçılar adından təşəkkür edən Əməkdar artist festivalın yüksək səviyyədə təşkil olunduğunu, insanların belə musiqi axşamlarından böyük zövq aldığını diqqətə çatdırıb.
Muğam axşamına qatılan fəxri qonaqlar sırasında deputat, Xalq artisti Polad Bülbüloğlu da vardı. Azərbaycan musiqisini dünyada təbliğ və tərənnüm edən Xalq artisti də fikirlərini AZƏRTAC-ın əməkdaşı ilə bölüşüb. “Çox şadam və əminəm ki, muğamımız etibarlı əllərdədir. Mən bu gün feyzyab oldum. Gənc solistlərimiz artıq qədim muğamlara yeni üsullar gətirirlər”, - deyən Xalq artisti hər bir ifaçının üslubunu, oxu tərzini yüksək qiymətləndirib. Polad Bülbüloğlu Azərbaycanda muğam məktəbinin qorunub saxlanmasını, inkişaf etməsini milli-mənəvi dəyərlərə bağlılıq kimi qiymətləndirir və inanır ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının da ardı gələcək və daha böyük yubileyləri qeyd olunacaq.
Qədim muğam ənənələrinin peşəkar ifaçılar tərəfindən təqdim edilməsi tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Muğamsevərlər ifaçılara gül dəstələri hədiyyə edib, xatirə şəkli çəkdiriblər.
