Sizin reklam burada
Sizin reklam burada
  • İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

    Cari ilin yay mövsümü ərzində isti hava şəraiti ilə əlaqədar işçinin səhhətinin pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə 1 məlumat daxil olub və həmin məlumat əsasında hazırda araşdırma aparılır.

    Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ilin isti dövründə əmək qanunvericiliyinin bu sahədə müəyyən etdiyi tələblər və həmin tələblərə əməl olunmasının vacibliyi barədə işəgötürənlər və işçilər media, xidmətin rəsmi internet səhifəsi, sosial media hesabları, eləcə də maarifləndirici seminar və təlimlər vasitəsilə mütəmadi olaraq məlumatlandırılırlar.

    Həmçinin qeyd edilib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Eyni zamanda, Məcəllənin 2 nömrəli əlavəsinə əsasən havanın temperaturu 41 dərəcədən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.

    Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.

    İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

    Həmçinin işəgötürən ilin isti vaxtlarında açıq havada və isti sexlərdə çalışan işçilərin istirahəti üçün otaqlar hazırlamalıdır.

    İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.

    İşlərin dayandırılması və fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

    Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci və 222-ci maddələrinə uyğun olaraq işəgötürənlər iş yerlərində əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini təmin etməli, sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil etməli, bu sahədə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidirlər.

    Əməyin mühafizəsi qaydalarının pozulması, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 198 və 199-cu maddələrinə əsasən inzibati məsuliyyətə səbəb olur.

    Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ