Sizin reklam burada
Sizin reklam burada
  • Şəki şəhərinin tarixi, mədəni və turistik məkanlarına maarifləndirici ekskursiya təşkil edilmişdir

    5 iyul 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin birgə təşkilatçılığı ilə Şəki şəhərinin tarixi, mədəni və turistik məkanlarına maarifləndirici ekskursiya təşkil edilmişdir.

    "Atributinfo.az" xəbər verir ki, səfər çərçivəsində iştirakçılar Azərbaycanın qədim tarixini və memarlıq ənənələrini özündə yaşadan Şəki şəhərinin bir sıra görkəmli abidələrini ziyarət etmişlər. Gənclər Şəki Xan Sarayında olmuş, sarayın memarlıq xüsusiyyətləri, nadir şəbəkə sənəti nümunələri və tarixi əhəmiyyəti barədə ətraflı məlumatlandırılmışlar. Daha sonra Şəki Karvansarayına baş çəkilmiş, qədim İpək Yolunun mühüm dayanacaqlarından biri olan bu tarixi məkanın keçmişi və bölgənin ticarət həyatındakı rolu haqqında məlumat verilmişdir.

    Ekskursiya iştirakçıları həmçinin Şəki Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək bölgənin zəngin tarixi, etnoqrafiyası, mədəniyyəti və görkəmli şəxsiyyətləri ilə bağlı eksponatlarla tanış olmuşlar. Səfər zamanı Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində də olmuş, ölkəmizdə qədim sənət ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat əldə etmişlər.

    Ekskursiya boyunca iştirakçılara Azərbaycanın tarixi-mədəni irsinin qorunması, şəhərsalma və memarlıq sahəsində son illərdə əldə olunan uğurlar, eləcə də ölkəmizin mədəni inkişaf strategiyası haqqında ətraflı məlumatlar təqdim edilmişdir. Bu cür tədbirlərin gənclərdə milli kimlik şüurunun formalaşmasına, tariximizə və mədəniyyətimizə marağın artırılmasına mühüm töhfə verdiyi xüsusi vurğulanmışdır.

    Səmimi və xoş atmosferdə keçən görüş zamanı partiya fəallarından Hacı Dadaşov ad günü münasibətilə təbrik edilmiş, ona gələcək fəaliyyətində uğurlar arzulanmışdır. Həmçinin partiya işində göstərdiyi fəallığa görə Hacı Dadaşova diplom və xatirə hədiyyəsi təqdim edilmişdir.
    Tədbir iştirakçıları onlar üçün yaradılmış bu şəraitə görə təşkilatçılara minnətdarlıqlarını ifadə etmiş, belə maarifləndirici və mədəni tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulamışlar.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ