Azərbaycan Ordusunun bugünkü gücünün əsasında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Ulu Öndər hər zaman vurğulayırdı ki, müstəqil dövlətin güclü ordusu olmalıdır. Məhz onun rəhbərliyi ilə müstəqilliyimizin ilk illərində ölkədə nizami ordu quruculuğu prosesi başlanmış, Silahlı Qüvvələrin formalaşması üçün möhkəm siyasi və təşkilati əsaslar yaradılmışdır.
Hələ sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması gələcək milli hərbi kadrların hazırlanması baxımından mühüm addım idi. Sonrakı illərdə bu siyasət müstəqil Azərbaycanın ordu quruculuğu prosesində mühüm rol oynadı.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bu qərar həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun yaradılması ənənəsinə verilən yüksək qiymət, həm də müstəqil dövlətimizin ordu quruculuğu siyasətinin davamlılığının göstəricisi idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoydu. Son illərdə ordumuzun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnika ilə təchizatı təmin edildi, şəxsi heyətin döyüş hazırlığı artırıldı, hərbi qulluqçuların sosial müdafiəsi daim diqqət mərkəzində saxlanıldı.
Bu məqsədyönlü siyasətin nəticəsi 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində özünü aydın şəkildə göstərdi. Azərbaycan Ordusu döyüş meydanında gücünü, peşəkarlığını və yüksək vətənpərvərlik ruhunu bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, xalqımızın həsrətinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam təmin edildi.
Bu gün Azərbaycan Ordusu qalib ordudur. Ordumuz təkcə müasir texnika və silahlarla deyil, həm də yüksək mənəvi ruh, Vətənə sədaqət və xalqına bağlılıqla seçilir. Azərbaycan əsgəri Vətən müharibəsində göstərdi ki, onun üçün torpaq, bayraq və dövlət müqəddəsdir.
Son illərdə komando hərbi hissələrinin yaradılması, peşəkar hərbi heyətin formalaşdırılması, Milli Müdafiə Universitetinin təsis edilməsi, hərbi təhsil sisteminin təkmilləşdirilməsi Silahlı Qüvvələrimizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Ordusu bu gün müasir dövrün çağırışlarına cavab verən çevik, güclü və peşəkar ordudur.
Azərbaycanın Türkiyə, Pakistan, İsrail və digər tərəfdaş ölkələrlə hərbi-texniki əməkdaşlığı da ordumuzun imkanlarının daha da genişlənməsinə xidmət edir. Xüsusilə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsidir.
26 İyun həm də şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anmaq, qazilərimizin qəhrəmanlığını yüksək qiymətləndirmək və Azərbaycan əsgərinə minnətdarlığımızı ifadə etmək günüdür. Bugünkü güclü Azərbaycan onların fədakarlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti sayəsində mümkün olmuşdur.
Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və xalqımızın təhlükəsizliyinin etibarlı təminatçısı olacaqdır. Güclü ordu güclü dövlət deməkdir. Qalib Azərbaycan Ordusu isə xalqımızın qürur mənbəyi və müstəqil dövlətimizin sarsılmaz dayağıdır.
Mircəlil Qasımlı
Milli Məclisin deputatı
