Sizin reklam burada
Sizin reklam burada
  • GÜNƏBAXANIN PAS XƏSTƏLİYİ VƏ ONA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNİN APARILMASI

    ]İbrahim Cəfərov
    AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor

    Son onillikdə ölkəmizin Qərb bölgəsində günəbaxan plantasiyalarının sahəsi genişıənməkdədir. Günəbaxan çoxlu sayda xəstəlik törədiciləri ilə yoluxur, bu zaman həm məhsuldarlığa, həm də istehsal edilən məhsulun keyfiyyətinə ciddi zərər dəyir. Bitkinin yeraltı, yerüstü və səbətlərin xəstəlikləri müxtəlif səbəblərdən qaynanmaqla, aqronomların, fermerlərin diqqətini cəlb etməkdədir. Bu xəstəliklərdən biri də pas hesab edilir. PATOGENİN MORFOLOGİYA VƏ BİOLOGİYASI
    Mütəxəssislər bilirlər ki, pas xəstəliklərini törədən göbələklərin bir qismi vegetasiya dövrü inkişaf tsikllərini başa çatdırmaq üçün aralıq sahib bitilərindən istifadə edirlər, bu fitopatogen orqanizm inkişaf tsiklində 3 mərhələ, 5 spor tipi formalaşdırırlar. Lakin günəbaxan bitkisində pas xəstəliyini törədən Puccinia helianthii göbələyi tam inkişaf tsiklinə malik olan təksahibli növdür. Bununla bərabər bəzi ədəbiyyat mənbələrində göstərilir ki, patogen günəbaxandan əlavə pıtraq (Xanthium strumarium) bitkisini də yoluxdurur, bu isə günəbaxan üçün əlavə infeksiya mənbəyidir. Qeyd etmək istəyirəm ki, günəbaxanda pas xəstəliyinin törədicisi obliqat, yəni həqiqi parazitdir, alman mikoloqu Anton de Bariyə görə sağlam toxuma hesabına yaşayır. Yazda günəbaxanın yerə tökülmüş toxumlarından alınan cücərtilərin yarpaqlarının üst tərəfində spermaqonilər inkişaf edir, burada spermasiyalar formalaşır. Onlar mayalanma funksiyasını yerinə yetirirlər, bu zaman yarpaqların alt tərəfində etsi və etsisporlar formalaşır, Spermaqoni spermasiyalarla, etsi etsisporlarla fitopatogenin etsi vəya yaz mərhələsidir. Günəbaxan etsisporlarla yoluxduqdan sonra uredinalarda uredinisporlar meydana çıxır. Bu yay mərhələsi hesab edilməklə, bir- neçə inkubasiyalar formalaşdırır, nəticədə kütləvi yoluxma baş verir. Bu zaman yarpaqlardan əlavə saplaqlar, çiçəkyanlıqları, səbətin əks tərəfi, bitkinin gövdəsinin təpə hissəsi sirayətlənir. Vegetasiyanın sonunda günəbaxanda tünd-qonur, mərkəzə doğru dartılmış, uzun, rəngsiz ayaqcıq üzərində teleytosporlar meydana çıxır. Xəstəlik törədici Puccinia helianthi göbələyi teliomərhələdə tarlada qışlayır, bundan sonra o yazda bərpa olunur Xəstəliyin infeksiya mənbəyi uredino və teleytosporlardır. Bəzi mənbələr yazırlar ki, patogenin bir sıra fizioloji rasları da mövcuddur.
    YAYILMASI:
    Dünyanın müxtəlif ölkələrində günəbaxanın pas xəstəliyini tədqiq edən alimlər göstərirlər ki, bitki ilə xəstəliyin arealı üst-üstə düşür, yəni harada günəbaxan varsa, orada da pas mövcuddur. Avropanın bir çox ölkələri ilə yanaşı xəstəliyə MDB məkanında Rusiya, Qazaxstan, Ukrayna , kimi ölkələrdə də rast gəlinir. Son illər ölkəmizdə də fermerlər üçün ciddi problemlər yaradır.
    EKOLOGİYASI:
    Havanın yüksək temperaturu və qısamüddətli yağıntılar nəticəsində yaranan nəmlik xəstəliyin intensiv əmələ gəlməsinə səbəb olur. 18-20C temperatura uredinosporlarln intensiv formalaşmasına stimuləedici təsir göstərir.
    ZƏRƏRİ:
    Ayrı-ayrı illərdə becərilən günəbaxan sortunun və hibridinin yoluxma dərəcəsindən asılı olaraq məhsuldarlıq 38-40% aşağı düşə bilir.
    MÜBARİZƏ TƏDBİRLƏRİ:
    1. Birinci növbədə xəstəliklə səmərəli mübarizə aparmaq üçün günəbaxan bitkisinin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir.
    2. Torpağın səpinə aqrotexniki tələblərə uyğun hazırlanması, səpin müddəti və normasına əməl edilməsi, düzgün əkin sxeminin işlənməsi, növbəli əkin dövriyyəsinə əməl edilməsi, torpağın mineral gübrələrə olan tələbatı nəzərə alınmaqla gübrə normaları, kökdən kənar yemləmələr, xəstəliyə qarşı davamlı sort və hibrid axtarışı, mövcud sort və hibridlərin yerli şəraitə adaptasiyası, müasir suvarma sistemlərinin tətbiqi, toxumluq və sənaye əhəmiyyətli sahələrin 0,5-1,0 km izolyasiyası, alaq otları ilə müntəzəm mübarizə bu komplekə daxildir.
    3. Səpinqabağı toxumların dərmanlanması vacib tədbirlərdəndir. Bu baxımdan raksil, tebu- 60, kruyzer və s səmərəlidir.
    4. Xüsusilə toxumluq sahələr daim diqqətdə saxlanır, 3-4 həqiqi yarpaq, çiçəkləmədən əvvəl, məhsul toplanışından əvvəlki dövrlərdə əlavə monitorinqlər aparılır və kimyəvi preparatlardan istifadə etməklə xəstəlik nəzarətə götürülür.
    a). Strobilurinlər sinfi fungisidləri- təsiredici maddə- pikisistrobin, azoksistrobin, krezoksim metil, piraklostrobin;
    b). Triazollar sinfi fungisidləri- təsiredici maddə- siprokanozol, defenokonazol, protiokonazol;
    c). Benzimidazollar sinfi fungisidləri- təsiredici maddə- tiabendazol, tiofonat- metil.
    Bitkinin inkişaf fazasından asıl olaraq işçi məhlulun məsarifi 400-800 l/ ha.

    GÜNƏBAXANIN PAS XƏSTƏLİYİ VƏ ONA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNİN APARILMASI



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ