Sizin reklam burada
Sizin reklam burada
  • Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamələrin təsdiq edilməsi

    Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamələrin təsdiq edilməsi
    Bektaşi Sübhi
    Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu

    Bildiyimiz kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bir şəxsin (təmsilçinin) etibarnaməyə və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunvericiliyə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.
    Notariuslar tərəfindən nəqliyyat vasitələrinə dair təsdiq olunan etibarnamələri şərti olaraq aşağıdakı növlərə bölmək olar:
    – nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələr;
    – nəqliyyət vasitəsinə sərəncam verilməsinə (yəni satılmasına, girov qoyulmasına, icarə verilməsinə və s. kimi hərəkətlərə) dair etibarnamələr;
    – sair etibarnamələr.
    Bu yazımızda nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamələrin verilmə qaydasından bəhs edəcəyik. Nəqliyyat vasitəsinə sərəncam verilməsi ilə əlaqədar bilməli olduğumuz bir sıra məqamlar mövcuddur.
    Nəqliyyat vasitəsinin mülkiyyətçisi adına qeydiyyat şəhadətnaməsi (çoxumuz bu sənədi “texpasport” kimi tanıyırıq) olan şəxsdir. O, həm fiziki şəxs, həm də hüquqi şəxs (idarə, müəssisə, təşkilat) ola bilər. Mülkiyyətçi nəqliyyat vasitəsi barəsində sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirir.
    Nəqliyyat vasitəsinə sərəncam verilməsi üçün etibarnamələr 1 illik verilə bilər. Yəni bu növ etibarnaməni etibar etdiyiniz hər hansı bir şəxsə verirsinizsə, həmin şəxs 1 il müddətində verdiyiniz etibarnamə əsasında avtomobilinizə dair sərəncam vermək (onu satmaq, dəyişdirmək, bağışlamaq və s. kimi etibarnamədə göstərilən hərəkətləri həyata keçirmək) hüququna malik olur. Etibarnaməni təsdiq etmək üçün yalnız nəqliyyat vasitəsini etibar edən tərəfin notariusa yaxınlaşması kifayət edir.
    Avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnamə üçün aşağıdakı sənədlər tələb olunur:
    Etibar edən və etibar edilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
    Nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi (texniki pasportu);
    Avtomobilin icbari sığortası ;
    Həmçinin əgər etibarnamə ilə hüquqlar yaxın qohuma (yəni valideynlərə, ərə və ya arvada, uşaqlara, bacı və ya qardaşa, nənə və ya babaya, nəvəyə) verilirsə, əlavə olaraq onların qohumluq münasibətlərini təsdiq edən sənədlər də (məsələn, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) təqdim olunmalıdır.
    Qanunvericiliyin tələbinə görə, belə etibarnamələr yuxarıda qeyd olunduğu kimi yalnız 1 ilədək müddətə verilə bilər. Onun bir ildən artıq müddətə verilməsi qanunla qadağa edilir.
    Əgər nəqliyyat vasitələrinə MDB dövlətlərində və ya digər xarici dövlətlərdə hüquq müəyyənedici sənəd (texniki pasport, qeydiyyat şəhadətnaməsi və ya vəsiqəsi) verilmişsə, həmin nəqliyyat vasitələrinə yalnız nəqliyyat vasitəsindən istifadə edilməsi üçün etibarnamə verilə bilər, bir şərtlə ki, nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində müvəqqəti qeydiyyata götürülsün.
    Bundan əlavə, barəsində sərəncam verilməsi üçün etibar etdiyiniz nəqliyyat vasitəsi girov qoyulubsa və ya üzərinə həbs qoyulubsa həmin nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə verilə bilməz.
    Əgər nəqliyyat vasitəsinin hüquq müəyyənedici sənədi müəyyən müddətə verilmişsə, həmin nəqliyyat vasitəsinə etibarnamə bu müddətdən artıq müddətə verilə bilməz.
    Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.
    Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamədə əsas etibarnamənin təsdiq olunduğu vaxt və yer, əsas etibarnamənin verildiyi şəxsin və onun öz səlahiyyətini etibar etdiyi şəxsin soyadı, adı, atasının adı və yaşadığı yer, lazımi hallarda isə onların vəzifəsi göstərilməlidir.
    Etibarnamədə, onun dublikatının etibar edilən şəxs tərəfindən əldə etmək səlahiyyətinin olub-olmaması barədə qeyd yazılmalıdır.
    Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldükdə həmin etibarnamənin əsli, səlahiyyətlərin bir hissəsi ötürüldükdə isə onun surəti notariat işinə əlavə edilir
    Dövlət rüsumu haqqında qanuna əsasən nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə- dövlət rüsumu 15 manat, xidmətə görə tutulan haqq- 2,25 manat ( toplam 17.25 manat), etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə dövlət rüsumu 30 manat, xidmətə görə tutulan haqq- 4,50 manat (toplam 34.50 manat) təşkil edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ