"Atributinfo.az" xəbər verir ki, Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Şəhidlərin ailə üzvləri Prezidenti İlham Əliyevin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə edib, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək bildirdi ki, Elvin və Zeynal qələbəni tarixin səhifələrinə öz qanları ilə həkk edən qəhrəmanlarımızdandır. Mərd oğullarımız tarix yaza-yaza tarixə yazıldılar. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar, gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Tarixin bütün səhifələrində Vətənimizi yağılardan mərdliklə qoruyan, torpaqlarımızın azadlığı uğrunda cəsarətlə döyüşən qəhrəman əcdadlarının haqq savaşını zəfərlə başa vurdular. Qarabağımızı azad edərək illər boyu bu yolda, bu amal uğrunda şəhid olan bütün soydaşlarımızın ruhlarını şad etdilər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.
Elvin Höküməli oğlu Həsənov 8 iyul 1992-ci ildə rayonun Əhmədbəyli kəndində doğulub. İmkansız olduqlarından təhsil arxasınca getməyən Elvin öz şəxsi motosikleti ilə süpürgə satmaqla evini, ailəsini dolandırıb. Hərbi xidmətə getməzdən öncə bir müddət pambıq zavodunda işləyib.
Hərbi xidmətini Murovda çəkib, 2012-ci ildə başa vurub. Elvin 9 sentyabr 2020-ci ildə hərbi səfərbərlik idarəsi tərəfindən Vətən müharibəsinə yola salınıb.Elvin Həsənov Zəngilan, Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib. O, 22 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz öz kəndində dəfn edilib. Ölümündən sonra şəhid Elvin Höküməli oğlu Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına uyğun olaraq, «Cəsur döyüşçü», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilib.
Cabbar Firuddin oğlu Zeynalov 23 mart 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində anadan olub. O, 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Mübarizliyi, mərdliyi ilə əsgər yoldaşları arasında hörmət və izzət sahibi olub. Heydərabad kənd sakinləri şəhid Cabbar Zeynalovu ədəb-ərkanlı, milli dəyərlərə bağlı bir gənc kimi tanıyıblar. 23 oktyabr 2017-ci il tarixdə şəhid Cabbar Zeynalov canından artıq sevdiyi vətəni uğrunda şəhid olub. Lakin şəhidin ruhu şaddır amalı uğrunda şəhid olduğu torpaqlar indi düşmən tapdağından azad olunub.
Elvin və Cabbar kimi igid qardaşlarımızın timsalında bütün qəhrəman şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Orxan Bəradəroğlu
"Atributinfo.az"
