Şəhidin ildönümü ilə əlaqədar bu gün Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidimizin Saatlı rayonu Qaralar kəndində yerləşən məzarını ziyarət ediblər. Mərasim iştirakçıları Səyyad Şıxıyevin unudulmaz xatirəsinə bəslədikləri hörmət və ehtiramın ifadəsi olaraq onun məzarı üzərinə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Anım mərasimində Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək qəhrəman şəhid Səyyad Şıxıyevin qısa və şərəfli ömür yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını bildirmişdir. Eyni zamanda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib. Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban verən Vətən övladlarının əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır.
Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğı üçün ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə,birinci Vitse-prezident Mehriban Əliyevaya eləcə şəhidlərin anılmasında iştirak edən hərkəsə dərin təşəkkürlər etmiş və razılıqlarını bildirmişdir.
Səyyad Şıxıyev 1999-cu il sentyabrın 4-də Saatlı rayonunun Qaralar kəndində anadan olub. Subay idi.Şəhidimiz zəhmətkeş bir ailədə doğulub. Səmimi, gülərüz, istiqanlı, ətrafındakı insanlarla ünsiyyətdə olmağı sevən, ailə üzvlərinə xüsusilə də bacılarına qarşı xüsusi diqəttli bir insan olub. Səyyad Şıxıyev 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin noyabr ayından isə əvvəlcə Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissədə, sonra isə Qax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Səyyad Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səyyad Şıxıyev oktyabrın 17-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Saatlı rayonunun Qaralar kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Bəradər,
Zahir
"Atributinfo.az"
