O, qeyd etmişdir ki, ümummilli Liderin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra edilmiş bu müraciət sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirirdisə, həmçinin Heydər Əliyevin xalqa çağırışı idi. Bu xalqın bütün təbəqələri tərəfindən qəbul edilən və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirilən bir çağırış idi.
"Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də atəşkəs elan olunduqdan sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi bir daha sübut edir ki, ordu quruculuğu sahəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasəti tamamilə doğru siyasət idi. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu."- Elnur Qasimov bildirmişdir.
O, vurğulamışdir ki, Ulu Öndərin ordu quruculuğu siyasətini Prezident, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Onun diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
"Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı.
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu.
İndiki dövrdə ölkəmiz yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi araşdırma mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından istifadə edirlər."- E. Qasımov demişdir.
Bəradər
"Atributinfo.az"
