Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC su təminatı ilə bağlı rayonlarda görüş keçirib
Sosial
29-03-2023, 20:24
513
Son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərin aradan qaldırılması üçün Səhmdar Cəmiyyət tərəfindən müvafiq tədbirlər həyata keçirilir. "Atributinfo.az" xəbər verir ki, bununla bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə Cəmiyyətin nümayəndələri mart ayının 29-da İmişli rayonu ərazisində Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında əkin sahələri əsasən Araz çayından su ilə təmin edilən İmişli, Saatlı, Biləsuvar və Cəlilabad rayonlarının icra hakimiyyəti başçılarının və aidiyyəti təşkilatların mütəxəssislərinin iştirakı ilə görüş keçirib. Görüşdə hazırda Bəhrəmtəpə hidroqovşağında saniyədə 53 kbm suyun olduğu (bunun 22 kbm-i Yuxarı Qarabağ kanalı vasitəsi ilə Araz çayını qidalandırır) barədə məlumat verilib. Eyni zamanda bildirilib ki, su itkilərinin qarşısının alınması məqsədi ilə respublikanın bir sıra bölgələrində torpaq məcralı kanallar beton üzlüyə alınır, o cümlədən İmişli rayonu ərazisində yerləşən Boztəpə və Qızılarx kanallarının beton üzlüyə alınmaqla yenidənqurulması işləri həyata keçirilir. Əkinlərin optimal müddətlərdə suvarma suyu ilə təmin edilməsi və su təminatının yaxşılaşdırılması məqsədi ilə yerli istismar idarələrinə səyyar tipli nasos stansiyaları verilib. Görüş zamanı su ehtiyatlarının qeyd olunan rayonlar arasında, hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun olaraq bölüşdürülməsi barədə qərar qəbul edilib.