Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıldı. Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk çıxış üçün söz məktəbin direktoru Pərvanə Ramazanovaya verildi. O, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verdi. Qeyd etdi ki, 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir.
Digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətindən və Vətən müharibəsində hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə danışdılar.
Daha sonra şagirdlərin hazırladıqları vətən ruhlu səhnəciklər, Zəfər təntənəsi ilə bağlı, şəhidlərə aid mətnlər və şeirlər səsləndirildi. Qəhrəmanlıq nəğmələri və rəqsləri ifa edildi. “Sən qalibsən, Azərbaycan” adlı bədii kompozisiya nümayiş olundu.
Tədbirdə məktəbin məzunları – qazi Ramin Həmzəyev, 2-ci Qarabağ müharibəsi veteranları Elçin Əşrəfli, Əli Abbasov, şəhid məzun Zaur Ələsgərlinin anası Vəfa Ələsgərova, şəhid məzun Tərlan Məmmədovun anası Səadət Məmmədova, o cümlədən, qəsəbə Ağsaqqallar Şurasının üzvü Mənsur Cavadov, Aprel döyüşlrində şəhid olmuş qəsəbə sakini Murad Məmmədovun atası Vaqif kişi, 1-ci Qarabağ müharibəsinin qazisi, məktəbin valideyni Mikayıl Abbasov və başqaları iştirak etdilər.
Tədbirin təşkilatçıları məktəbin direktor müavinləri Esmira Şahbazova, Şəlalə İmanova, Çingiz Abbasov və Xatirə Cəfərovadır.
Şəbnəm İskəndərli
