XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Xoşbəxtik ki, müstəqil dövlətimiz, müasir cəmiyyətimiz var. Müharibələr xalqımızı heç zaman sarsıda bilməyib. Çünki bu xalq tarixən savaş görüb... Necə ki, Böyük Vətən müharibəsində «Hər şey cəbhə üçün!», «Bir nəfər hamı, hamı bir nəfər üçün» prinsipi əsas şüar idi, eləcə də Birinci və İkinci Qarabağ müharibəsində xalqımız eyni hədəfə vurmaqla özünün Vətən məhəbbətini aydın sərgilədi. Hətta, atəşkəs dövründə də Mübarizlərin, Fəridlərin, Poladların... göstərdiyi rəşadət torpaqlarımız uğrunda yüksək əzm idi. Nə xoş ki, bu gün də Azərbaycanın dövlətçilik əsasları sivil inkişafa söykənir. Və bu inkişafa zəmin yaradan insanlar xalqımızın qürur mənbəyi hesab olunurlar. Heç şübhəsiz, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Psixiatriya bölməsinin rəisi, Azərbaycan Ordusunun Baş Psixiatrı, tibb xidməti polkovniki Mehdiyev Elşad Sabir oğlu da həmin insanlardandır. Çünki zaman-zaman biz onun peşə fəaliyyətində böyük Vətən sevgisi müşahidə etmişik. Ötən gün Elşad Mehdiyevlə dialoq xarakterli söhbətimiz oldu və həmin söhbətin qısa məğzini müsahibə şəklində oxucularımıza təqdim edirəm.
- Elşad həkim, birbaşa mətləbə keçək, bildiyimiz kimi, 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə hər birimizdə böyük fəxarət hissi yaradıb...
- Tamamilə haqlısınız. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər Səfəvilərin dövlət quruculuğundan sonra Azərbaycan tarixində ilk misli görünməmiş tarixi uğurdur. Yəni, təxminən 6-7 əsrdən sonra Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq əməliyyatı ilə öz torpaqlarını işğaldan azad edib. 27 sentyabr 2020-ci ildə başlanan müharibə digər müharibələrdən tamamilə fərqlənir. Çünki müzəffər ordumuz bu dəfə möhtəşəm döyüş sərgilədi və hətta dünya ölkələri Azərbaycan Ordusunun taktikasından yararlanmağı məsləhət gördü. Əlbəttə, bu, hər birimizdə qürur hissi doğurur.
Mən birinci Qarabağ müharibəsində də iştirak etmiş, döyüşdə yaralananların müayinə və müalicəsində yaxından köməklik göstərmişəm. Bunu hamı etiraf edər ki, Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasında çox böyük fərq var. Məsələn, Birinci Qarabağ müharibəsində biz əsasən güllə yaralanmalarına rast gəlirdik. O zamankı müharibə tüfəng, avtomat müharibəsi idi. 44 günlük Vətən müharibəsi isə artilleriya müharibəsi oldu. Artilleriya müharibəsinin də əlbəttə, çox ağır fəsadları var və bunu biz döyüş vaxtı aşkar gördük.
İkinci Qarabağ müharibəsi böyük fəsadlar verdi. Hərbi qulluqçularımız raket, mina partlayışlarından ağır travmalar aldılar. Bundan başqa, onlar həm də psixi travmaya məruz qaldılar. Yəni, təkcə güllə ilə yaralanma əsgərlərə artilleriya atışlarından alınan travmalardan çox az təsir edir. Travmalı xəstələrin müalicəsi də çox uzun sürür. Hansı ki, müharibə xeyli vaxtdır bitsə də, belə xəstələrimiz hazırda da müalicə alırlar. Travma - qapalı kəllə-beyin sarsıntısıdır, el dili ilə desək, kontuziya alanlar hətta, ağır yaralananlardan da gec sağalır. Döyüşlərin yaşatdığı psixi travma müştərək travmalardır, bu təsir psixi patologiya əmələ gətirir. Bu hal çox uzun vaxt aparır.
Tarixə nəzət salsaq, görərik ki, Böyük Vətən müharibəsi, Vyetnam müharibəsi, İraq müharibəsi, Çeçenistan müharibəsi və s. insanların həyatında ağır izlər buraxıb. Bu müharibələrin hər birinin özünəməxsus fəsadları olub və illərlə davam edib. Qısası, müharibələr yeni xəstəlik yaratmır, ancaq ağır travmalar insanların beynində pozuntular üzə çıxarır. 44 günlük Vətən müharibəsində də bu hal yaşandı və biz əllərimizdən gələni etdik ki, hərbi qulluqçularımızı həyata qaytara bilək.
- Heç şübhəsiz, ermənilər millət olaraq hələ də xain və düşmən təfəkkürdədir, onlara heç vaxt etibar etmək olmaz.
- Ermənilər torpaqlarımıza köçürüldükləri ilk andan bizimlə düşmən kimi davranır. Yəni, düşmən düşmən olaraq qalır. 1988-ci ildən üzü bəri ard-arda torpaqlarımız işğal olunmuşdu və həmin dövrdə də biz Vətən uğrunda mübarizə aparır, ermənilərin nə qədər faşist ruhlu olduğunu görürdük. Ötən 30 il ərzində onlar özlərinin gerçək düşmən olduqlarını dəfələrlə törətdikləri təxribatlar və çirkin əməlləri ilə sübut etdilər. Artıq hamımız bilirik ki, bu illər ərzində Azərbaycan əsgəri neçə dəfə düşmən təxribatının qarşısını almışdır. 2014-cü ildə baş verən təxribatlar, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ildən başlayaraq ard-arda həyata keçirilən düşmənçilik, nəhayət, Tovuz hadisələri ermənilərin qəddar, əsl düşmən sifətini ortaya çıxartdı. 1988-ci ildən üzü bəri - ötən bu 30 il də müharibəsiz keçmədi. Nə qədər şəhid verdik, nə qədər yaralımız oldu, amma xalqımız ruhdan düşmədi, öz qürurunu qorudu və şükür ki, 44 günlük Vətən müharibəsi ilə öz qisasını düşməndən aldı. Eyni zamanda, düşmən bir daha Azərbaycan Ordusunun hansı gücə, hansı hərbi potensiala malik olduğunu aşkar gördü. Nəinki ermənilər və onların havadarları, bütün dünya gördü ki, Azərbaycan necə qüdrətli dövlətdir, onun müzəffər ordusu Vətən şərəfini hər şeydən üstün tutur.
- Çox şükür, müharibə tarixi Qələbəmizlə başa çatdı. Dövlətimiz şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir. Sizin də bu istiqamətdə üzərinizə böyük məsuliyyət düşür.
- Bəli, dövlətimiz şəhid ailələrinə və qazilərimizə diqqətini əsirgəmir. Silahlı Qüvvələrin tibbi xidməti də onlardan yan ötmür. Qazilərimizin müalicəsi və reablitasiyası üçün bütün imkanlardan istifadə olunur. Bizim Baş Kliniki Hospitalda fəaliyyət göstərən psixiatriya, nevrologiya və reablitasiya şöbələrində travma, yaxud qəlpə, güllə yaraları almış hərbi qulluqçularımız mütəmadi olaraq reablitasiya kursları keçirlər. Burada qazilərimizə lazımi qulluqlar edilir. O cümlədən, cərrahi əməliyyata ehtiyacı olanlar əməliyyat edilir, üzərlərindəki fəsadların aradan qaldırılması üçün əməli işlər görülür.
Səhiyyə Nazirliyi tərəfindən reablitasiya mərkəzlərində çox gözəl şərait yaradılıb. Xəstələr burada alacaqları müalicələrin metod və prinsiplərini seçirlər. Bir sözlə, Vətən uğrunda canlarını fəda edən, yaxud ağır yaralanan insanlarımıza diqqət bizim də əsas vəzifəmizdir.
- Hazırda dünya ölkələri koronavirusdan əziyyət çəkməkdədir. Bu, ölkəmizdə də müəyyən sarsıntılarla müşayiət olunur...
- COVİD-19 pandemiyası bütün ölkələrdə var. O cümlədən, Azərbaycan da bu xəstəliklə kəskin mübarizə aparır. Pandemiya ilə mübarizədə biz də üzərimizə düşəni edirik. Bəlli ki, test verən insanlarda xəstəlik aşkarlanarsa, onlar müalicə olunmaq üçün müvafiq profil üzrə ixtisaslaşmış tibb müəssisələrinə köçürülürlər və tez zamanda sağalmaları təmin edilir. Əlbəttə, bu xəstəlikdən sağ çıxmayanlar da az deyil və bu, bizi çox məyus edir.
- Gələcəyimizin əsas qurucuları gənclərdir. Onlara nə tövsiyyə edərdiniz?
- Hər bir gəncin borcudur ki, Vətənə şərəflə xidmət etsin, onun keşiyində vicdanla dursun. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda yetişən gənc nəsil çox vicdanlı, qeyrətli və məğrurdur. Təsəvvür edin, onların çoxu Qarabağı görmədiyi halda necə vətənpərvərlik sərgilədi, damarlarında coşan qanın təlatümü ilə torpaqlarımızı işğaldan azad etdi. Ölkə Prezidenti, Ali Baş Komandanın bir sözü, bir elanı, bir çağırışı ilə onlar Vətən naminə könüllü səfərbər oldular. Xalqımızın gözündəki fəxarət hissi onlara güc verdi və biz tarixi Qələbə qazandıq. Qürurverici və sevindirici haldır ki, gənclərimiz vətənpərvərlik hissi ilə yetişib. Biz tam əminik ki, ölkəmizin gələcəyi də çox etibarlı əllərdədir.
- Ailə böyük sərvətdir, bu sərvəti daha da artıran sədaqət hissidir. Övladlarınızdan yolunuzu davam etdirən varmı?
- Doğru buyurursunuz, ailə özü bir dövlətdir. Biz hamılıqla bu sərvəti qorumalıyıq.
Oğlum yolumu davam etdirir. O, cərrahdır. Yüksək əzm və vicdanla əhalinin sağlamlığının keşiyində dayanıb.
- Elşad həkim, ömür tarixçənizi təkrar sadalamağa ehtiyac duymuram. Çünki sizi demək olar ki, hamı tanıyır. İstəkli oxucularımıza təkcə onu demək istəyirəm ki, siz Silahlı Qüvvələrdə xidmət zamanı fərqləndiyiniz üçün 9 medal və dəfələrlə Fəxri Fərmanlarla, həmçinin, İkinci Qarabağ müharibəsində xidməti vəzifənizi şərəflə və qüsursuz yerinə yetirdiyinizə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən «Vətən uğrunda» medalı ilə təltif edilmisiniz. Bu, sizin Vətənə olan məhəbbətinizin, peşənizə olan sevginizin təzahürüdür. Allahdan sizə ğöhkəm can sağlığı arzulayıram və sizin də dediyiniz kimi, inanıram ki, ölkəmizin gələcəyi çox parlaq olacaq.
- Maraqlı müsahibə üçün mən də sizə təşəkkürümü bildirirəm.
P.S. Bəli, az-az insan var ki, onu həmişə yaxından görmək, təmas qurmaq istəyirsən. Səmimi deyim ki, Elşad Mehdiyev də belə ziyalı-şəxsiyyətlərimzdəndir. O, vücudunu işıq saran, kefyiyyət nümunəsi, sədaqətli, qayğıkeş və mehriban insandır. Çalışdığı kollektiv arasında da E.Mehdiyev böyük hörmət və nüfuz sahibinə çevrilib. Yaxşılıq etmək, qəmgin vəziyyətdə olanların könlünü oxşamaq onun əsas işidir. Qədir bilənlər, canlarında Allah xofu olanlar onu xeyirxah, alicənab və sadə-əsilzadə insan kimi tanıyır və hörmət edirlər.
Biz də Elşad müəllimi müdrik insan, sədaqətli peşə sahibi kimi tanıyır və sevirik.
Bəradər Səməndərli
