Sizin reklam burada
Sizin reklam burada

VƏTƏN SƏNƏ OĞUL DEYİR

VƏTƏN SƏNƏ OĞUL DEYİR Rasim Həsənov İkinci Qarabağ savaşında əsl fədakarlıq göstərmiş hərbi həkimlərimizdəndir

İnsan həyata həkimlə başlayır, hətta bəzilərimizin, ümumiyyətlə, yaranmasına Allahdan sonra öz elmi ilə həkim köməklik göstərir, ana bətnində belə, sağlamlığımıza həkim nəzarət edir. İnsanlıqdan gələn ilk yardımı da həkimdən alırıq, o, bizə dünyaya göz açmağımızda yardımçı olur. Bir sözlə, həkim bizə həyata bağlanmaq üçün enerji ötürür. Bu mənada yəqin ki, Allah hər kəsi həkim qədər şərəfli əməl sahibi etməyib. Həkimlər ömrümüzün Allahdan sonrakı hökm, fərman sahibləridirlər.
Akademik, bioloq Konstantin Skryabinin tədrincə desək, insan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, peşəsinin xalq üçün gərəkli olduğunu, ona fayda verdiyini dərk etsin. Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə insandan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Həkim olmaq Motsartın bəstəsinə bənzəyir: yeni başlayanlar üçün asan, ustadlar üçün isə çox çətin bir anlama malikdir.
Elmə olan məhəbbət insana olan məhəbbətdən ayrılmazdır, buna görə də həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir. Həkim insan sərrafı olmalıdır. Həkimlə danışdıqdan sonra xəstə yüngülləşmirsə, deməli, o, əsl həkim ilə danışmayıb.
Həkimlər təbiətən təəccüb doğurur, bəzən onların ünvanına tənqid və narazılıqlar səslənir. Amma hamımız anlayırıq ki, bizim sağlamlığımızı qoruyan həkimlər bəzən həyat şəraitinə, həyat qanunlarına tabe olmayan risklər alırlar, hansı ki, biz bunu etməyə çox çətinlik çəkərdik.
Giriş hissədə bu izahatı nəyə görə verdik? Yola saldığımız 2020-ci il xalqımızın həyatına müharibə dövrü kimi daxil oldu. 44 gün davam edən Vətən Müharibəsi həm ön, həm də arxa cəbhədə xidmət göstərən qəhrəmanların şücaəti ilə yadda qaldı. Düşmən gülləsinə tuş gələn, minomyot atəşi nəticəsində qəlpə yarası alan, minaya düşərək ağır xəsarət alan hərbi qulluqçularımızın dadına ağ xalatlı mələklər - həkimlər çatdılar. Pandemiyanın tüğyan etdiyi bir vaxtda aylarla koronavirusa yoluxan xəstələrin qulluğunda duran səhiyyə işçiləri Vətən müharibəsinin başlanması ilə bütün yorğunluqlarını unutdular. Onlar istər hərbçilərimizlə birlikdə ön cəbhədə, istərsə də arxa cəbhədə yorulmadan fəaliyyət göstərdilər. Təəssüf ki, çətin şəraitdə və təhlükələrlə üz-üzə qalaraq gecə-gündüz yaralılara xidmət edən ağxalatlı qəhrəmanlar arasında yaralananlar və şəhidlik mərtəbəsinə yüksələnlər də oldu.
Müharibə dövründə cəbhə bölgəsində fəaliyyət göstərən səhiyyə işçilərindən biri də Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasıının rəisi vəzifəsində çalışan Rasim Həsənovdur. Gəlin Rasim həkimi bir az da yaxından tanıyaq.
Rasim Əlövsət oğlu Həsənov 1979-cu ildə Yardımlı rayonunun Yardımlı qəsəbəsində anadan olub. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. 2006-cı ildə hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyinin təlim tədris mərkəzində 3 ay oxuyaraq ən yüksək - 100 balla kursu bitirib. Sonra 700 nömrəli hərbi hissənin 5-ci taborunda məntəqə rəisi vəzifəsində işləyib. Bundan savayı 703 saylı hərbi hissənin demək olar ki, bütün taborlarında məntəqə rəisi vəzifəsində fəaliyyət göstərib. 700 nömrəli hərbi hissədə həkim ordinator kimi 2 il xidmət etdikdən sonra Daxili Qoşunların Mərkəzi Hərbi həkim komissiyasında mütəxəssis kimi çalışıb. 2014-cü ildə isə Müdafiə Nazirliyinin Mərkəzi həkim komissiyasına gəlib, Ekspertiza və Səbəb əlaqəsi bölməsinin rəisi işləyib. Son bir aydır Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasıının rəisi vəzifəsinə təyin edilib və hazırda bu vəzifədədir.
Evlidir 3 övladı var.
Həkimlərin gülər üzü xəstənin sağalması üçün ilk məlhəmdir. Başqalarının xoşbəxtliyindən xoşbəxt olmaq - bu, özünü tibbə həsr edənlərin ən böyük mükafatıdır. Xəstəyə diqqətli olmaq çox böyük incəlik tələb edir. Bunun üçün uşaq yaşlarından vərdişlər qazanmaq lazımdır. Həkimin davranışının sadəliyi onun başlıca insani xüsusiyyətlərindəndir. Rasim həkim də məhz belələrindəndir.
Deyir ki, uşaqlıqdan həkimliyə yiyələnmək arzusunda olub. Məqsədinə gedən yollarda çətinliyi nə qədər olsa da, ruhdan düşməyib, peşəsinə sevgisi bu çətinlikləri arxada qoyub. Odur ki, bu gün Rasim Həsənovun adı istər həmkarları, istər çalışdığı kollektiv, istərsə də vaxtilə şəfa verdiyi xəstələrinin dilində gözəl mütəxəssis, öz işini mükəmməl bilən həkim kimi səslənir.
44 günlük Vətən savaşında əldə etdiyimiz Qələbədə həkimlərin rolu əvəzsizdir. Tarixən bilirik ki, müharibə itkisiz ötüşmür. Ancaq İkinci Qarabağ savaşında Rasim Həsənov kimi savadlı, təcrübəli həkimlərin səriştəsi, biliyi və fədakarlığı sayəsində itkilərimiz elə də çox olmadı. Həkim kimi onların ilkin borclarından biri müayinə və müalicə işlərini düzgün aparmaqdır. Rasim həkim söyləyir ki, mütəşəkkiliyimiz, birliyimiz nəticəsində uğurlarımız çox oldu. Vahid Komandanın - Ali Baş Komandanın rəhbərliyi, qətiyyəti və cəsarəti sayəsində ordumuz inanılmaz qələbəni qazandı.
Rasim Həsənov deyir: - Müharibə başlayan ilk anlarda Gəncə şəhərindəki Abbas Səhhət adına xəstəxanada oldum. Bu səhiyyə ocağına rəhbərlik etmək mənə həvalə edildi. “Təbib” İB də öz köməkliyini əsirgəmədi. Ən yaxşı cərrahları mənə təhkim etdilər və rəhbərliyimlə ən ağır yaralıları da biz qəbul etdik. Sonra Füzuli, Naftalan rayonlarında oldum. Demək olar ki, bütün xəstəxanaları gəzirdik. Yaralıları müalicə etdiyimiz zaman hiss edirdim ki, onların ruhu, əzmi hələ ölməyib, yenidən döyüşə yollanıb düşmənə sarsıdıcı zərbələr endirmək istəyirlər. Biz də çalışırdıq ki, nəinki onlarda, ümumiyyətlə, döyüşlərin ağır nöqtələrində belə gecəsini gündüzünə qatan, səngərdə yuxu nə demək olduğunu bilməyən oğullarımıza bu yolla olsa da, dəstək olaq, bacardığımızı əsirgəməyək.
Elə bu yerdə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin bu yaxınlarda Xocavənd rayonunun ictimaiyyəti ilə görüşündə fədakar, cəfakeş həkimlər haqqında işlətdiyi müdrik kəlmələr yada düşür: “İlk növbədə, xoş sözlərə görə minnətdaram. Bu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Çünki müharibə başlanan kimi əmrlərimdən birincisi bəlkə də ondan ibarət idi ki, yaralılara ən yüksək xidmət göstərilməlidir. Yaralılar döyüş meydanından dərhal çıxarılmalı, sanitar maşınlarına mindirilməli və birinci ən yaxın olan tibb mərkəzinə gətirilməlidir. Deyə bilərəm ki, həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər”.
Söhbət zamanı Rasim Həsənov deyir:-"Əməyimizə verilən bu qiymət və diqqətdən sonra biz necə ürəklə işləməyək, öz elmimizi, savadımızı, biliyimizi xalqın yolunda necə sərf etməyək? Müdafiə Nazirliyi də bu sahədə bacardığı köməkliyi biz həkimlərdən əsirgəməyib.
Cənab Prezidenr hər zaman ağ xalat sahiblərinə diqqət və qayğı göstərib. Xüsusilə də müharibə dövründə ölkə rəhbərinin diqətində olmağımız bizi daha yaxşı işləməyə ruhlandırdı. Bizə müraciət edən qazilərə, müharibə iştirakçılarına və şəhid ailələrinə diqqət və qayğı göstərir, hamısını doğmalarımız kimi qəbul edir, dərinləşmiş müayinələr aparır, lazım olduqda ağır cərrahiyyə əməliyyatlarını belə həyata keçiririk. İstəmirik ki, onlar bu Vətən uğrunda vuruşduqlarına, can qoyduqlarına peşman olsunlar".
Bəli, tarixi Zəfərlə başa çatan Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimizə tibbi xidmət göstərən Rasim Həsənov bunları özünün mənəvi borcu hesab edir.
Qazanılmış qələbədə müzəffər Azərbaycan Ordusu ilə yanaşı, onların sağlamlığı keşiyində dayanan həkimlərin də böyük rolu olub. Rasim Əlövsət oğlu Həsənov da belə fədakar həkimlərdən biridir.

Daşdəmir ƏJDƏROĞLU,
Bəradər SƏMƏNDƏRLİ

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ