Sizin reklam burada
Sizin reklam burada
  • “CƏNAB ƏLİYEVİN BU ÇIXIŞI MOSKVAYA MÜHÜM SİYASİ MESAJ İDİ...” – “Azərbaycan hər hansı ölkənin vassalı olmaq niyyətində deyil”

    “CƏNAB ƏLİYEVİN BU ÇIXIŞI MOSKVAYA MÜHÜM SİYASİ MESAJ İDİ...” – “Azərbaycan hər hansı ölkənin vassalı olmaq niyyətində deyil” Arzu Nağıyev: “Azərbaycan yüksək geosiyasi risk zonasında yerləşir…Mümkün hərbi eskalasiya sərhəd bölgələrində qeyri-sabitlik yarada bilər”

    Milli Məlisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri Arzu Nağıyev İran ətrafında gərginləşən vəziyyətin regiona, xüsusi ilə Azərbaycana təsiri, yaratdığı risklər, Moskvadan gələn təhdidlər, Azərbayanın milli təhlükəsizliyini qorumaq üçün həyata keçirdiyi preventiv tədbirlər və s. barədə “AzPolitika”nın suallarını cavablandırıb.

    Müsahibəni təqdim edirik:

    - Arzu müəllim, bu günlərdə Qərb mediası ABŞ rəsmilərinə istinadla xəbər yayıb ki, Pentaqon İrana zərbə endirməyə hazırdı. Hadisələr bu ssenari üzrə inkişaf edərsə, region, xüsusi ilə Azərbaycan hansı risklərlə üzləşə bilər?

    - Təbii ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında açıq müharibə baş verərsə və hazırkı gərginlik daha ciddi, açıq hərbi fazaya keçərsə, bu artıq yalnız İranın daxili məsələsi olmayacaq, bütövlükdə regional təhlükəsizlik böhranına çevriləcək. Məlumdur ki, Amerika Birləşmiş Ştatları İran ərazisinə zərbələri ya hərbi gəmilərdən, ya da regiondakı hərbi bazalardan endirməyi planlaşdıra bilər. Əsasən hava hücumları və uzaqmənzilli raketlərdən istifadə ehtimalı yüksəkdir. Bu halda İran tərəfindən də dəniz marşrutları və enerji infrastrukturu hədəfə çevrilə bilər. Azərbaycan İranla uzun sərhədə malik qonşu dövlətdir. Buna görə də mümkün hərbi eskalasiya sərhəd bölgələrində qeyri-sabitlik yarada bilər. İranda hər hansı daxili çaxnaşma və ya siyasi böhran baş verərsə, ilk növbədə qaçqın axınının ya Naxçıvan Muxtar Respublikası istiqamətindən, ya da digər sərhəd məntəqələrindən Azərbaycana yönəlməsi ehtimalı var. Bu isə Azərbaycan üçün həm iqtisadi, həm siyasi, həm də sosial problemlər yarada bilər. Mənzil qiymətlərinin artması, infrastruktur yüklənməsi, qeyri-formal məskunlaşma kimi məişət problemləri meydana çıxa bilər. Eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin genişlənməsi və silah qaçaqmalçılığı kimi risklər də arta bilər.

    Müharibə şəraitində region risk zonası kimi qiymətləndirilərsə, nəqliyyat və sığorta xərcləri artacaq. Azərbaycan ərazisindən keçən beynəlxalq enerji kəmərləri və tranzit xətləri əlavə təhlükə altında qala bilər. Geosiyasi təzyiqlər də mümkündür. Azərbaycan həm İsrail, həm də Amerika Birləşmiş Ştatları ilə yüksək səviyyəli diplomatik münasibətlərə malikdir. Bu baxımdan balanslı siyasətin qorunması həyati əhəmiyyət daşıyır. Diplomatik manevr imkanlarından maksimum istifadə olunmalıdır ki, ölkə heç bir qarşıdurmanın tərəfinə çevrilməsin.

    - Prezident İlham Əliyevin Münhendəki çıxışını xatırlamaqla, Azərbaycan-Rusiya münasibətlərinin perspektivini necə görürsüz? Gərginlik arta bilərmi?

    - Hazırda Azərbaycan–Rusiya münasibətləri mürəkkəb mərhələdən keçir. Azərbaycan heç bir blokun aləti və ya hər hansı ölkənin vassalı olmaq niyyətində deyil. Milli maraqlarımızın prioriteti ərazi bütövlüyünün, suverenliyin qorunması və vətəndaşların rifahının təmin edilməsidir. Rusiya Cənubi Qafqazı öz təsir zonası kimi görür və region dövlətlərinin qərarlarını Moskva ilə razılaşdırılmış şəkildə qəbul etməsini istəyir. Bu yanaşma müəyyən ziddiyyətlər yaradır. Bununla belə, açıq qarşıdurma ssenarisi real görünmür.

    Ukrayna müharibəsi fonunda Rusiyanın regiona münasibətində dəyişikliklər mümkündür. Ermənistanda Rusiyanın hərbi bazaları mövcuddur və İranla da müttəfiqlik münasibətləri var. Təyyarə qəzası və təyyarənin vurulması ilə bağlı məsələlərdə açıq və qaneedici izahatların, üzrxahlığın və kompensasiyanın olmaması münasibətlərdə soyuqluq yaradıb. Həmçinin miqrantlarla bağlı qərarlar da əlavə gərginlik yaradır. Buna baxmayaraq, problemlər idarəolunandır və əməkdaşlıq modeli davam edir.

    Cənab İlham Əliyevin çıxışında Ukraynada Azərbaycan səfirliyinə qarşı hücum məsələsinin xatırladılması mühüm siyasi mesaj idi. Ümumilikdə, münasibətlərdə müəyyən istiləşmə cəhdləri olsa da, prinsipial mövqelər qorunur.

    - Dünyada iki qlobal problem - Rusiya-Ukrayna müharibəsi, İran-ABŞ-İsrail qarşıdurması Azərbaycanın qonşuları ilə bağlıdır. Azərbaycan öz milli təhlükəsizliyini qorumaq üçün hansı preventiv tədbirlər görür?

    - Dünyada davam edən əsas qlobal problemlərdən biri Rusiya–Ukrayna müharibəsidir. Müharibə gedən regiona qonşu olmaq ciddi risklər yaradır. Bu baxımdan milli təhlükəsizliyin qorunması prioritetdir. Xüsusilə hibrid təhlükələr və kibertəhlükəsizlik sahəsində qabaqlayıcı tədbirlər vacibdir. Sərhədlərin qorunmasından ideoloji diversiyaya qədər bütün istiqamətlərdə koordinasiyalı fəaliyyət tələb olunur.

    Ümumi təhlükəsizlik konsepsiyası bir neçə əsas istiqaməti əhatə edir: Hərbi modernləşmə – Müharibə başa çatsa da, müdafiə və təhlükəsizlik xərcləri artırılır. Yeni texnika və texnologiyaların alınması davam edir. Diplomatik balans – Həm Rusiya, həm də Qərb ölkələri ilə paralel və balanslı münasibətlərin saxlanması. İqtisadi və enerji dayanıqlığı – Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu, əlavə strateji zəmanətlər yaradır. Kibertəhlükəsizlik – İnformasiya təhlükəsizliyi sahəsində preventiv mexanizmlər tətbiq olunur. 74 dövlətin qoşulduğu beynəlxalq konvensiyanın ratifikasiyası bu istiqamətdə əməkdaşlığı gücləndirir. Müasir müharibələr artıq yalnız səngərlərdə aparılmır. Kiberhücumlar və hibrid təhdidlər əsas risk faktorlarına çevrilib. Bu istiqamətdə xüsusi xidmət orqanları, hüquq-mühafizə strukturları və diplomatik qurumlar fəaliyyətlərini gücləndiriblər.

    Hazırda regionda nisbi sabitlik mövcuddur. Ermənistanla sülh müqaviləsi hələ imzalanmasa da, atəşkəsə riayət olunur və itkilər yoxdur. Bu, mühüm nailiyyətdir. Azərbaycan vətəndaşları sərhəd bölgələrində özlərini təhlükəsiz hiss edirlər.

    Azərbaycan yüksək geosiyasi risk zonasında yerləşir. Şimal–cənub və şərq–qərb nəqliyyat xətləri, Orta Dəhliz, enerji kəmərləri və Zəngəzur dəhlizi layihəsi ölkənin strateji əhəmiyyətini artırır. Bu gün Azərbaycan 20–30 il əvvəlki dövlət deyil. Beynəlxalq diqqət artıb və ölkə həm hərbi sahədə, həm də dinc quruculuq prosesində öz imkanlarını nümayiş etdirir. İşğaldan azad olunmuş ərazilərdə mina təmizləmə və bərpa işləri mərhələli şəkildə davam edir. Prioritetlər dəyişməzdir - daxili sabitliyin qorunması, strateji müstəqillik, suverenlik və ərazi bütövlüyü, eləcə də Azərbaycan vətəndaşının rifahı.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ