YAP Qax rayon təşkilatının sədr müavini
Azərbaycan dünya dövlətləri arasında özünün rasional xarici siyasəti ilə seçilən ölkələrdəndir və bu rasionallığı səciyyələndirən əsas amil odur ki, Cənab Prezident öz beynəlxalq siyasi strategiyasında ölkənin coğrafi yerləşməsini, geosiyasi mövqeyini, malik olduğu resursları, dəyişən regional və qlobal geosiyasi konyukturu nəzərə alaraq xarici siyasətini həyata keçirir. Və xarici siyasətdə müəyyən edilən yeni hədəflər də qeyd etdiyimiz rasionallığın çərçivəsini aşmır.
İkinci Qarabağ Müharibəsinin zəfərlə yekunlaşması Azərbaycanın xarici siyasət gündəliyində köklü dəyişikliklərə yol açdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, “əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan–Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir”.
Bildiyimiz kimi, beynəlxalq siyasi nəbzin atdığı mərkəzlərdən birisi də Avropa qitəsidir. Bu qitədə Azərbaycan Avropanın siyasi xəritəsindəki mövqeyini inamla möhkəmləndirərək, Cənubi Avropadan Balkanlara qədər tərəfdaşlıq şəbəkəsi qurur. Prezident İlham Əliyev ölkənin müttəfiqlər dairəsini genişləndirir, Azərbaycanı siyasi və enerji cazibəsinin mühüm mərkəzinə çevirir.
Bu ölkələrdən biri də məhz Serbiya Respublikasıdır. 1997-ci ildən başlayan bu əlaqələr, 2011-2012 -ci illərdən daha da genişlənib və keçən dövr ərzində ölkələrimiz arasında 50 dən çox müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç arasında həm təkbətək, həm də geniş tərkibdə keçirilən çox saylı görüşlər ölkələrimiz arasındakı strateji tərəfdaşlığın, qarşılıqlı etimadın açıq nümunəsidir.
Belə görüşlərdən biri də fevralın 15 -də Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası çərçivəsində baş tutmuşdur. Cənab Prezident İlham Əliyev Belqaradda ən yüksək şəkildə qəbul edilmiş, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri bu görüşə də öz damğasını vurmuşdur.
Görüşdə çıxış edən Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Cənab Prezident İlham Əliyevi “əziz dostu” adlandıraraq, bir çox məsələlərdə məhz Prezident İlham Əliyevi nümunə aldığını və “Azərbaycan xalqının hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər” fikrini ifadə edib.
Prezident İlham Əliyev isə mühüm bəyanatla çıxış edərək bildirdi ki, bu gün Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasında geniş spektrli məsələlər müzakirə olunub. Müzakirə olunan bu məsələlər energetika sahəsində əməkdaşlıqdan, logistika və birgə sərmayə qoyuluşu layihələrinə qədər çox geniş spektri əhatə edən yol xəritəsinin razılaşdırılmasını özündə ehtiva edir.
Bu qarşılıqlı dostluq və əməkdaşlıq bəyanatları Azərbaycan və Serbiya arasındakı əlaqələrin siyasi dialoqlardan real tərəfdaşlıq əlaqələrinə keçdiyinin bariz nümunəsidir.
