Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib.
A.Nağıyev deyib ki, bu, adətən sadəcə müşahidə məqsədi olmur, daha çox mümkün eskalasiya ssenarisinin öncədən idarəolunmasına yönəlik hərbi hazırlıqdır: “Yəni çoxsaylı təyyarə daşıyan böyük gəmilərin, hətta “USS George H.W. Bush”, “USS Abraham Lincoln” və digər gəmilərin ora gətirilməsi bir daha deməyə əsas verir ki, burada ciddi proseslər gedir. Enerji daşıyıcıların məhz 20 faizinin Hörmüz boğazı vasitəsilə həyata keçirilməsi, yəni dünya neftinin təxminən beşdə biri bu boğazdan daşınır və ABŞ sualtı qayıq əleyhinə təyyarələri aktivləşdirməkdə onu göstərir ki, Vaşinqton İranın dəniz taktikalarını və mümkün blokada ssenarilərini ciddi risk kimi qəbul edir və bunun qarşısının alınması istiqamətində addımlar atır”.
Deputatın bildirdiyinə görə, yəni həm hazırda, həm də gələcəkdə əsas nəticələr enerji bazarlarına nəzarət, sığorta xərclərinin artması körfəz ölkələrinin təhlükəsizlik tədbirlərinin sərtləşməsinə gətirib çıxara bilər: “Yaxın ssenaridə lokal insidentlər və məhdud hərbi qarşıdurma ehtimalı mövcuddur. Düşünürəm ki, amma bu, böyük müharibənin yenidən qızışmasına gətirib çıxara bilməz. Lakin hərtərəfli, genişmiqyaslı ABŞ-İran müharibəsi hazırda yüksək risklidir. Amma tərəflərin maraqlarına zidd olduğu üçün nisbətən az ehtimallı ssenari olaraq qalır. Hörmüz artıq təkcə regional qarşıdurma zonası deyil, böyük güclər arasında geosiyasi rəqabətin əsas düyün, kuliminasiya nöqtəsidir. ABŞ hərbi aktivlikdə status-kvonu qorumağa çalışır və diplomatik dildə xəbərdarlıq mexanizminə üstünlük verir, diktə edən tərəf kimi özünü göstərir. Ona görə də düşünürəm ki, müharibə hazırlığı olsa da, bu gün ciddi müharibədən söhbət gedə bilməz”.
