Prezident İlham Əliyev çıxışında ABŞ administrasiyasına Azərbaycana göstərilən müsbət münasibətə görə minnətdarlığını bildirmiş və vurğulamışdır ki, dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq Azərbaycan üçün böyük şərəfdir. Bu ifadə Azərbaycanın müstəqil, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun uğurlu nəticəsidir.
Son illərdə Cənubi Qafqazda baş verən mühüm siyasi dəyişikliklər fonunda ABŞ-ın regionda sülh təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində atılmış mühüm addımdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq altı aydır ki, tərəflər sülh şəraitində yaşayır və bu proses regionun inkişafı üçün yeni imkanlar yaradır. ABŞ-ın bu prosesə verdiyi dəstək Azərbaycanın beynəlxalq aləmdə artan rolunun və etibarlı tərəfdaş imicinin göstəricisidir.
Strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsidir. Bu layihə Azərbaycanı, Ermənistanı və digər qonşu ölkələri əhatə etməklə Asiya ilə Avropanı birləşdirən təhlükəsiz və etibarlı nəqliyyat dəhlizinin formalaşdırılmasını nəzərdə tutur.
TRIPP layihəsi, eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunmasına xidmət edir. Bu isə ölkənin ərazi bütövlüyünün iqtisadi baxımdan möhkəmləndirilməsi və tranzit potensialının maksimum səviyyədə reallaşdırılması deməkdir.
Orta Dəhliz çərçivəsində enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi prosesini daha da sürətləndirir.
Azərbaycan bu gün 16 ölkənin enerji təhlükəsizliyini təmin edən etibarlı tərəfdaşdır. Onlardan 11-i NATO üzvüdür. Bu fakt Azərbaycanın qlobal enerji bazarında strateji mövqeyini açıq şəkildə göstərir.
Strateji Xartiyada enerji əməkdaşlığının genişləndirilməsi, təchizat marşrutlarının şaxələndirilməsi, interkonnektor layihələri və mülki nüvə sahəsində əməkdaşlıq kimi məsələlər xüsusi yer tutur. Bu, Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi deyil, həm də siyasi güc amilinə çevrildiyini göstərir.
Bundan əlavə, iqtisadi sərmayələrin təşviqi, biznes mühitinin yaxşılaşdırılması və özəl sektorun əməkdaşlığa cəlb olunması iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə xidmət edir.
Müasir dövrdə texnologiya və rəqəmsal transformasiya dövlətlərin inkişaf göstəricilərindən biridir. Strateji Xartiyada süni intellekt (AI) sahəsində tərəfdaşlıq, data mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik və innovasiya platformalarının qurulması xüsusi vurğulanır.
Bu istiqamət Azərbaycanın yalnız enerji ölkəsi deyil, həm də texnoloji inkişaf yolunda irəliləyən müasir dövlət olduğunu sübut edir. ABŞ-ın aparıcı şirkətləri ilə əməkdaşlıq ölkədə innovasiya mühitinin gücləndirilməsinə və rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına təkan verəcəkdir.
Xartiyanın mühüm bölmələrindən biri təhlükəsizlik əməkdaşlığıdır. Müdafiə sənayesi məhsullarının satışı, antiterror mübarizəsi, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və qlobal təhlükəsizliyə verdiyi töhfələr ABŞ tərəfindən yüksək qiymətləndirilir. Bu isə ölkəmizin beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi tanındığını göstərir.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə münasibətlərində tarixi mərhələdir. Bu sənəd yalnız siyasi bəyanat deyil, konkret istiqamətləri və icra mexanizmləri olan genişmiqyaslı əməkdaşlıq platformasıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm regional, həm də qlobal miqyasda mövqeyini gücləndirir, enerji siyasətini siyasi gücə çevirir və müasir texnoloji inkişaf yolunda inamla irəliləyir. ABŞ ilə strateji tərəfdaşlıq isə bu inkişafın daha da sürətlənməsinə, regionda sülhün möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.
Təhminə Ağayeva
Qax RİHB Ləkit kənd İƏD üzrə nümayəndəsi
