Sizin reklam burada
Sizin reklam burada
  • Mənim üçün böyük qürurdur ki, Sumqayıtdan seçilmiş millət vəkiliyəm.

    Hicran Hüseynova
    Milli Məclisin Ailə Qadın və Uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor

    Avqustun 18-də Sumqayıt Dövlət Dram Teatrında mənim üçün çox dəyərli bir gün yaşandı. Yubiley və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağım münasibətilə tədbir təşkil olundu.

    Bu yüksək diqqət və dəyərə görə ilk növbədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Zakir müəllim Fərəcova, iştirakına görə professor Dilarə xanım Seyidzadəyə və şəhər ictimaiyyətinin nümayəndələrinə səmimi təşəkkürümü bildirirəm. Sizlərin dəyərli sözləriniz və təbrikləriniz məni çox qürurlandırdı.

    Mənim üçün böyük şərəfdir ki, seçki vaxtı vəkillərim olmuş Sumqayıtın hörmətli ziyalıları və şəhərin inkişafında böyük rolu olan dəyərli ağsaqqalları görüşə gəlmişdilər.

    Tədbirdə atam Kamran Hüseynovun adı ilə bağlı çox dəyərli xatirələr yada salındı, onun Sumqayıtın inkişafına verdiyi töhfələr geniş şəkildə vurğulandı.

    Mənim üçün Sumqayıt şəhərinin hər daşı, hər küçəsi atam, ömrünü xalqına və dövlətinə həsr etmiş Kamran Hüseynovun əziz xatirəsi ilə bağlıdır. O, Sumqayıt şəhərinin təməl daşlarının qoyulmasında, sənaye və sosial infrastrukturunun inkişafında mühüm rol oynamış, şəhərin formalaşması və müasir simasının yaranmasına böyük töhfələr vermişdir.

    Kamran Hüseynov yalnız Sumqayıtın inkişafı ilə deyil, ümumən ölkəmizin dövlətçilik tarixində öz izini qoymuş görkəmli ictimai-siyasi xadim idi. O, Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı və etibarlı sirdaşı olmuş, hər zaman onun tapşırıqlarını böyük məsuliyyət və dəqiqliklə yerinə yetirmişdir. Atam Ümummilli Lider Heydər Əliyevin dövlətçilik yoluna sadiqliyi, xalqa xidmət ideyasına bağlılığı ilə seçilirdi. Bu, həm də mənim fəaliyyətimdə əsas yolgöstəricim olmuşdur. Mən fəxr edirəm ki, belə bir şəxsiyyətin övladıyam və onun yaratdığı dəyərləri yaşatmaq mənim üçün həm şərəf, həm də böyük məsuliyyətdir.

    Bu gün Sumqayıtın inkişafı, müasir və gözəl şəhərə çevrilməsi hər birimizi sevindirir. Bu nailiyyətlərdə hörmətli Zakir müəllimin zəhmətini xüsusi qeyd etmək istəyirəm. Mənim üçün böyük qürurdur ki, Sumqayıtdan seçilmiş millət vəkiliyəm.

    Hər zaman inandığım ən böyük dəyərlər ailə dəyərlərinin qorunması, gənclərimizin sağlam, savadlı və vətənpərvər böyüməsidir. Qürurla deyə bilərəm ki, Sumqayıt bu dəyərlərin yaşadılmasında və gələcək nəsillərin formalaşmasında nümunə ola biləcək şəhərlərimizdəndir.

    Eyni zamanda, diqqət və dəyərinə görə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı hörmətli Malik müəllimə və etimadını əsirgəməyən bütün seçicilərimə dərin təşəkkürümü bildirirəm.














    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ