Sizin reklam burada
Sizin reklam burada
  • Mühüm töhfə

    Cavid Əsgərzadə,
    YAP Göygöl rayon təşkilatının əməkdaşı

    Məlumdur ki, Ölkəmiz son beş ildə siyasi, iqtisadi, diplomatik və hərbi sahələrdə bir sıra mühüm uğurlara imza ataraq müasir tariximizdə yeni və parlaq səhifə açıb. Bu nailiyyətlər ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasına, milli maraqlarının qorunmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edib. Həmin uğurların zirvəsində, sözsüz ki, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qarabağ Zəfəri dayanır. Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində 30 ilə yaxın davam edən işğala son qoyulub, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edilib. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanat, eləcə də sonrakı mərhələlərdə əldə olunan bütün razılaşmalar Azərbaycanın maraqlarını tam şəkildə təmin edib. İmzalanan sənədlər ölkəmizin regionda yeni geosiyasi reallıq yaratması, sülh və təhlükəsizlik proseslərinə rəhbərlik edən tərəf kimi mövqeyini möhkəmləndirməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
    Yeri gəlmişkən, qeyd edək ki, Tarixi Qələbə həm də dünya ölkələrinin diqqətini ölkəmizə cəlb edib. 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər nəticəsində regionda yeni geosiyasi reallıq formalaşıb və Azərbaycan bu reallığın əsas memarı kimi tanınıb. Bu, həm dost, həm də tərəfdaş dövlətlərin rəsmi Bakı ilə əlaqələri gücləndirməsinə güclü təkan verib. Uzaq Şərqdən Mərkəzi Asiyaya, Cənubi Asiyadan Avropaya, eləcə də Afrika ölkələrinə qədər geniş bir coğrafiyada Azərbaycanla əməkdaşlıq üçün xüsusi maraq yaranıb. Bir çox ölkələr Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı faydaya əsaslanan siyasətini yüksək qiymətləndirir. Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq sazişləri, Avropa dövlətləri ilə enerji və nəqliyyat layihələri, Cənubi Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq memorandumu, Afrika ölkələri ilə ticarət və mədəni əlaqələrin genişləndirilməsi üzrə imzalanan razılaşmalar Azərbaycanın diplomatik uğurlarının real göstəriciləridir. Bu sənədlər ölkəmizin beynəlxalq əlaqələrini daha da möhkəmləndirərək onu etibarlı tərəfdaş və regional lider mövqeyinə çıxarıb.
    Onu da qeyd edək ki, bir neçə ildir ki, Azərbaycan ilə ABŞ arasında müəyyən gərginliklər və anlaşılmazlıqlar səbəbindən pozulan əlaqələr yenidən bərpa edilib. Bu hadisə iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə də ABŞ-da hakimiyyət dəyişikliyi baş verdikdən sonra münasibətlərdə ciddi fərqlər müşahidə olunub. Bayden administrasiyası dövründə Azərbaycanın milli maraqlarına uyğun olmayan bəzi addımlar atılmış, Vaşinqtonun region siyasətində qərəzli mövqeləri diqqət çəkmişdi. Lakin Donald Trampın hakimiyyətə qayıdışı ilə ABŞ-ın Azərbaycanla münasibətlərində daha praqmatik və ədalətli yanaşma özünü göstərməyə başlayıb. Tramp administrasiyası ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyini tanıyır, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu yanaşma, qarşılıqlı hörmət və faydaya əsaslanan əməkdaşlıq üçün əlverişli şərait yaradıb. İki ölkə arasında münasibətlərin normallaşmasında və inkişafında Liderlərin xüsusi rolu danılmazdır. Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp münasibətlərin əsas memarları kimi tarix yazıblar. Hər iki lider arasında formalaşan qarşılıqlı etimad və siyasi iradə sayəsində Azərbaycan və ABŞ arasında yeni bir əməkdaşlıq dövrü başlayıb. Səfər zamanı həyata keçirilən danışıqlar nəticəsində "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu" imzalanıb. Bu sənəd iki ölkə arasında strateji əməkdaşlığın yeni səviyyəyə qaldırılması və uzunmüddətli perspektivə əsaslanan tərəfdaşlığın formalaşması üçün mühüm zəmin yaradır. Qeyd edək ki, Anlaşma Memorandumu enerji, təhlükəsizlik, ticarət, müdafiə, təhsil və digər sahələrdə əməkdaşlığı dərinləşdirməklə yanaşı, həmçinin regional sabitliyin təmin olunması və qarşılıqlı maraqların qorunması baxımından böyük əhəmiyyət daşıyır. Səfər, həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır. Bundan başqa, Azərbaycan Prezidentinin ABŞ-a səfəri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Azərbaycan-ABŞ əlaqələrinin dərinləşməsi baxımından mühüm nəticələrlə yadda qalıb. Səfər zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin üçtərəfli sammiti keçirilib, burada ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzalayıblar. Həmçinin, iki ölkənin xarici işlər nazirləri arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Saziş layihəsi paraflanıb və ATƏT-in Minsk qrupu ilə bağlı strukturun ləğvi üçün birgə müraciət ünvanlanıb. Birgə Bəyannamədə regionda nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması xüsusi vurğulanıb. Bu məqsədlə ABŞ tərəfindən Ermənistan ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsi həyata keçiriləcək. Eyni zamanda, səfər çərçivəsində SOCAR və "ExxonMobil" şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb ki, bu da ölkəmizdə enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə yönəlib. Ümumilikdə, bu səfər Azərbaycan-ABŞ və Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılması və regionda sülh, təhlükəsizlik və əməkdaşlığın güclənməsi baxımından tarixi əhəmiyyət daşıyır.
    Beləliklə, rəsmi Bakı xarici siyasətdə yeni uğurlar silsiləsinə daha bir önəmli nailiyyəti əlavə edib. 2021-ci ildə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi, 2022-ci ildə Rusiya ilə müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannamə, Özbəkistanla müttəfiqlik münasibətləri haqqında müqavilə və bu ilin sonunda Çinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə Birgə Bəyanat Azərbaycanın çoxvektorlu və balanslı siyasi xəttini aydın şəkildə ortaya qoyur. Eyni zamanda, ABŞ-la strateji müttəfiqlik əlaqələrinin yaradılması ölkəmizin beynəlxalq arenada güclü və çevik diplomatik mövqeyə sahib olduğunu göstərir.
    Ən əsası, Ölkəmizin müxtəlif regional və qlobal güclərlə qurduğu bu genişmiqyaslı əməkdaşlıq dövlətin maraqlarını qorumaqla yanaşı, həm də regionda sülh, təhlükəsizlik və iqtisadi inkişafın təmin edilməsinə mühüm töhfə verir.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ