Milli Məclisin deputatı.
Tarazlaşdırılmış xarici siyasətin çoxşaxəliliyinə üstünlük verən Azərbaycan Vətən müharibəsi və antiterror tədbirlərində cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı hərbi-siyasi qələbələrlə suverenliyi, ərazi bütövlüyünü, sərhədlərini toxunulmazlığını, milli maraqları, davamlı inkişafı, əhalinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin güclənməsini ehtiva edən yeni reallıq yaratmışdır. Özünü etibarlı tərəfdaş kimi təsdiq edən, regionun yeni hərbi-siyasi güc mərkəzi rolunu oynayan ölkəmizlə əməkdaşlıq regionda sağlam maraqları olan, o cümlədən maraqlarını sağlamlaşdırmağa hazır olan subyektlər üçün çox önəmlidir. Bu çərçivədə dövlətimizin xarici siyasət kursunun vacib istiqamətlərindən biri Yaxın Şərqlə əlaqələrdir. Rəsmi Bakı hesab edir ki, Azərbaycan Respublikasının Yaxın Şərq dövlətləri ilə münasibətləri də böyük potensiala malikdir və bu mənada, ölkəmiz ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səyləri davam etdirəcək.
Vətən müharibəsi və antiterror tədbirləri ilə Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik konfiqurasiyası, habelə Suriya ətrafında yaranan yeni təhlükəsizlik arxitekturası, Azərbaycanın hərbi-siyasi qələbələri ilə artan lider rolu, şəxsən cənab İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuzu Bakını proseslərə həlledici təsirə malik gücə çevirib.
Məlumdur ki, Əsəd rejiminin təcavüzkar siyasəti səbəbindən Bakı-Dəməşq münasibətləri 10 ildən artıq bir dönəmdə iflic vəziyyətinə düşmüş, Əsəd iqtidarı açıq formada Ermənistanın işğal və təcavüz siyasətinə açıq dəstək vermişdir. Bu mənada, Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar möhtərəm Prezidentimiz məmnunluğunu açıq formada bildirmiş Azərbaycan nümayəndə heyəti qısa müddət ərzində bu ölkəyə göndərilmiş, uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti bərpa edilmişdir.
Bu mənada Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri və Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü Bakı-Dəməşq münasibətlərində yeni və tam fərqli mərhələdir. Görüşdə dövlət başçımızın da qeyd etdiyi kimi, "uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluq olub və Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb".
Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü və müzakirələrin məzmunu da deməyə əsas verirdi ki, Suriyada Əsəd rejiminin devrilməsindən Bakı məmnun qalıb.
Əhməd Əl Şaraa da istər Türkiyədəki görüşdə, istərsə də Bakıya səfəri zamanı ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Dövlət başçılarının geniş tərkibdə görüşündə də ifadə olunduğu kimi, Suriya hazırda ciddi enerji problemi ilə üzləşib və Azərbaycan isə Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarındadır. Bu baxımdan, artıq Türkiyə ərazisindən Suriyaya qaz ixracı həyata keçirilir. Göründüyü kimi, bir sıra Avropa ölkələri ilə yanaşı Azərbaycan Suriyanın da enerji təhlükəsizliyinə töhfə verərək dolayısı ilə milli təhlükəsizliyində rol alır. Lakin Bakı Suriya siyasətində bununla kifayətlənmək niyyətində deyil. Liderlərin görüşündə də qeyd olunduğu kimi, Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq, o cümlədən suriyalı tələbələrə təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər gündəmdədir. Habelə Azərbaycan Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində həm tək, həm də Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatında iştirak etməyə hazırdır.
Əsas diqqətçəkən amillərdən biri Azərbaycan qazının Suriyaya nəqli ilə bağlıdır. Dövlətimizin bu qədər çevik reaksiya qabiliyyətinə malik olması, bütün kontekstlərdə hazırlıqlı davranaraq situasiyanı milli maraqlar üçün faydalı gedişə çevirməsi ilk növbədə həyata keçirilən daxili və xarici siyasətin uğur əmsalının göstəricisi kimi şərh edilə bilər. Eyni zamanda cənab İlham Əliyevin aydın və korrekt inkişaf ssenarisi və uğurlu enerji diplomatiyası dövlətimizin daha bir ölkənin-mürəkkəb coğrafiyanın taleyində önəmli rol almasına imkan yaratması kontekstində şərh edilməlidir.
