Milli Məclisin deputatı
Azərbaycan Yaxın Şərqdə nizamlanma prosesində, sabitlik və inkişafa nail olunmasında və yenidən quruculuq işlərində yaxından rol oynayır. Azərbaycan və Suriya arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən dövrlərdə Antaliyada keçirilən forum zamanı ölkə başçıları görüşüb və bu görüş ikitərəfli münasibətlərin möhkəmlənməsinə zəmin yaratmışdır.
Suriyada hakimiyyət dəyişikliyindən sonra iki ölkə arasında təmaslar yenidən qurulmuş və Azərbaycan Suriyaya dəstəyini bəyan edən ilk dövlətlərdən biri olmuşdur. Azərbaycan Suriyaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub. Bu dəstək Azərbaycanın Yaxın Şərq regionunda fəal və etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir.
Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Suriyanın münaqişədən sonrakı bərpa və quruculuq prosesinə töhfə verməyə hazır olduğunu bəyan etmişdir. Türkiyə ilə birgə bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan, Suriyanın inkişafına dəstək olmaq məqsədilə konkret addımlar atır. Prezidentin tapşırığı ilə nümayəndə heyəti Suriyada səfərdə olmuş və bu ölkənin bərpa prosesinə Azərbaycanın hansı töhfələr verə biləcəyini araşdırmışdır.
Azərbaycan-Suriya əlaqələri Azərbaycanın Yaxın Şərq siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan Avropa və Mərkəzi Asiya ilə yanaşı, Yaxın Şərqdə də fəal və etibarlı tərəfdaş kimi tanınır. Ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycan qlobal xarici siyasət konsepsiyasına keçərək müxtəlif istiqamətlərdə fəal siyasət yürütməyə başlamışdır. Prezidentin şəxsi nüfuzu Azərbaycana yeni tərəfdaşlıq modelləri və imkanlar qazandırmışdır.
Azərbaycanın Suriya ilə bağlı sülh proseslərindəki rolu da diqqət çəkir. Azərbaycan Suriya ilə İsrail, eləcə də Türkiyə ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında uğurlu vasitəçilik edərək, bir platforma kimi mühüm rol oynamışdır. Bu, Azərbaycanın regionda sülh və sabitliyə verdiyi dəyəri bir daha göstərir.
Azərbaycan-Suriya əlaqələrinin yeni istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan bu günə qədər 12 ölkəyə təbii qaz ixrac edirdi, əsasən Avropa bazarına. Lakin Yaxın Şərq regionu Azərbaycan qazı üçün yeni coğrafiya kimi formalaşır. Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib, Suriyanı İordaniya ilə birləşdirən kəmərin bərpası isə Azərbaycan qazının Misirə qədər çatdırılması perspektivini açır. Bununla da, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatır.
Azərbaycanın Suriyanın bərpa-quruculuq prosesinə dəstəyi, enerji sahəsində əməkdaşlıq və regionda sülhün təmin olunmasına verdiyi töhfələr iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcək.
