Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Ermənistanın Baş naziri Nikol Paşinyanın “Zəngəzur dəhlizinin idarə olunması Ermənistanın mülkiyyəti çərçivəsində mümkündür” açıqlamasını şərh edərkən dedi.
“Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılması məsələsində isə bir növ müvəqqəti güzəşt edərək bu məsələnin bir qədər sonraya saxlanılmasını qeyd etmişdi. Lakin liderlərin son danışığında bildirilir ki, Zəngəzur dəhlizinin də müzakirəsi aparılıb. Məsələ ciddiləşdikcə digər qlobal qüvvələr də bu dəhliz üzərində öz maraqlarını göstərirlər”, – o vurğuladı.
Millət vəkili qeyd etdi ki, təbii olaraq, burada əsas narahatlıq Ermənistana aiddir:
“Çünki Nikol Paşinyan həm daxili auditoriyanı inandırmalıdır ki, bu məsələ onların suverenliyi çərçivəsində öz həllini tapır, həm Azərbaycan Prezidentinin tələblərini icra etməlidir, həm də beynəlxalq güclərin mövqelərini nəzərə almalıdır. Hələ də Ermənistan ərazisində Rusiya meyilli müxalif qüvvələr mövcuddur və bu mənada Paşinyana qarşı təzyiqlər artır. Hazırda Rusiyanın da, İranın da bu məsələdə maraqları var. Paşinyanın dediyinə görə, Çinin də öz maraqları mövcuddur. Azərbaycan üçün əsas məsələ problemsiz Zəngəzur dəhlizindən keçidin təmin olunmasıdır. Bu, Azərbaycan tərəfinin istək və tələbidir. Yaxın gələcəkdə bu məsələnin öz həllini tapacağı gözlənilir”.
