Milli Məclisin deputatı.
Ötən əsrdə Azərbaycanda Sovet hakimiyyətinin qurulması və 1922-1991-ci illəri əhatə edən 70 il ərzində Azərbaycanın Sovet dövləti çərçivəsində yaşaması bir sıra problemlərlə yanaşı, eyni zamanda Ulu Öndər Heydər Əliyevin özünün də ifadə etdiyi kimi, ölkədə çox zəngin iqtisadi və intellektual potensialın formalaşması ilə müşayiət olunmuşdu. Sovetləşmənin ilk 10 ilində neft sənayesində böyük yüksəliş əldə edilmiş, sənayenin yeni sahələri yaranmış, elektrik stansiyaları tikilmiş, suvarma kanalları çəkilmiş, kənd təsərrüfatı, sözün əsl mənasında, dirçəlmişdi.
Xüsusən 60-cı illərin əvvəllərində sənaye sahələrinin və sosial sferanın potensialının gücləndirilməsi işində əldən verilmiş imkanlar respublikanın sosial-iqtisadi cəhətdən geri qalmasının başlıca səbəbləri kimi çıxış etmişdir. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi özünün potensialının çox az hissəsini büruzə verir, fasilələrlə işləyir, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri ağlasığmaz statistika ilə pisləşirdi. Kənd təsərrüfatında, o cümlədən meliorasiya işində nöqsanlar məhsuldarlığı SSRİ səviyyəsində ən aşağı göstəricilərə endirmiş, istehsal qüvvələrinin yerləşdirilməsi işində formal yanaşmalar bağışlanmaz səhvlərə yol açmışdı. Bakı, Sumqayıt kimi iri sənaye şəhərlərində müşahidə olunan acınacaqlı durum fonunda regionlarda faktiki olaraq sənayeləşmənin dayanması, əmək ehtiyatlarından səmərəli istifadə olunmaması vəziyyəti daha da ağırlaşdırırdı. Ulu Öndərin də ifadə etdiyi kimi "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi". Bu situasiya, eyni zamanda hər zaman fürsət güdən erməni separatizmi üçün münbit şəraitə çevrilmiş, artıq 60-cı illərdə mərkəzə tabesizlik elementləri, aksiya və hətta qiyam cəhdləri müşahidə olunmağa başlamışdı.
1958-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi olmuş polkovnik Heydər Əliyevin ilk milli kadr kimi 1965-ci ildə Komitənin sədr müavini, 1967-ci ildə isə ilk milli təhlükəsizlik orqanları generalı kimi DTK-nın sədri vəzifəsinə təyin olunması Qarabağda və Qərbi Azərbaycanda separatizm ocaqlarının söndürülməsi, milli ziyalıların repressiyalardan xilas olması, güc strukturlarında milli kadrların yerləşməsi kimi bir sıra proseslərdə təsirli rol oynasa da, bütövlükdə ölkədəki sosial-iqtisadi durum ağır olaraq qalmaqda idi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı general-mayor Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi məhz bu acınacaqlı gedişata son qoymaqla Azərbaycanın müasir inkişaf tarixində dönüş oldu. Plenumda o dövr üçün ənənəvi olmayan cəsarətli çıxışının ardınca dahi liderin xalqa müraciətində də dediyi kimi: "Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 1970-ci illərin bariz əlamətinə çevrildi". Dahi liderin qətiyyəti ilə SSRİ hökuməti tərəfindən Azərbaycan xalqı üçün, həqiqətən, tarixi əhəmiyyət daşıyan və 1970-1980-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə yol xəritəsi müəyyənləşdirmiş və respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul edildi. Beləliklə, məhz Azərbaycan KP MK-nın birinci katibinin şəxsi təşəbbüslərinə əsaslanan dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə 1969-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil oldu. Sənaye və kənd təsərrüfatında dinamik istehsal, bütün sahələrdə keyfiyyət göstəricilərinin yüksəlməsi ilə Sovet İttifaqının xarici iqtisadi əlaqələrində Azərbaycanın iştirakı əhəmiyyətli dərəcədə artmışdı.
Ulu Öndər Heydər Əliyev Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində demişdir: "Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır".
1969 -cu ilin 14 iyulunda Ümummilli Liderin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycan geri qalmış ucqar respublikadan SSRİ-nin iqtisadi flaqmanına çevrilməklə yanaşı, ölkədə həm də mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründə Azərbaycana müstəqil davranmaq imkanı verdi.
Ermənistan dövləti yaranandan, yəni 1918-ci ildən onların Azərbaycana ərazi iddiaları olub və 1969-cu ilə qədər bu iddialarını hissə-hissə uğurla realizə ediblər. Hətta 60-cı illərin ortalarında sosial-məişət zəminini bəhanə edib yuxarıda da qeyd etdiyimiz kimi, Qarabağda qiyam da qaldırmışdılar və Qarabağın Ermənistana birləşdirilməsi hələ o zaman labüd idi. Məhz Heydər Əliyevin simasında Azərbaycanda güclü və milli iradənin hakimiyyətə gəlməsi bu prosesə nöqtə qoydu. 1969-cu ildən 1987-ci ilə qədər Qarabağda kimsə baş qaldıra bildimi? Amma 1987-ci ildə Ulu Öndərin istefasından iki həftə keçməmiş ovaxtkı "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistanın tərkibinə verilməsi məsələsini qaldırdılar. Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Çünki cənab İlham Əliyevin 10 mayda Şuşadan bəyan etdiyi kimi, "Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu".
Ümumiyyətlə, tarixdən bəllidir ki, Sovet hakimiyyətinin ilk dövrlərində bolşeviklər kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkirdilər. İnanclar, ənənələr, hətta milli musiqi belə keçmişin qalığı hesab olunurdu. Nə qədər qəribə olsa da, SSRİ süquta uğrayandan sonra bu düşüncə vandalizmi Azərbaycanda yenidən baş qaldırdı. Bolşeviklərin muzdurlar şurasından fərqli olmayan AXC-Müsavat cütlüyü Sovetlərə bağlı nə varsa, hər şeyə nifrət aşılamağa, hətta İkinci Dünya müharibəsi iştirakçılarını belə xainlikdə suçlamağa başladılar. Bunun bir səbəbi var idi, Heydər Əliyevə olan kin və düşmənçilik. Hakimiyyəti zəbt etmiş quldurlar yaxşı bilirdilər ki, Azərbaycan xalqı Heydər Əliyev kimi bir dahini qoyub bunlara üz tutmayacaq. Ona görə də Heydər Əliyevi SSRİ və DTK ilə assosiasiya edərək gözdən salmaq istəyirdilər. Amma xalq bilirdi ki, Heydər Əliyev şərəfli general kimi DTK sədri olanda da, Azərbaycana rəhbərlik edəndə də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda da həmişə milli olub. Əks halda 1988-1989-cu ildə "meydan hərəkatı"nda olanlardan çox Heydər Əliyev məhrumiyyətlərə məruz qalmazdı.
Lakin heç bir amil xalqın iradəsindən daha təsirli ola bilməz və xalqın israrlı tələbi ilə Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya böyük qayıdışı ölkənin və ümumilikdə bölgənin həyatında yeni bir başlanğıc oldu, Heydər Əliyevin Bakıya qayıtması hər kəs üçün qurtuluş oldu. Azərbaycan xalqı vətəndaş müharibəsindən - qardaş qırğınından, Azərbaycan dövlətçiliyi isə öz tarixinin utanc dövründən - dövlətimiz müstəqilliyini itirərək parçalanmaqdan, hakimiyyət boşluğu, milli sərvətlərinin cinayətkarcasına talanması və xaosdan xilas oldu. Hətta bu qayıdış öz xəyanətkar və qorxaq mahiyyəti ilə bütün faciələrin təməlində dayanan, bütün potensialını Heydər Əliyevlə mübarizəyə, onun 18 il ərzində formalaşdırdığı milli müstəqillik üçün təməl rolu oynayan potensialı dağıtmağa sərf etmiş cinayətkar AXC-Müsavat funksionerləri üçün belə nicat oldu.
Heç nə milli iradədən daha üstün ola bilməz və Azərbaycan xalqı qətiyyətlə Heydər Əliyev dedi ki, bu da qurtuluş olmaqla yanaşı, həm də inkişaf və tərəqqi üçün zəmin yarandı. Heç şübhəsiz ki, böyük Zəfərə gedən yol da məhz o gündən başladı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə qayıtması yalnız bizim ölkə üçün yox, bütövlükdə yerləşdiyimiz mürəkkəb geosiyasi məkan üçün tarixi dönüş anı hesab edilməlidir. Xüsusən hazırkı postmünaqişə dövründə Qafqazda vahid təhlükəsizlik ideyasından danışarkən istinad oluna bilinəcək təməl prinsiplər məhz Heydər Əliyev ideologiyasının tezisləridir. Ümumiyyətlə, ötən bir əsrlik dövr göstərir ki, Qafqazda müstəqilliyi qoruyub saxlamaq əldə etməkdən qat-qat çətindir. Cənubi Qafqazın bütün dövlətləri kimi biz də ilk müstəqilliyimizi tarixi proseslərin təbii gedişatında əldə etmişik. Yəni çar imperiyası dağılıb və digər dövlətlər kimi bizi də ilk cümhuriyyətimizi elan etmişik. Lakin o zaman birinci müstəqilliyimizi nəinki qoruya bilmədik, üstəlik həmin dövrdə istiqlaliyyəti qorumaq cəhdləri böyük ərazi itkiləri ilə nəticələndi. Qərbi Zəngəzur və Göyçəni itirdik. İkinci müstəqillik dövründə isə "demokratiya" adı altında hakimiyyəti zəbt etmiş səbatsız qüvvələr Qarabağı və Şərqi Zəngəzuru itirdilər.
Həmçinin tarixin təkərrürü təhlükəsi ortaya çıxdı. Daha dəqiq desək, 1993-cü ildə də 1920-ci ildə olduğu kimi müstəqillik də əldən getmək üzrə idi ki, məhz Heydər Əliyev şəxsiyyəti həmin dövrdə istiqlalımızın qarantına çevrildi. Əvvəldə də qeyd etdiyimiz kimi, 1993-cü ildə Azərbaycan xalqı üçün Heydər Əliyev şəxsiyyəti yeni fenomen deyildi, artıq bir dəfə xalqımızın taleyində həlledici rol oynamışdı, Azərbaycan xalqına aydın idi, yalnız Heydər Əliyev yaranmış situasiyanı lehimizə çevirə bilər. Təsadüfi deyil ki, Naxçıvanda dahi Liderə müraciətlərin məzmununda "xalqı bu bəladan qurtarmaq" xahişləri və hətta təkidli tələbləri əks olunurdu. İnsanlar Heydər Əliyevə ilk və son ümid yeri kimi baxırdılar. Bunun da bir çox sadə səbəbləri var idi.
Birincisi, Heydər Əliyevin bundan öncə Azərbaycana 13 illik rəhbərlik təcrübəsi var idi. Hansı ki, Sovet sistemində Azərbaycan ən ali inkişaf dövrünü məhz bu 13 illik dövrdə yaşamışelə ikinci müstəqilliyinin təməlini də o zaman qoymuşdu. Sovet sisteminin tərkibində ola-ola milli hərbçi kadrların hazırlanması, bir ali, bir orta hərbi ixtisas məktəbinin formalaşdırılması başqa cür izah oluna bilməzdi. Eyni zamanda Qarabağda erməni separatizmi baş qaldıranda və 20 Yanvar hadisələrində birbaşa Moskvadan həyatını riskə atıb Sovet sisteminə ilk etiraz edən rəsmi şəxs, o cümlədən də Azərbaycana qayıdıb Naxçıvana rəhbərlik etdiyi dövrdə ilk dəfə üçrəngli bayrağımızı dövlət müəssisələrində dalğalandıran məhz Ulu Öndər olmuşdu. 1991-ci ildə Heydər Əliyev Naxçıvanda üçrəngli bayrağı dalğalandırdıqda xalq görürdü ki, Bakıda hakimiyyət də, meydandakılar da konkret addım atmır. Hətta İttifaq ölkələri bir-birinin ardınca müstəqilliyini elan etsələr də, Bakıdakı "demokratlar" SSRİ-dən çıxıb-çıxmamaq barədə qərarsız qalmışdılar. Bakıda müstəqillik məsələsini referenduma çıxarmaq kimi utancverici bir qərar alındığı halda Heydər Əliyev tarixi cəsarət göstərib bu ideyanı, ümumiyyətlə, rədd etdi və Naxçıvanda ümumxalq səsverməsi keçirilməsinə imkan vermədi.
Məhz bu qətiyyət xalqa kimin kim olduğunu bir daha göstərdi. Ölkənin üzərini almış vətəndaş müharibəsindən, dövləti parçalanmaqdan xilas edə biləcək yeganə gücün məhz Heydər Əliyev olması heç kimdə, hətta ilk gündən Heydər Əliyevə düşmən mövqe sərgiləyən AXC-Müsavat cütlüyündə, o cümlədən o zamankı prezidentdə də şübhə doğurmurdu. Reallıqda da aydın idi ki, Bakıda o zamankı rəhbərliyin nəinki dövləti idarə etməyə, ümumiyyətlə, heç özlərini idarə etməyə səriştələri yox idi. Dövlətdə cəzasızlıq şəraitində cəngəllik qaydaları hökm sürürdü. Belə bir şəraitdə, uşaqdan böyüyə hər kəsə aydın idi ki, bütün bəlaların, o cümlədən işğalın, vətəndaş müharibəsinin, daxili parçalanmanın kökündə məhz bu səbatsızlıq və bu yarıtmazlıq dayanırdı.
Dəhşətlisi odur ki, bu cinayətlər yalnız qardaş qırğınında ehtiva olunmurdu. Qarşıdurma hakimiyyət böhranına gətirib çıxarmış, orduda nizam-intizam xeyli zəifləmiş, nəticədə Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, ciddi itkilər verilmiş, strateji mövqelər itirilmiş və bu rayonların işğalı labüdləşmişdi. Dövlətin kadr siyasətinin Azərbaycan Xalq Cəbhəsinin olmayan potensialına söykənməsi, bir qayda olaraq ancaq populist və başıpozuq, özü barədə əsassız yüksək qənaətdə olan "meydan yetişdirmələri"nin irəli çəkilməsi, şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə vəzifələrə təyinat idarəçiliyi daha da böhrana sürükləyirdi. Ulu Öndərin özünün dediyi kimi, "qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirilmiş, Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu". Bir sözlə, yaşanan proseslərin, o cümlədən Gəncə hadisələrinin timsalında o dövrün getdikcə mürəkkəbləşən ağır situasiyası o zamankı hakimiyyətin səbatsız siyasətinin nəticəsi və məntiqi yekunu idi. Belə bir vəziyyətdə nəinki xalqın, eyni zamanda xəyanətkar və qorxaq AXC-Müsavat cütlüyünün özünün də yeganə ümidi Heydər Əliyevə qalmışdı.
Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya gəlişi bizi ilk növbədə məhz bu zehniyyətdən qurtardı. Heydər Əliyev hakimiyyətə gəldikdən bir il keçməmiş artıq ordu quruldu, əks hücumla Cəbrayılın, Füzulinin bəzi kəndləri, Horadiz qəsəbəsi düşməndən azad olundu, Ermənistan o zaman bizim çox ehtiyacımız olan atəşkəsə məcbur edildi. Xalqı vahid amal uğrunda birləşdirdi, xaricdən maliyyə və silah dəstəyi alıb parçalanmaya rəvac verən ünsürləri zərərsizləşdirdi. Vahid, güclü, mərkəzləşdirilmiş dövlət yaratdı, siyasi və iqtisadi müstəqillik üçün zəmin olan beynəlxalq müqavilələr imzaladı.
Dahi Lider xalqın təkidi ilə, milli iradəyə uyğun olaraq Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdarkən, özünün haqq və hüquq tərəfdarı olduğunu bir daha göstərdi. Azərbaycanın sosialist və totalitar rejimindən müasir insan haqları və müasir dövlətçilik prinsiplərinin ehtiva olunduğu bir formasiyaya keçidi məhz dahi Liderin hüquq tezisləri və hüquq təfəkkürü əsasında baş tutdu. Bu çox çətin və mürəkkəb prosesdə dahi Lider hüququn aliliyini, qanunçuluğu, bərabərliyi, ədalət və humanizmliyi, konstitusionalizm ideologiyasını rəhbər tutaraq Azərbaycan dövlətçiliyinin müasir tendesiyalarını və inkişaf yolunu müəyyən etdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər şeydən öncə layiqli vətəndaş idi. O öz nümunəsində dəfələrlə göstərmişdi ki, layiqli vətəndaş olmaq, vətənə, dövlətə xidmət etmək üçün vəzifə və səlahiyyət ikinci dərəcəli meyardır. Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən böyük cinayətlərdən biri olan 20 Yanvar dahi Lider Azərbaycanın haqq səsinin dünyaya çatırılmasında, eləcə də Azərbaycanın dövlətçilik təfəkkürünün yenidən oyanmasında müstəsna rol oynadı.
Ulu Öndər vətənini, xalqını çox sevən, dövlətinə, dövlətçiliyinə çox bağlı olan böyük siyasi xadim olmaqla yanaşı, həm də qurucu Lider idi. Bilirsiniz ki, zamanla ayrı-ayrı beynəlxalq təcrübədə biz böyük siyasi liderlərin adını çəkərkən, onların fəaliyyət yoluna nəzər salarkən, adətən hazır, oturuşmuş sistemə rəhbərlik etdiklərinin şahidi oluruq. Biz çoxsaylı nümunələr göstərə bilərik ki, onlar özlərindən əvvəl qurulmuş və artıq beynəlxalq cameədə öz yerini tutmuş dövlətlərə rəhbərlik edib, həmin dövlətlərin müəyyən inkişaf səviyyəsinə nail olublar. Lakin Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayarkən istər sovet dövründə, istər ikinci dəfə hakimiyyətə gələrkən ölkə, demək olar ki, dövlətçilik atributlarını itirmək ərəfəsində idi. 1933-cü il Montevideo Konvensiyası ilə dövlətin əlamətləri müəyyən edilib. Bu əlamətlər hansılardır? - ərazi, əhali, hakimiyyət və digər dövlətlərlə qarşılıqlı suveren əlaqələr. Xüsusən Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra, təbii ki, bu, formal müstəqillik idi. Azərbaycan artıq, demək olar ki, həmin əlamətlərin, atributların hamısından məhrum olmuşdu və yaxud olmaq üzrə idi. Heydər Əliyev məhz belə bir şəraitdə hakimiyyətə gələrək qurucu Lider olduğunu göstərib müasir Azərbaycan dövlətini inşa etdi.
Heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri müasir, qüdrətli, müstəqil Azərbaycan dövlətidir. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında daha böyük xidməti Onun Azərbaycan dövlətçiliyinin, eyni zamanda Azərbaycanda başlanan böyük uğurlu yolun davamlılığının təmin olunmasıdır. Bilirsiniz ki, dünya tarixində böyük şəxsiyyətlər çox olub, lakin onların ideyaları, əsasını qoyduğu yüksəliş xətti davam etmədiyi üçün həmin dövlətin uğurları, yüksəlişi də həmin şəxslərlə bərabər tarixə qovuşub. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti bu yolun davamlılığının təmin olunmasıdır. Azərbaycan xalqının da bəxti onda gətirdi ki, Heydər Əliyev ideyaları özündən sonra daha müasir və daha mütərəqqi formada, cənab İlham Əliyevin timsalında davam etdi. Məhz Ulu Öndərin layiqli davamçısı, böyük dövlət xadimi cənab İlham Əliyevin hakimiyyətə gəlişi, Heydər Əliyevin Azərbaycan xalqına özünə güvəndiyi qədər güvənməsi barədə çağırışından sonra başlanan uğurlu yol Heydər Əliyev siyasi məfkurəsini nəinki davam etdirdi, bütövlükdə Azərbaycan özünün dahi Liderin qoyduğu xətt üzrə yeni inkişaf konsepsiyasına qədəm qoydu. Bu gün artıq Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyən, qüdrətli, diktə edən, bölgədə yeni status-kvo yaradan beynəlxalq subyektdir və Azərbaycanın iradəsi artıq beynəlxalq müstəvidə hesablaşılan iradədir.
Qarabağ məsələsi Ulu Öndərin nisgili idi, hətta son müraciətində də ifadə edirdi ki, "xaos və anarxiya dövründə yaranmış bu problemi hələ də həll edə bilməmişik". Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, "xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı". Amma o zaman Xalq Cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə, populist meydan əhvali-ruhiyyəsinə üstünlük vermişdi. Baxmayaraq ki, Ulu Öndərin dediyi kimi: "Bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi". Və cənab İlham Əliyev də sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir, həm də layiq! Sadəcə idarəçilik milli düşüncədə, əldə olmalıdır. Lakin Ulu Öndərin layiqli varisi və Heydər Əliyev siyasi kursunu keyfiyyətcə yeni mərhələyə daşıyan cənab İlham Əliyev prosesə konseptual yanaşdı. Güclü iqtisadiyyat qurub, iqtisadi suverenliyimizi təmin etdi. Çadır şəhərciklərini ləğv edərək vətəndaşın layiqli rifahını, müstəqilliyimizin davamlılığını təmin etdi, düşüncələri "paladka" təfəkküründən xilas edib, 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi.
Böyük zəfərlərimizə qədər cənab İlham Əliyev həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, vətənpərvər gənclik yetişdirdi. 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan zirvəyə ucaldı. Zəfərdən cəmi 8 gün sonra özünün ən sadiq silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş bölgələrə səfər edən cənab İlham Əliyev tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi. Heydər Əliyev ideologiyasının, İlham Əliyev şəxsiyyətinin simasında bu gün Azərbaycan torpaq itirən dövlətdən işğala, təcavüzə son qoyan və bölgədə diktə edən müzəffər gücə çevrilmiş, milli həmrəyliyimiz möhkəmlənmişdir.
Xüsusən 44 günlük müharibədən və antiterror tədbirlərindən sonra yaranan yeni reallıqda cənab İlham Əliyevin rəhbərliyi ilə vahid azərbaycançılıq ideyası və milli maraqlar rəhbər tutularaq ölkənin tərəqqisi naminə həlledici addımlar atılmaqda, eyni zamanda Türk dünyasının birliyi yolunda ciddi və təsirli nəticələrə nail olunmaqdadır. Bütün yaşananlar, əldə olunan müstəsna nəticələr göstərir ki, Azərbaycan üçün ən doğrusu məhz Heydər Əliyev siyasi kursunun davamlılığıdır. Bunun üçün isə Ulu Öndərin irsini dərindən öyrənmək zərurətdir. 20 il əvvəl Ulu Öndər irsini yaşadan, öyrənən və öyrədən Heydər Əliyev Fondunu da məhz bu zərurətlər meydana çıxardı. Əminliklə deyə bilərik ki, Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin arzuladığı dövlət quruculuğunda nəinki aktiv rol almağı bacardı, hətta bir sıra istiqamətlərdə, o cümlədən sosial-mədəni və humanitar sahələrin inkişafında, azərbaycançılıq ideologiyasının və milli həmrəyliyin güclənməsində aparıcı mövqe tutdu. Vətən müharibəsində arxa cəbhənin mənəvi və bir çox hallarda maddi yükü Mehriban xanımın və rəhbərlik etdiyi Fondun üzərinə düşdü.
Bu gün, böyük şəxsiyyət, Azərbaycan xalqının xilaskarı və Ulu Öndəri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümündə artıq əminliklə deyə bilirik ki, Ümummilli Liderin hər bir sağlam təfəkkürlü azərbaycanlının qəlbində yaşayan irsi bizim taleyimizdir. Çox xoşbəxt xalqıq ki, Ulu Öndərin siyasi kursu cənab İlham Əliyevlə özünün tam yeni mərhələsinə qədəm qoyub və bu gün qərəzsiz və səmimiyyətlə düşünən hər bir azərbaycanlı yaxşı başa düşür ki, Heydər Əliyev milli özünüdərkdir, Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir. Heydər Əliyevin davam edən yolu, siyasi xətti müstəqilliyin, suverenliyin, inkişaf və tərəqqinin yeganə qarantıdır. Tarix özü ən azı iki dəfə göstərib ki, Azərbaycan dövləti yalnız Heydər Əliyev yolunda yürüdükcə var olur, güclənir. Hər kəs arxayın ola bilər ki, Heydər Əliyevlə başlanan və bizi tarixin heç bir dövründə olmadığı qədər güclü edən bu yol birmənalı şəkildə Heydər Əliyev ideologiyası ilə də davam edəcək. Çünki məhz cənab İlham Əliyevin sayəsində Azərbaycan tarixinin bütün dövrlərindən daha müstəqildir, tam suverendir və ərazi bütövlüyünü təmin edə bilib.
Bu gün artıq yeni hədəfləri olan Azərbaycan var, müzəffər liderin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Sərəncamında da ifadə olunduğu kimi, Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
