Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor
Əgər ilin son günlərində Qroznıya gedən sərnişin təyyarəmiz vurulmasaydı, məlum hadisələr baş verməsəydi, bayramlarımızı daha ürəklə keçirər, daha yaxşı dəyərləndirərdik. Əfsuslar olsun ki, bu hadisə baş verdi, millət, xalq, hər kəs dövlətin ətrafında birləşdi, bir yerdə qəmləndik, bir yerdə ağladıq, amma özümüzü itirmədik. Ona görə ki, möhtərəm cənab Prezidentin şəxsində bu millətin sahibi və yiyəsi var. Təkrara ehtiyac yox, dövlət bu istiqamətdə hər şey etdi, rəhmətə gedəni son mənzilə yola saldı, qəhrəman pilotlarımızın, təyyarə bələdçisinin dəfnində hörmətli Mehriban xanımla bir yerdə cənab Prezident iştirak etdi, sonra Azərbaycan televiziyasına müsahibə verdi, hamını yerinə oturtdu, çox qətiyyətli, qorxmaz, dünya siyasətinin hər gedişənə hazır olan və ölkə insanının bütün istəklərini reallaşdırmağı üstün tutan Prezidentimiz var.
Həyat davam edir, bu günlərin acısı ilə yanaşı şirinlikləri də var. Biz güclü millətik, güclü dövlətik, ən qısa müddətdə ölkənin suverenliyini bərpa edən millət və dövlətik. Bu məsələləri reallaşdırmaq istəyən, xalqından güc alan Prezidentimiz var.
Dünya ikili - üçlü standartlarla işləyir. Ermənidən sülh göyərçini düzəltmək istəyənlər yanılırlar, erməni vəhşiliklərini görmək istəyənlər Ağdama baxsınlar. Amma bizi belə şeylər sındıra bilməz, bircə dəfə gəlib Ağdamı görmək kifayətdir. Bu gün Qarabağ nəhəng tikinti meydançasını xatırladır, ürəklə iş gedir. Möhtəşəm qayıdış davam edir. Yeni ildə Qarabağı daha yaxşı görmək ümidi ilə…
