Sizin reklam burada
Sizin reklam burada
  • Tarixi zərurətdən yaranan Partiya

    Pərvin Rəhimli,
    YAP Göygöl rayon təşkilatı üzrə Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyi ərazi partiya təşkilatının sədri

    Hər bir siyasi partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir.
    Ulu Öndər Heydər Əliyevin ərsəyə gətirdiyi Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə tarixi zərurətdən yaranaraq, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdə davam edir.
    Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin özü tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”. Həmin vaxt hakimiyyətdə olan AXC- Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.
    Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında diqqəti “91-lər”in Ulu Öndərə müraciətinə yönəldərək onların fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.
    Bəli, bu gün 32 il şərəfli yol keçən, qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. Yeni Azərbaycan Partiyası yarandıqdan az bir vaxt keçdikdən sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi kimi aydın vəzifələr müəyyənləşdirdi. Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirən partiya Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisəsi – 44 günlük Vətən müharibəsində üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi, düşmən üzərində Möhtəşəm Zəfərə nail olduq.
    Tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Bu uğurlu yol Azərbaycanı bütün sahələrdə gücləndirdi, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yarandı, güclü ordumuz formalaşdı, gənclərimiz milli ruhda tərbiyə olundu, onlarda torpaq, Vətən sevgisi daha da artdı və 27 sentyabr 2020-ci il tarixdə «artıq yetər» deyib torpaqlarımızı işğaldan azad etdik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev adını tarixə qalib Sərkərdə, torpaqlarımızın xilaskarı kimi yazdı.
    Əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik şərəfli tarixi yol uğurla davam edəcək və partiyamız ölkəmizin qüdrətinin artırılmasında öz dəst-xətti, imzası ilə yeni-yeni töhfələr verəcək.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ