Bu fikirləri Milli Məclisin iyunun 25-də keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsində çıxış edərkən deputat Emin Hacıyev səsləndirib. O, əlavə edib ki, biz müsbət dəyərləri, xalqımızın sağlam ənənələrini saxlamaqla yanaşı, müasir dövrün çağırışları ilə uyğun gəlməyən ənənələrdən də xilas olmalıyıq:
"Etiraf edək ki, bəzən buna cəmiyyətin özü nail ola bilmir, belə olanda dövlətin təsir gücündən, hüquqi tənzimləmələrdən bir alət kimi istifadə olunmalıdır. Hesab edirəm ki, təqdim olunan bu qanun layihəsi məhz belə missiyanı yerinə yetirir. Bununla belə, qanunun tətbiqində yarana biləcək bəzi məqamlar da diqqətə alınmalı və önləyici tədbirlər görülməlidir. Çoxəsrlik adət-ənənənin qanunvericilikə tənzimlənməsi yəqin ki, ilk illərdə müəyyən çətinliklərə səbəb olacaq. Elə isə suallar yaranır. Qeyri-rəsmi belə nikahlardan uşaqlar dünyaya gələrsə, bu halda sənədləşmələr necə aparılacaq? Və ya xarici ölkələrdə bu nikahlar bağlanarsa, bu halda bu prosesə necə nəzarət ediləcək? Ata, ana adı, soyadlar fərqli olduğu halda, bunu necə müəyyən etmək mümkün olacaq? Yəni, qanun layihəsinin qəbulu ilə yanaşı, onun icra və nəzarət mexanizmlərinin də dəqiqləşdirilməsinə ehtiyac var. Eyni zamanda paralel olaraq yaxın qohum evliliklərinin doğurduğu problemlər, xəstəliklər, genofondumuza vurduğu fəsadlarla bağlı maarifləndirmə tədbirləri görülməlidir, cəmiyyətimiz bu stereotiplərdən, təhlükələrdən şüurlu şəkildə kənar olmalıdır."- Deputat səsləndirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
