Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O, bildirib ki,
UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edib.
Təsadüfi deyil ki, Azərbaycan bu cür mərama xidmət edən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi məkana çevrilib. Çünki tarixən müxtəlif dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar.
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasət nəticəsində hazırda Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət mövcuddur və heç bir milli, dini ayrı-seçkiliyə yol verilmir:
"Məhz ölkəmizin sivilizasiyalararası dialoqların keçirildiyi baş ünvana çevrilməsi də burada var olan tarixi, coğrafi, mədəni əsaslara dayanır.
Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqama toxunaraq bildirmişdir: “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.
Forumda Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilməsinin önəmindən bəhs Ölkə başçısı cənab İlham Əliyev COP29-un əsas amalı həmrəylik və qarşılıqlı etimada əsaslandığını vurğulayaraq qeyd etmişdir: “Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq”.
Göründüyü kimi, regional güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ümumiyyətlə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir."- Müşfiq Məmmədli deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
